Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan məcburi köçkünlər hələ də yeni mənzilə köçəcəkləri günü gözləyirlər. “Odlar Yurdu” Universitetinin yanında yerləşən yataqxananın ətrafı müasir görkəmli, hündürmərtəbəli binalarla əhatə olunub. Ərazidə yerləşən və yol kənarına yaxın digər binalardakı köçkünlər isə iki il öncə Masazırda salınmış yeni şəhərciyə köçürülüb. Neft Akademiyasının yataqxanasında məskunlaşanlar isə hələ də evsizdir.
Yataqxana 3 mərtəbəli binadan ibarətdir və ətraf hündürmərtəbəli binalarla örtüldüyündən gözdən də uzaq düşüb. İyirmi İki ildir burada yaşayan Neçə ildir Zəngilan rayonundan məcburi köçkün düşmüş Vaqif Heydəroun sol ayağı kəsilib və çox dar keçidləri, təhlükəli pilləkənləri olan binadan çölə çıxa bilmir. Həyat yoldaşı Tamara Heydərova da xəstə olduğu üçün hər iki ahıl günlərinin daha çox hissəsini balaca dar otaqda keçirirlər.
Bu binada daha çox Zəngilan və Cəbrayıldan olan məcburi köçkünlər yaşayır. Dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə, Məcburi Köçkünlərlə İş üzrə Dövlət komitəsinə və Prezident Aparatına məktubla müraciət ediblər. Məktuba heç bir cavab almayan köçkünlər nə edəcəklərini bilmirlər.
Zəngilan rayonundan olan məcburi köçkün Almaz Quliyeva xəstəliyindən şikayət edir. İyirmi il tibb işçisi kimi çalışan qadın məcburi köçkün düşəndən sonra nə işinə, nə də vəziyyətinə görə heç bir dəstək almadığını deyir. Almaz Quliyeva deyir ki, yeddi nəfər ailə üzvü ilə bir otaqda yaşayır:
“Oğlumu da evləndirmişəm, yer tapmır yatmağa. Hamımız məcburuq bir otaqda yaşamağa. Kimə də yazıb müraciət ediriksə, cavab gəlmir. Bu cür odlar yurdunda, iyirmi mərtəbəli binaların arxasında qalmışıq. Bir nəfər yoxdu ki, gəlsin soruşsun necə yaşayırsız, nə yeyrisiz nə içirsiz. Yağış yağanda qalırıq suyun əlində. Birbaşa evimizə dolur su”.