Gözdən əlillər üçün Nərimanov rayonu, Faiq Yusifov küçəsi 40 ünvanında inşa olunan 12 mərtəbəli binanın mənzilləri heç bir əlilliyi olmayan 160-a yaxın insana satılıb. Bunu bir qrup şikayətçinin də təmsil olunduğu mətbuat konfransında onların nümayəndəsi Mübariz Hacıyev deyib. Onun sözlərinə görə, AGƏC-yə məxsus yataqxanada qeydiyyata alınan vətəndaşlar mənzil növbəsi üçün sənədlərdə müxtəlif formalarda əlil kimi göstərilib. Sənədlər saxtalaşdırılıb, 8 milyon mənimsənilib. Ancaq əllərində nə ev var, nə də pul.
Mübariz Hacıyev söyləyir ki, bəzi ailələr yalnız 24 dekabr 2015-ci ildə ölkə başçısı İlham Əliyevin gözdən əlillər üçün inşa olunan binanın açılışındakı nitqini dinləyərkən aldadıqlarını başa düşüb, hüquq-mühafizə orqanlarına üz tutublar.
Haqqında danışılan Məzahir Nəsibov hazırda Almaniyadadır. O, mətbuat konfransına “Skype” ilə qoşulub insanlardan yığdığı pulları Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevə verdiyini söyləyib.