Onlar İlham Əliyevin çıxışlarından ruhlanaraq bu təşəbbüsü irəli sürdüklərini deyiblər
“Göyçə-Zəngəzur Respublikası” fəaliyyətini dayandırdığını elan edib.
Bu barədə avqustun 18-də “Göyçə-Zəngəzur Respublikası” və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyi birgə bəyanat yayıb.
Bəyanatı Rizvan Talıbov və Tünzalə Çələbiyeva imzalayıb.
Avqustun 9-da özünü “Göyçə-Zəngəzur Respublikası”nın qurucusu elan etmiş Rizvan Talıbov və bu qurumun yeni prezidenti kimi təqdim olunan Tünzalə Çələbiyeva Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Bu gün yaydıqları bəyanatda qeyd olunur ki, onlar 44 günlük II Qarabağ müharibəsindən və İlham Əliyevin çıxışlarından ruhlanaraq bu təşəbbüsü irəli sürüblər:
“Biz bu yolla ermənilərin törətdiyi deportasiya cinayəti və soyqırıma məruz qalmış soydaşlarımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsi üçün əlavə imkanlardan istifadə etməyə çalışmışıq. Ötən müddətdə elan edilmiş “Göyçə Zəngəzur Respublikası” tərəfindən qardaş Türkiyə ərazisində də nümayəndəlik və müxtəlif təsisatların formalaşdırılması təşəbbüsü həyata keçirilib”.
“Prezident İlham Əliyevin hələ 2014-cü ildə hərbçilərimiz qarşısında çıxış edərkən söyləmişdi: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Biz də bu sözlərin reallığa söykəndiyini hiss etdik”, – deyə bəyanatda qeyd olunur.
Bəyanat müəllifləri Ermənistandan qovulmuş azərbaycanlıların (Qərbi azərbaycanlılar adlandırırlar-red) pozulmuş hüquqlarının Azərbaycan Prezidentinin siyasi iradəsi ilə bərpa olunacağına əmindirlər:
“Buna görə də vahid niyyətlə bir olmalı, çaşqınlıq yaradan hər cür bölücü addımlardan kənar durmalı və Qərbi Azərbaycana – öz doğma torpaqlarımıza qayıtmaq üçün birgə mübarizə aparmalıyıq. Biz də öz növbəmizdə bu ali məqsədə xidmət etmək niyyəti ilə hazırda bir təşkilat olaraq “Göyçə Zəngəzur Respublikası”nın fəaliyyətini dayandırdığını rəsmən elan edir və bütün soydaşlarımızı Prezidentimizin vahid siyasi xətti ətrafında və bu siyasi xəttə öz töhfəsini vermək üçün qətiyyətlə fəaliyyət göstərən, Ermənistandan qovulmuş azərbaycanlıların maraqlarını legitim və mötəbər şəkildə müdafiə edən, Qərbi azərbaycanlıların hər birini əhatə edərək yeganə ümumi təşkilatı olan Qərbi Azərbaycan İcmasında səylərini bundan sonra da birləşdirməyə çağırırıq”.
Rizvan Talıbov 2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov həbs ediləndən sonra onun hüquqlarını müdafiə komitəsinin sədri olmuşdu.
Onun özü də 2007-ci ildə həbs olunmuş və xuliqanlıq ittihamıyla 4 il azadlıqdan məhrum edilmişdi.