Səlimovlar 19 ildir kirayədə yaşayır. Rəşad Səlimli gözdən əlildir. Ailə 2012-ci ildən Nərimanov rayonu İcra Hakimiyyətində güzəştli mənzil növbəsindədir. 24 dekabr 2015-ci ildə gözdən əlillər üçün inşa olunan binanın açılışı olub. Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirir ki, binanın sifarişçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.
Onun sözlərinə görə, nazirin birinci müavini İlqar Rəhimovun sədrliyi ilə yaradılan komissiyanın qərarına əsasən yataqxana və qeyri-yaşayış sahəsində ağır şəraitdə yaşayan əlillər həmin mənzillərlə təmin olunublar. Gözdən əlillərin binasında mənzil növbəsini gözləyən 160 nəfər də var ki, heç bir əlilllikləri yoxdur. Ötən günlərdə keçirilən mətbuat konfransında həmin şəxslər mənzil almaq üçün cəmiyyətə məxsus yataqxanada qeydiyyata düşdüklərin açıqladılar. Onların iddialarına görə, 8 milyon manatları mənimsənilib. Səmyar Abdullayevsə deyir ki, mən aldadılan o insanlarla tanış deyiləm. Bu məsələyə görə o, polisə şikayət etdiyini deyir.
Cəmiyyət sədri bildirir ki, onların adından istifadə edərək evləri satıblar. Bəs Gözdən Əllillər üçün binada kim mənzillənib? Bu suala cavab tapmaq üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Əlillər Cəmiyyəti ilə əlaqə saxlamağı söylədilər. Nərimanov Rayon İcra Hakimiyyətindən isə zənglərimizə cavab verən olmadı.