Lap uşaqlıqdan, ağlım kəsəndən qohum-qonşudakı bütün körpə uşaqların bələklərində, papaqlarında sancaqla taxılan müxtəlif balaca, qəribə əşyalar görmüşəm. Qara muncuq dənəsi, bir parça dağdağan, bir qırıntı çörəl, göy əskiyə düyülmüş balaca yumru şey, tük, daha nə bilim nələr. Həmişə də bu balaca “arsenal”ın nə olduğunu soruşanda böyüklər cavab verib ki, göz qaytarmaq üçündür. “Göz dəyər”, “baxıb, bəxtəvərlik verərlər”, “gözə gələr” kimi ehtiyatlanmaları eşidəndə mənə həmişə qəribə gəlib, tutaq ki, balaca uşağa niyə göz dəyməlidir. Hələ onu qoyaq qırağa ki, bu gözdəymə təhlükəsi nə qədər realdır, nə qədər elmi-tibbi-metafizik əsası var, ondan başlayaq ki, göz niyə dəyməlidir? Kənd yeri, kasıb, işləməkdən əlinin qabarı, üzünün qabığı çıxmış ata-ana, kasıb koma, bu komada da bir uşaq doğulur. Bu uşaqdan da, qohum-qonşuda hamıda doğulur. Yaxşı, bu uşağın özəlliyi nədir ki, ona göz dəysin?
İkincisi, yəni tibb, sağlamlıq-zad o qədər boş söhbətdir, həkim-zad o qədər mənasız işdir ki, uşağı təmizlik, profilaktik tədbrlər yox, məhz tozlu yoldan qırılan dağdağan, savadsız kənd mollasının kağıza qaraladığı dua, dəyəri qəpik-quruş olan, qonşu Qələndər kişinin uçuq dükanında satılan gözmuncuğu, çörək qırıntısı, toyuq tükü qoruyacaq? Bu, nə qəribə həyatdır ki, belə gic-gic şeylərdən asılıdır?
Oğlum olandan bugünə kimi üstündən heç nə asmadım. Ürəyim bulanırdı savadlı, ziyalı qadınların uşaqlarının bələyində, papağında o “gözdəymə arsenalını” görəndə. Görən o dəqiqə deyirdi ki, bu uşağın üstündən heç olmasa bir qırıq dağdağan as.
Dağdağan, haaa. Yəni həkim, dərman, tibb, bərk ayaqda allah-zad boş söhbətdir də, əsas o dağdağandır, nəsə olsa, o dağdağan qoruyacaq. Hansısa sirli qüvvələrlə əlaqəyə girəcək, təhlükəni göydəcə tutub, geri qaytaracaq o dağdağan. Anam, ya qaynanam hərdən məndən gizlin uşağın köynəyinə nəsə asanda da, tez çıxarıb tullayırdım. Axırda yorulub, əl çəkdilər. Neçə ildir də gözmuncuğu arsenalı taxılan uşaqlardan min dəfə sağlam, hərəkətli uşaqdır, heç göz dəyib eləmir.
Hə, bir də, son zamanlar sosial şəbəkələrdə yeni tendensiya var. Gənc analar uşaqlarının şəklini paylaşırlar. Gözəl, normaldır da. Amma uşağın üzün “smaylik”lə örtürlər. Əslində, bu da normaldır ki, ana istəmir uşağının üzünü hamı görsün, hətta dünyanın hər yerində ciddi mətbu orqanlar azyaşlıların üzünü göstərəndə mütləq valideynlərdən icazə alırlar. Normaldır. Amma yaxşı, istəmirsən uşağını hamı görsün, onda heç paylaşma, daha uşağın şəklini qoyub, üzünü “smaylik”lə örtməyin nə mənası var? Bu, nə deməkdir, yəni ki, mənim də uşağım var, baxın, amma üzünə baxmayın, gözünüz dəyər. Belə söhbətlərdə hər dəfə “təkərə” düşürəm. Hər dəfə düşünürəm ki, insanlarımızın absurd hərəkətləri daha məni təəccübləndirməz, amma belə şeylərdə də hər dəfə təəccüblənirəm.
Əvvəl fikirləşirdim ki, kənd yeridir, insanların çoxu məlumatsızdır, normaldır burda belə şeylər. Amma sonralar paytaxtın ortasında nəhəng holdinqlərin, şirkətlərin, ofislərin qapısında, girəcəyində yekə-yekə “turetski” gözmuncuqlarını, at nallarını filanı görəndə, anladım ki, kənd söhbəti deyil bu. İnsanlar bu gözdəymə deyilən şeyə o qədər inanır ki, baxırsan milyonçudur, milyonlar töküb, nəhəng holdinq binası, zırpı restoran tiktirib, amma o holdinqin, restoranın taleyini ümid edib iki manatlıq gözmuncuğuna. Yəni təsəvvür edin ki, təhlükə, alovlanma, zəlzələ anından mühafizə sistemi, siqnalizasiya, yanğınsöndürən cihazlar, FHN-zad boş şeydir, hətta allah da unutsa, bu gözmuncuğu, ya at nalı ordan nəsə edəcək, beləliklə də, təhlükə ötüşəcək. Bir milyonluq holdinqi iki manatlıq gözmuncuğu qoruyacaq. Sadəcə dəhşətdir. Yəni elə sirli, möhtəşəm, güclü qoruma mexanizminə sahib bir əşyadır, amma qiyməti iki manatdır.
O milyonlara sahib adamların belə gülməli, absurd düşüncələrə, inanclara sahib olmasını düşünürsən, sonra da fikirləşirsən ki, bu adam hələ bu fikirdə ola-ola milyonçudur, gör məntiqlə, elmlə düşünə bilsəydi, nələr edərdi? Hərçənd, müasir dövrümüzün postmodern peyğəmbəri Nadir Qafarzadə demişkən, elmlə düşünən adamların da soyuducusuna baxın, onların da…