“Məhkəmə bu qərarını əsaslandırmadı”
Avqustun 25-də Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına və ya girov əvəzində azadlığa buraxılması barədə vəsatətinə baxıb.
Məlumatı vəkil Zibeydə Sadıqova verib. O, verdikləri vəsatətin təmin olunmadığını söyləyib:
“Üstəlik, məhkəmə bu qərarını əsaslandırmadı. G.Bayramlı məhkəməyədək azadlığa buraxılsaydı, səhhətindəki problemlərlə bağlı müalicə ala bilərdi”.
Vəkil deyir ki, həm milli, həm də beynəlxalq qanunvericilik məhkəməyəqədər həbs qərarı verilməsinin 4 əsasını müəyyən edir. Bunlar şəxsin gizlənmə, istintaqa mane olmaq təhlükəsinin olması, şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ictimai asayişi qorumaq zərurətləridir:
“Məhkəmədə də bildirdim ki, G.Bayramlının işində bu əsasların heç biri yoxdur. Ancaq prokurorluq əməkdaşı bizim arqumentlərə qarşı çıxdı. Bildirdi ki, G.Bayramlı barəsində seçilən həbs qətimkan tədbiri dəyişdirilərsə, o, şahidlərə təsir edə bilər”.
Hakim Babək Pənahov təqdimatı rədd edib.
Zibeydə Sadıqova qərardan apelyasiya şikayəti verəcəklərini deyir.
Vəkilləri bundan əvvəl Gözəl Bayramlının hər iki ayağında şiş olduğunu, yeriməkdə çətinlik çəkdiyini bildirmişdilər.
Onun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyi isə vəkillərə məktub yazaraq bildirmişdi ki, Gözəl Bayramlı bütün müayinələrdən keçib. Onun səhhətində ciddi problem yoxdur.
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Mayın 26-da Səbail Rayon Məhkəməsində onun barəsində ilkin olaraq üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Avqustun 17-də bu müddət daha iki ay uzadılıb.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son iki ildə Gürcüstanda üç dəfə əməliyyat olunub.
AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.
Cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində davam edir.