Gözəl Bayramlı – SON SÖZ
Qazax Rayon Məhkəməsində G.Bayramlıya qarşı açılan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Məhkəmənin hökmü ilə Gözəl Bayramlı 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hakim Ağarza Səmədovun sədrliyi ilə keçirilən prosesdə iclasa aidiyyatı olmayan adamların zaldakı oturacaqları tutması narazılıqla qarşılanıb. G.Bayramlı onların zaldan çıxarılmasını istəyib:
“Eybi yox, lazımdırsa, kameralar qoyun, çəksinlər, göstərsinlər, bunların da gəlib burada iştirakına ehtiyac qalmasın”.
G. Bayramlının vəkili Elçin Sadıqov isə əlavə sübutların tələb olunması, əlavə şahidlərin dindirilməsi, videogörüntülərin alınması, gömrük-buraxılış məntəqəsinin işçilərinin əl-barmaq izlərinin götürülməsi, Solmaz Hüseynova, Gültəkin Hacıbəylinin əlavə şahid qismində dindirilməsi, hal şahidi qismində tanınan şəxslərin ölkəyə Gözəl Bayramlıdan sonra daxil olmasının müəyyən edilməsi ilə bağlı vəsatətlərin təmin edilməsini istəyib.
Vəsatətlər təmin olunmayıb. İclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Prokuror çıxış edərək G.Bayramlının cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, dörd il müddətinə azadlıqdan məhrum edilməsini, 12 min pulun müsadirə olunub, dövlət nəfinə keçirilməsini istəyib.
Vəkil Elçin Sadıqov isə müdafiə çıxışında deyib ki, prokurorun sözləri əsassızdır, G.Bayramlı dəfələrlə siyasi fəaliyyətinə görə təqiblərə məruz qalıb, dövlət orqanlarına bu haqda məlumat verib. Tutulmamışdan bir müddət öncə hökumətə yaxın mediada G.Bayramlının Azərbaycana gələrkən pul gətirməsi haqda məqalə dərc olunub:
“Həmin pul çantaya kənar şəxslər – DGK və DSX əməkdaşları tərəfindən qoyulub. Müdafiə elədiyim şəxsin günahsızlığını təsdiqləyən sübut gizlədilib. Müdafiə hüququ istintaqda pozulub. Məhkəmədə şahidlər bir-birinə zidd ifadə verdilər. Hal şahidləri latın qrafikasını bilmədiklərini dedilər. Xahiş edirəm bəraət verilsin”.
Gözəl Bayramlı isə son sözündə deyib ki, siyasi sifarişlə həbs olunub:
“Siyasi partiya fəallarına, vətəndaş cəmiyyətinin nümayəndələrinə, müstəqil mediaya, vəkillərimə təşəkkür edirəm. Sağ olsunlar, həqiqətin yanında oldular. Təəssüf ki, Azərbaycan hakimiyyətinin siyasi sifarişini həyata keçirməklə məşğul olan məhkəmələrdə uğurlu nəticə əldə edə bilmirlər. Bu gün məhkəmə-hüquq sistemi adına qara ləkə olan, siyasi sifariş yerinə yetirən daha bir məhkəmə prosesinə şahidlik edirsiniz. Məni ittiham eləyən tərəf xirtdəyə qədər korrupsiyanın, rüşvətin içində olan, oğru, kriminal, cinayətkar bir rejimdir. İttiham olunan isə bu oğru, avtoritar rejimin cinayətkar mahiyyətini qorxmadan ifşa edən, onun üzünə deyən, daim bu haqda yazan, insanları məlumatlandıran daha bir siyasi fəaldır, daha bir mübarizə insanıdır. Heç nə dəyişməyib.
Dövlət ittihamçısından bundan artıq çıxış gözləmirdim. Bir ölkədə ki, hüquq-məhkəmə sistemi kriminal Azərbaycan hakimiyyətinin əlində cəza mexanizminə çevrilib, mən nə gözləyəcəm?
