Göygöl sakini: “Keçmiş həyat yoldaşım ailmenti ödəmir, uşaqlar ac qalır”

Mənbə: Sosial Media

Hüquqşünas deyir ki, boşanma və alimentlə bağlı qanunlar praktikada işləmir

Həyat yoldaşım məni hər gün döyürdü. Axırda dözmədim, boşandım. Bu nikahdan üç övladımız var. Uşaqların ikisi əqli qüsurludur. 2010-ci ildə boşanmışıq, bu müddət ərzində keçmiş həyat yoldaşım uşaqlarla maraqlanmır. Onlara təyin olunmuş alimenti ödəmir”.

Bunu Meydan TV-yə Göygölün Üçtəpə kənd sakini Aynur Nizami qızı Layicova deyir.

İki xəstə uşağı evdə tək qoyub haradasa işləməyə gedə bilmirəm. Üstəlik, sonrakı vətəndaş nikahımdan doğulmuş dördüncü övladım da azyaşlıdır. Qohum-əqrabanın sayəsində acından ölmürük. Üç uşağa görə ümumilikdə 240 manat aliment təyin olunub. Lakin keçmiş həyat yoldaşım pulu vermir. Anası da iki-üç ayda-bir 20, ya da 30 manat yollayır. Üç uşaqla 20-30 manatla nə edim, necə dolanım? Uşaqlar ac-susuz qalır. Keçmiş həyat yoldaşım deyir ki, məmurlara, icraçılara pul verərəm, amma uşaqlara vermərəm”, – şikayətçi bildirir.

“Deyirlər ki, get hara istəyirsən, şikayət et”

Aynur Layicovanın dediyinə görə, aidiyyəti qurumlar qarşı tərəfin alimentə cəlb olunması məsələsinə laqeyid yanaşır, onun problemini həll etməkdən yayınırlar:

Bu məsələnin üstünə düşən yoxdur. Gəncə icra məmurlarının yanına gedirəm. Deyirlər ki, get hara istəyirsən, şikayət et. Bayramda Gəncə şəhəri üzrə icra idarəsinin rəisi Ələmdar İbrahimovun yanına getdim. Dedim ki, on ildir bu uşaqların alimentini almırsınız, heç olmasa on manat ver, körpə uşaq acından ağlayır. O da cavabında dedi ki, mənim pulum öz uşaqlarıma çatar. İcra idarəsi deyir ki, Xəyal Nəsibovu axtarırıq, tapa bilmirik. Bəs mən yetimləri nə ilə dolandırım?

“Alimentin məbləği artandan sonra problem yaranıb”

Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Əliyev Meydan TV-yə bildirib ki, keçmiş həyat yoldaşı Aynur Layicovaya əvvəllər vaxtlı-vaxtında aliment ödəyirmiş.

Qadın iddia qaldıraraq, alimentin məbləğini artırdıqdan sonra bu problem yaranıb:

Aliment artırılandan sonra Xəyal Nəsibovu idarəyə dəvət etdik, gəlmədi. Qanuna müvafiq qaydada yaşadığı ünvana baxış keçirdik. Məlum oldu ki, vətəndaş artıq həmin ünvanda yaşamır. Bununla bağlı tərəfimizdən akt tərtib olundu. Həmin akta uyğun olaraq da vətəndaş axtarışa verilib. Bu yaxınlarda Aynur Layicova bizə bildirdi ki, Xəyal Nəsibov yaşadığı ünvandadır. Polislə birgə mənzildə əmliyyat-baxış keçirdik, amma vətəndaş ünvanda yox idi. Polis onu tapandan sonra qanuni olaraq tədbir görüləcək. Biz polisə mütəmadi olaraq zəng edirik, xatırlatma məktubları göndəririk ki, vətəndaşı tapsınlar”.

“Problemin qarşısını almaq üçün dövlət tərəfindən aliment fondu yaradılmalıdır”

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə deyir ki, boşanma və alimentlə bağlı qanunlar praktikada işləmir:

Azərbaycanda alimenti, adətən, atalar ödəyir. Lakin lakin görürük ki, qadınlar əksər hallarda atadan aliment ala bilmirlər. Kişilər aliment ödəməkdən müxtəlif bəhanələrlə yayınırlar. Üstəlik, icra orqanları da bu məsələdə səhlənkarlıq edirlər, ciddi yanaşmırlar. Nəticədə də qadınlar qucağında uşaqla çöllərə düşüb, qapı-qapı şikayət edirlər”.

Zibeydə Sadıqova hesab edir ki, problemin qarşısını almaq üçün dövlət tərəfindən aliment fondu yaradılmalıdır: “Qadın əlində uşaqla icra orqanlarını gəzməli deyil. Dövlət özü bunu tənzimləməlidir. Dövlət qadına aliment verəndən sonra alimentdən yayınan adamın yaxasından yapışmalıdır”.

Qanun nə deyir?

Ailə Məcəlləsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə qazancın, yaxud da gəlirlərin 1/4 hissəsi, 2 uşağa görə qazancın və ya gəlirlərin 1/3 hissəsi, 3 və daha çox uşağa görə isə qazancın və yaxud gəlirlərin yarısı aliment olaraq hesablanır.

Alimentin miqdarı məhkəmə tərəfindən müəyyən nüanslar nəzərə alınmaqla azaldıla və ya artırıla bilər.

Aliment öhdəliyi olan şəxs işləmirsə və ya heç bir gəliri yoxdursa, bu zaman məhkəmə həmin şəxsə alimentin ödənilməsini sabit pul məbləğində təyin edir.

Alimentin sabit pul məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun olaraq hesablanır.

2023-cü il yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 193 manatdan 220 manata qaldırılıb.

Ana səhifəXəbərlərGöygöl sakini: “Keçmiş həyat yoldaşım ailmenti ödəmir, uşaqlar ac qalır”