“Göygöldən 600 millimetr diametri olan boru ilə gələn çirkab suları birbaşa çölə – Mollacəlilli kəndinin örüş sahələrinə axıdılır”
Göygöl rayonunun Mollacəlilli kənd sakini İman Quliyev kənddə yerləşdirilən çirkab sularının təmizlənməsi üçün qurğunun işləmədiyini deyir. Onun sözlərinə görə, çirkab suları kənddə xoşagəlməz mənzərə yaradıb.
“Çirkab suları örüş sahələrinə axıdılır”
İman Quliyev deyir ki, problem təmizləyici qurğuların sıradan çıxmasındadır. O, iddia edir ki, qurğu illərdir işləmir, çirkab suları təmizlənmədən kəndə axıdılır:
“Göygölün bütün çirkab suları təmizlənməsi üçün bizim kəndə yönəldilir. Təmizləyici qurğuya hələ özəl şirkət cavabdeh olanda mən orada işləyirdim. Sonra “Azərsu” nəzarətə götürdü. Mənə dedilər ki, yaşın çoxdu, cavanlar işləməlidir. Özüm şahidi olmuşam, o qurğu az qiymətə başa gəlməyib. Onlarla milyon qiyməti var. Elə gözəl təmizləyirdi ki, heç kanalizasiya suyu olduğu bilinmirdi. Kəhrizdən çıxan suya oxşayırdı. “Azərsu”ya təhvil verilən gündən 4-5 ay sonra qurğu sıradan çıxdı. Beş-altı ildi belədir. Göygöldən 600 millimetr diametri olan boru ilə gələn çirkab suları birbaşa çölə – Mollacəlilli kəndinin örüş sahələrinə axıdılır. Təmizlənmədən. Ağcaqanaddan həyətdə dayanmaq mümkün deyil. Mənim evim lap yaxındadır deyə, çox əziyyət çəkirik. Bizim evdən oranı uzağı 700-800 metr məsafə ayırır. Görə bilərsiz, elə evlər var ki, lap yaxındadır. O suların hər saniyə çölə axması böyük bir cinayətdir”.
İman Quliyev bildirir ki, Mollacəlilli kəndi məhz relyefinə görə bu iş üçün seçilib. Çünki çirkab suları Göygöldən heç bir əlavə tədbir görmədən birbaşa kəndə yönəldilə bilir.
“Burada təmizlənib çıxmalıdı. Mürəkkəb bir sistem quraşdırılıb. İnsanlar bunu adi qarşılaya bilər. Amma başı çıxan bilir ki, necə gözəl bir qurğu idi. Oradan texniki təmiz su əldə edilirdi. Su qum, kömür filtrindən keçirilirdi. Bakteriya qutularından da keçirdi. İndi suyun ora girməsinin və çıxmasının heç bir fərqi yoxdu. Çünki proses getmir. Yəni çirkab suları qəbul olunur, sanki böyük göl yaranır, amma təmizlənmir. Sadəcə, çöküntü verir, o başdan da su çıxır”, – İman Quliyev belə deyir.
“İstəyirlər ki, hamı susub otursun”
Kənd sakini Mollacəlilli camaatının indiyə qədər çox etiraz edə bilməməsini qorxudulmaqla əlaqələndirir. Onun fikrincə, icra nümayəndəliyi də, bələdiyyə də hamının sakit dayanmasında maraqlıdır:
“İstəyirlər ki, hamı susub otursun. Beş-on manata görə bu boyda problemə göz yumurlar. Kənd camaatının da çox məlumatı yoxdu. Gigiyena qaydaları çox pozulur. Xəstəlik yayılma ehtimalı olduqca böyükdür. Mal-heyvanı bilmirik harada otaraq”.
İman Quliyev qurğunun çirkab suları daha təmizləmədiyini sübut etməyə hazırdır. O, Göygöl Sukanal Sahəsinin əməkdaşlarının qarşısında bunu edə biləcəyini deyir:
“Arxivlər var. Orada hər mühərriyin sutkada nə qədər işləməsi əksini tapıb. Yoxlayaq, görək indi ilk aylarda işlədiyinin əllidə birini işləyə bilirmi? O gün icra hakimiyyətindən gəlmişdilər, məni də çağırmışdılar. İcra nümayəndəsi, bələdiyyə sədri də oradaydı. Deyirəm ki, niyə bu qədər mühərriyin səsi gəlmir? Elə mühərrik var ki, sutkada 23 saat 54 dəqiqə işləyir. Girişdən və çıxışdan bir kolba su götürüb analizə verək, görək fərqi varmı?”
İman Quliyev işə 17-18 nəfərin cəlb olunduğunu söyləyir. O, təmizləyici qurğunun daha işləmədiyinə, həmin şəxslərin də heç bir iş görmədiyinə əmindir:
“67 yaşım var. “Azərsu”dan deyirdilər ki, cavan kadrlarla işləyəcəyik. Çıxardılar, indi bu yaşda heç pensiya da almıram. 67 yaşında pensiya almayan vətəndaş görmüşdünüz? İndi o cavan kadrlar niyə işləmir? Niyə işləyə bilmirlər?”
“İcra Hakimiyyətinə dəfələrlə məlumat vermişəm”
İman Quliyev problemi müxtəlif instansiyalara çatdırmağa çalışıb. Deyir ki, deputat Elşad Mirbəşirin qəbulunda da olub:
“Məsələni danışdım, səmimi reaksiya verdi. İcra hakimiyyətinə dəfələrlə məlumat vermişəm. Elə olur ki, aylarla çirkab sularının hamısını çölə axıdırlar”.
Sahə rəisi: "Kənd camaatı narazı deyil"
Meydan TV kənddəki durumla əlaqədar Göygöl Sukanal Sahəsinin rəisi Yaşar Məhərrəmova əlaqə saxlayıb. Qurumun rəhbəri hər şeyin qaydasında olduğunu bildirib:
“Mən burada təzə işləyirəm. Bütün bunlar məndən qabaq baş verən məsələlərdir. Qurğu normal işləyir. Əksinə, heyvan saxlayanlar o tərəfə gedən quyuların içini doldurub ki, su üzə çıxsın, ot əmələ gəlsin. Kənd camaatı narazı deyil. O şəxs isə hər yerə yazır. Halbuki, səliqə-sahman var orada. Qurğu da kəndin kənarında yerləşdirilib”.