Mən nədə ittiham olunuram? Törətmədiyim bir əməldə – qaçalmalçılıqda. Guya mən Gürcüstandan Azərbaycana 12 min dollar pul gətirmişəm və bunu gömrükdə bəyan eləməmişəm. Tam absurd məsələdir. Hansı məntiqlə Gürcüstanda izləndiyimi istintaqa bildirəndən, Eynulla Fətullayevin saytında barəmdə yazdıqlarını oxuyandan sonra Azərbaycana pul gətirərdim? Bu absurda heç olmasa, özləri özlərini inandıra bilirlərmi? Yəni tamamilə yalan, böhtandır. Bu ölkədə 160-dan çox siyasi məhbus var. Bu zalda elə insanlar var ki, onlar da siyasi məhbus həyatı yaşayıblar. Hətta elələri var ki, bir neçə dəfə. Bütün dünya da bilir ki, onlar siyasi fəaliyyətlərinə görə həbs olunublar, onların cinayət törətməsini sübut etmək mümkün olmayıb. Bu gün mən də onlardan biriyəm.
Mən 2014-cü ilin oktyabrından dəfələrlə müalicə məqsədilə Gürcüstanda olmuşam. Üç dəfə orada ağır əməliyyat keçirmişəm, daim həkim nəzarətindəyəm. Hər 3-4 aydan bir həkim müayinəsindən keçməliyəm. Azərbaycan səhiyyəsinin durumunu da hamınız bilirsiniz. Azərbaycanın milyonlarla insanı ən adi müayinələrə görə İrana, Türkiyəyə, Gürcüstana və digər xarici ölkələrə getmək məcburiyyətində qalırlar. Bir ölkədə ki, dövlət başçısı, nazirlər müayinə və müalicə üçün xaricə gedirlər, özləri də Azərbaycan səhiyyəsinə etibar eləmirlər. Tam absurd, qondarma ittihamdır. Sonuncu səfərim mayın 24-də olub. Bir gün yarımlıq səfər olub. 24-də səhər gedib, həkim müayinəsindən keçmişəm, qalan müayinələr 25-də keçmişəm. Dərmanlarımı alıb geri qayıdarkən İkinci Şıxlı sərhəd-nəzarət məntəqəsində DSX-nın rəisi, general Elçin Quliyevin qohumları tərəfindən mənim ayaqqabılarım olan sellofan torbaya pul atılıb. Dövlət ittihamçısı deyir ki, guya, özümü müdafiə məqsədilə inkar etmişəm, torbaya pulun atıldığını demişəm. Mənim özümü müdafiə etməyimə ehtiyac yoxdur. Azərbaycan xalqı məni də tanıyır, 48 milyardı ölkədən çıxarıb ofşor zonalara daşıyan dövlət başçısını da, onun ailəsini də. Həmçinin 95 milyardı ölkədən oğurlayan digər məmurları da”.
Hakim onun sözünü kəsərək ittihamın mahiyyəti üzrə danışmasını tələb edib.
