Gözdən əlillərin evlərini satmaqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edilib

Məzahir Nəsibov Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilib

Source: Meydan TV


Məzahir Nəsibov Ukraynada saxlanılaraq Azərbaycana təhvil verilib

Gözdən əlilliyi olan insanlar üçün nəzərdə tutulmuş evlər başqalarına satılıb. 111 nəfər kənar şəxsə satılmış həmin əmlaklardan o insanlara 6,5 milyon manat məbləğində zərər dəyib.

Bu barədə məlumatı Azərbaycan Respublikası Baş Prokurorluğu yayıb.

Məlumatda deyilir ki, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilmiş mənzilləri qanunsuz satan şəxs Məzahir Nəsibovdur. O, Ukraynada tutularaq Azərbaycana ekstradisiya olunub.

“Bakı şəhər sakini Məzahir Nəsibov “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İB və Nərimanov Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub. Birliyin üzvü olan gözdən əlillər üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı mənzilləri aztəminatlı ailələrə yox, kənar şəxslərə satıb. Onlara 6,5 milyon manat zərər vurub”, – məlumatda deyilir.

Baş Prokurorluq bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunan Məzahir Nəsibov istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib:

“Ukrayna Respublikasının hüquq-mühafizə orqanları ilə qurulmuş sıx əməkdaşlıq əlaqələri nəticəsində Məzahir Nəsibov Ukraynada tutularaq mayın 11-də Azərbaycana gətirilib. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Ana səhifəXəbərlərGözdən əlillərin evlərini satmaqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edilib