Ləkçıplaq sakinləri: “Şikayət edirik, yola verirlər…”
Göyçayın Ləkçıplaq kəndinin bir qrup sakini yaşayış evlərinə yaxın quraşdırılmış elektrik transformatorunun qəzalı və təhlükəli vəziyyətdə olmasından nazrazıdır.
Kəndin “Kazımovlar” kimi tanınan məhəlləsinin sakinləri deyirlər ki, transformatorun quraşdırıldığı 15 ilin hər gününü həyəcan, qorxu içərisində keçirirlər.
Onların sözlərinə görə, yüksək gərginlikli transformator evlərə çox yaxın məsafədə, ətrafı da hasarlanmamış şəkildə quraşdırılıb.
Nəticədə transformator gününü həyətdə keçirən uşaqlar, eləcə ərazidən keçən heyvanlar üçün də böyük təhlükə mənbəyinə çevrilib.
Kənd sakini Pərvanə Kazımova iki övladı və qonşularının uşaqları üçün ciddi narahat olur.
O, Meydan TV-yə deyir ki, dəfələrlə nəinki uşaqlar, elə böyüklər üçün ciddi təhlükəli vəziyyət yaranıb:
“Bizim evlə o transformatorun arası heç 20 addım deyil. Düz daş hasarın dibində quraşdırıblar. Birincisi, ərazi baxımından düzgün yer seçilməyib. İkincisi də, yaşayış evlərinə çox yaxın məsafədə quraşdırılan transformatorun ətrafı təhlükəsiz vəziyyətə gətirilməli, hasara alınıb, qapısı qıfıllanmalıdır. Ora azyaşlı, məktəbli uşaqların oyun meydançasıdır. Nə qədər qorusaq da, uşaqlar qaçıb həmin ərazidə oynayırlar. Məktəb vaxtı lap təhlükəli vəziyyət yaranır ki, yol keçən, qayıdan uşaqlar ona yaxın gedər. Qorxuruq ki, transformatora yaxın gedərlər. Dəfələrlə uşaqlarımı gedib ordan gətirmişəm. Uşaqdır nə bilsin təhlükədir, ərazidə oynayır, transformatora yaxın gedir. Əlini vursa, orada da qalacaq”.
Sakinlər bildirib ki, hər yay mövsümündə və güclü küləkli hava şəraitində qəzalı transformatorda yaranan qığılcım məhəlləyə ciddi təhlükə yaradır.
Dəfələrlə baş vermiş qığılcım alova, alov da yanğına çevrilib. Nəticədə itkisiz qarşısını alsalar da, təhlükə getdikcə ciddi hal alır. Hətta məhəllə sakinlərindən birini iki dəfə elektrik cərəyanı vurub.
“4-5 dəfə qığılcım güclü yanğın yaradıb. Güclə yanğın söndürmüşük ki, yaxınlıqdakı ağaclara, tikililərə keçməsin. Ağac yanıb. İki dəfə qonşumuz Şöhrət adlı şəxsi elektrik cərəyanı vurub. Heyvanı gündəlik otlağa, suvarmağa ehtiyatla aparırıq ki, sürtünsə öləcək”, – deyə digər sakin Mətanət Kazımova təhlükəli izah edir.
Sakinlər transformatorun ətrafına köhnə dəmir çəpər çəksələr də, o da zamanla pas ataraq əyilib. Transformatorun köhnə, yamaq elektrik xətləri təhlükəli olan durumu daha da dərinləşdirir.
Yaxınlıqdakı ağacın da elektrik keçirməsi sakinləri qorxudur. Həmçinin tez-tez elektrik verilişində problem yaranır.
Sakinlər deyirlər ki, cavabdeh qurumun sahə üzrə işçilərinə dəfələrlə problem çatdırılsa da, nə şikayətlərinə, nə də imzalı ərizələrinə baxılıb:
“Deyirik ki, ciddi təhlükəlidir, gəlib baxmırlar. Hər yay, qış, payız qorxu içində qalaq? Övladlarımızın taleyinə görə çox narahatıq. Ölən olmalıdır ki, problemi həll etsinlər? Hər an təhlükə altındayıq. Xahiş edirik ki, mütləq gəlib ətrafını hasarlayıb təhlükəsiz, vəziyyət yaratsınlar”.
Sakinlərin problemi ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Aydın Əliyev Meydan TV-yə bildirib ki, şikayət araşdırılıb sakinlərə iki gün ərzində kömək ediləcək.
Göyçay elektrik şəbəkəsinin baş mühəndisi Mövsüm Ağayev isə mövcud problemi ciddi hesab etmir. O hətta baş verənlərə görə sakinləri günahkar sayır:
“Oranın çəpərlənməsi olub. Ancaq sakinlər yaxınlıqda divarı inşa edəndə hasarı söküblər. Hasarı qırıb qoyublar kənarda. Problemi həll edəcəyik”.
Bir gündən sonra sakinlər yenidən əlaqə saxlayaraq, əraziyə baxış keçirən əməkdaşların heç bir iş icra etmədiyini deyiblər.
Hasarı isə bir neçə il öncə özlərinin çəkdiyini bildiriblər.
“Şikayətdən sonra bir əməkdaş göndərdilər ki, o da köhnə çəpərin əyilən hissəsini yalandan düzəltdi. Əsaslı hasar çəkilməsi ilə bağlı iradımıza: “Bütün transformatorlar belə hasarlanır”, – deyə cavab verdi və çıxıb getdi. Bakıya təkrar şikayət etdik, heç bir ciddi tədbir görülmədi”, – deyə sakinlər qeyd ediblər.