Gözəl Bayramlı isə deyib ki, ittihamın mahiyyəti 12 min dollardır. 12 min dollara görə cavabdeh Elçin Quliyevdir. Gəlib cavab verməlidir ki, o pulu haradan alıb atıb onun çantasına:
“Mənə irəli sürülən ittiham siyasidir. Mən o ittihamı qəbul eləmirəm. İlk gündən də qəbul eləməmişəm. Təəssüf ki, siz hakim olaraq, məhkəmədə həqiqətin üzə çıxmasına şərait yaratmadınız. Verdiyimiz bir vəsatət də təmin olunmadı. Bütün bunlar siyasi sifarişin olduğunu göstərmirmi? Siyasi sifarişlə məni həbs etdirənlər, siyasi ittihamı mənə qarşı irəli sürənlər haqqından danışmağımdan niyə narahat olursunuz? Mən siyasi məhbusam, çıxışımın mətni də siyasi olmalıdır. DSX-nın rəisi Elçin Quliyevi çağırın, desin görək, mənim çantama atdıqları 12 min dolları kimdən rüşvət alıb, seyfdə saxlamışdı? Siz niyə maraqlı olmadınız ki, pulun ekspertizası keçirilsin? Niyə mənim əl-barmaq izlərim götürülmədi? Dövlət ittihamçısı bəhanə elədi ki, pulun üzərində başqa adamların da əl izləri ola bilər. Əlbəttə, başqa adamların var, mənim əl izim yoxdur. Hörmətli hakim, siz də bütün bunların araşdırılmasında maraqlı olmadınız. Ona görə də xahiş edirəm, mənim sözümü kəsməyin. Məhkəmədə çıxış eləmək, son sözü demək mənim hüququmdur, heç kim buna müdaxilə edə bilməz.
Azərbaycan hakimiyyəti çox narahatdır. Qazaxda da bu narahatlıq müşahidə olunur. Polisin, rayonun digər güc strukturlarının hərəkətə gətirilməsi də bunu göstərir. Adi bir qaçaqmalçılıq cinayətinə görə hakimiyyətin bu qədər narahatlığı absurd olardı. Hətta məndə məlumat var ki, məni qatarla Bakı İstintaq Təcridxanasından Qazaxa gətirəndə üç dəqiqə dayanılan stansiyalarda belə, polis postu qurulur. Çoxlu sayda polis əməkdaşları cəlb olunur ki, birdən Gözəl xanıma görə aksiya keçirilər. Buradan da görünür ki, həbsim siyasidir. Azərbaycanda 160 nəfərdən çox siyasi məhbus var. Onların bir günahı var – Azərbaycan hakimiyyətini tənqid ediblər, hakimiyyətdən hesab sorublar ki, niyə Azərbaycana gələn neft pullarından sadə camaata bir qara qəpik də çatmadı? Onlar hakimiyyətdən o hesabı sorublar ki, niyə 2005-2015-ci illərdə 95 milyard pul oğurlanaraq, ölkədən çıxarılıb, xarici banklara köçürülüb? Niyə dövlət başçısı və ailəsi ofşor hesablara 48 milyard yerləşdirib?
Niyə müxtəlif korrupsiya layihələrinə, gərəksiz yarışlara milyardlar xərcləndiyi halda, 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən kənarda qalmağa məcbur olub? Bu gün intiharlar adi hala, statistikaya çevrilib. Hər il 400-500 nəfər özünə qəsd edir. Niyə bunun kökü araşdırılmır? Niyə bu ölkənin 4 milyona yaxın insanı bir tikə çörək üçün ailəsindən, vətənindən uzaqdadır? Niyə bu ölkənin 2,5 milyon əhalisi yüksək faizli kreditlərin əsirinə çevrilib? Kimlərindir bu banklar? Dövlət başçısının ailə üzvlərinin və digər dövlət məmurlarının. Analoqu olmayan iqtisadi inkişafdan, sosial vəziyyətdən danışırlar. Bir gündə dörd nəfər intihar edib. Budurmu Azərbaycan hakimiyyətinin analoqu olmayan sosial-iqtisadi inkişaf siyasətinin nəticəsi? Qarabağdakı uğurlarından danışırlar. Əliyevlərin hakimiyyətdə olduğu 24 ildə bir qarış torpaq da işğaldan azad olunmayıb”.
Hakim növbəti dəfə onun sözünü kəsib. G. Bayramlı isə deyib ki, ittihamı qəbul eləmir:
“O ittiham da, prokurorun çıxışı da mənə vız gəlir. Tamamilə qondarma ittihamdır, mənim siyasi fəaliyyətimə görədir. Mən ömrümün 30 ilini bu ölkənin azadlığı, demokratiyası uğrunda mübarizəyə həsr eləmişəm. Eşitmişəm ki, 20 Yanvar günü Əli Kərimli başda olmaqla, müxalifətin üzvlərini Şəhidlər Xiyabanına buraxmaq istəməyiblər. Bəlkə demək istəyirlər ki, 20 Yanvar kimi şanlı tarixi də YAP rejimi yazıb? Bu gün 20 Yanvar şəhidlərini ziyarətə gedənlər ölkənin azadlığı uğrunda mübarizədə çiyin-çiyinə olmuş insanlardır. Hansı haqla onları Şəhidlər Xiyabanına buraxmırlar? Budur Əliyev rejiminin apardığı siyasət.
İttihamın mahiyyətindən necə danışım, əgər mən siyasi sifarişlə şərlənib həbs olunmuşamsa? Elçin Quliyevin üç qohumunun əli ilə icra olunan sifariş. Mən İkinci Şıxlı sərhəd-nəzarət məntəqəsinə daxil olanda Elmar Yusifov adlı biri gəlir. Bundan sonra bir nəfəri – Anar Hüseynəliyevi dəvət edirlər, o gəlir. Hər ikisi də Elçin Quliyevin qohumu. Bu, necə təsadüfdür? Görün, bizi kimlər idarə edir. Elçin Quliyevin ifadəsi, şər-böhtanı nə vaxtdan sübut hesab olunur? Niyə o pulun mənə aidiyyəti olub-olmadığını yoxlamadınız? Mən pul gətirsəydim, bunu niyə gömrüyə bəyan etməliyim ki? Məgər bu ölkənin qanunlarını bilmirəm? Öz dediyinizi öz qulağınız duyur?
Bu, nə birincidir, nə də sonuncu. Azərbaycanda demokratiyanın, ədalətin bərqərar olması, azad, demokratik cəmiyyətin formalaşması, qanunların aliliyinin təmin olunması, müstəqil məhkəmə sisteminin, azad mətbuatın mövcudluğu bizim əsas istəyimizdir və bunun üçün mübarizəmiz də davam edir. Azərbaycan hakimiyyətini də buna görə tənqid edirik. Amma hakimiyyət bu rəzalətləri aradan qaldırmaq əvəzinə onu tənqid edənləri həbs edir, hədələyir. Bu ölkədə insanların sərbəst toplaşmaq hüququna belə, müdaxilə olunur. Razılaşdırılmış mitinqdə iştirak edən insanları belə, kütləvi şəkildə polis idarələrinə çağırıb, hədələyirlər.
2018-c il də Cümhuriyyətimizin 100 illiyidir. O Cümhuriyyət ki, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, qurucu babalarımız onu bizə miras qoyub gedib. 70 illik sovet imperiyasının caynağından qurtulub, Əbülfəz Elçibəyin başçılığı ilə biz ikinci dəfə Azərbaycanın müstəqilliyinə nail olduq. 100 illik Respublika ənənəsi olan Azərbaycanı görün bu gün hansı vəziyyətə salıblar? İnsan hüquq və azadlıqlarının durumuna görə dünyada ən axırıncı yerlərdən birini tutur. Afrika ölkələri ilə müqayisə olunur. Təsəvvür edin, Cibuti müxalifəti öz prezidentlərini tənqid edəndə deyir: “Cibutini Azərbaycanın gününə salmısınız”. Təsəvvür edirsiniz, bu, nə deməkdir? 70 illik imperiyadan azad olan Azərbaycan xalqı əminəm ki, korrupsioner Əliyev rejimindən də xilas ola bilər. Bəli, mən razıyam ki, bu gün azadlıqların önündə ən böyük sədd Əliyevlər hakimiyyətidir. Azərbaycan xalqı necə ki, 88-ci ildə qalib gəldi, Əliyev rejiminə də qalib gələcək”.
Hakim onun çıxışını dayandıraraq müşavirəyə gedib. Müşavirədən sonra hökm elan edilib.