Göyçay

Mənbə: google.az

Başlıq: Göyçay

Göyçaydakı kollecdən yenə şikayət var

“Açıq şəkildə tələbəyə deyirlər ki, imtahana az qalıb, bu qədər gətir, qiymətini yazaq”

“Kollecdə özbaşınalıq baş alıb gedir. Tədris hissəsinin müdiri Şahin Əliyev, əyani şöbənin müdiri Kamilə Həmidova, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova məktəbi az qala şəxsi mülkiyyətlərinə çeviriblər. Rüşvət bu müəllimlərin vasitəsilə yığılır, gedir məktəbin direktoruna...”

Bunu Meydan TV-yə övladları Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan bir qrup Göyçay sakini deyir. Eyni məzmunlu şikayətlə valideyn və tələbələr bu ilin fevralında da Meydan TV-yə müraciət etmişdi.

Şikayətçilər deyirlər ki, ötən müddət ərzində heç nə dəyişməyib. Baxmayaraq ki, karantin rejimi ilə əlaqədar dərslər təxirə düşüb.

Valideynlərin sözlərinə görə, hər dəfə imtahan vaxtı tələbələrdən 400-500 manatadək rüşvət alınır və qiymət yazılır.

"İmtahanlarda 400-700 manat rüşvət alınır”

İddiaya əsasən, məktəbdə rüşvətin yığılması tədris hissəsinin müdiri Şahin Əliyev, əyani şöbənin müdiri Kamilə Həmidova, qiyabi şöbənin müdiri Güllübəyim Həsənova baxır:

“Açıq şəkildə tələbəyə deyirlər ki, imtahana az qalıb, bu qədər gətir, qiymətini yazaq. Elə yanvarda semestr imtahanında tələbələrə pulsuz qiymət yazılmadı. Pulu olmayanı da bir bəhanə tapıb məktəbdən qovurlar”.

Valideynlər deyir, direktor İrşad Abbasova barama verilib, o da müəllimlərdən həmin baramaya görə məcburi 50 manatdan pul yığıb:

“Hətta buna görə direktor böyük iclas da keçirib. İclasda elan edib ki, baramaya görə 50 manatdan yığılır. Müəllimlər ayağa qalxdı, etiraz etdi, məsələni ictimailəşdirdi, ondan sonra direktor dedi, pul yığımı məcburi deyil, kim istəmirsə, verməsin. Müəllimlərin bir qismi pul verdi, bir qismi yox...”

Karantində iclas

Daha bir şikayətsə məktəb direktorunun karantin vaxtı geniş tərkibdə iclas keçirəsi ilə bağlıdır. Valideynlərin iddiasına görə, direktor virusla mübarizə məqsədilə qoyulmuş qaydaları və qanunu pozaraq bu yaxınlarda geniş tərkibdə müəllimlərin iştirakı ilə iclas keçirib:

“Direktor Təhsil Nazirliyində Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini işləyən oğlu Orxan Abbasova arxayındır. Bilir ki, nazirliyə gedən şikayətləri oğlu yerindəcə “yoxa” çıxarır. Ancaq fikirləşirik ki, artıq yeni nazir təyin olunub və artıq ondan şikayət məktubu gizlətmək mümkün olmayacaq. Nazirdən istəyimiz odur ki, kollecdə yoxlama, araşdırma aparılsın, tələbələr, validenylər, müəllimlər danışdırılsın, tədbir görülsün”.

Direktor: “Davamiyyəti düzəltmişəm, elmə marağı artırmışam”

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecin direktoru İrşad Abbasov deyilənləri təkzib edib:

“Əvvəla, o şikayəti kim yazıb, yaxşı bilirəm, mənimlə qərəzi olan bir nəfərdir. İkincisi, necə yəni məktəbi Güllübəyim müəllimə, Kamilə müəllimə, Şahin müəllim idarə edir? Mən ölmüşəm ki, məktəbi kimsə idarə etsin? Deyirsiz, nazirliyə şikayətlər gedir, qarşısı alınır, halbuki, bu məktəbdə nə müəllimlərdən, nə tələbələrdən, nə də valideynlərdən bircə dəfə narazılıq eşitməmişəm ki, hələ bir nazirliyə də şikayət göndərsinlər. Nə rüşvət, nə qiymət? Hamısı yalandır. Əgər rüşvət yanvarda alınmışdısa, niyə vaxtında müracicət etmirdilər? Bu ölkənin hüquq-mühafizə orqanları var, niyə qışda olanı yayda deyirlər? Əgər olubsa, təbii...”

Direktor müəllimlərdən baramaya görə məcburi pul yığımına da münasibət bildirib:

“Barama məsələsinə gəlincə, karantin vaxtı insanlar maddi vəziyyətlərini düzəltmək üçün özləri barama götürüb evlərində saxlayırlar. Bunun məktəbə aidiyyəti yoxdur. Baramanı tələf edənlər də təbii ki, onun pulunu ödəyir, bu işlərin mənimlə heç bir əlaqəsi yoxdur, bu, tələbənin də, müəllimin də şəxsi işidir”.

Direktor deyir, müəllimlərlə iclas keçirməyə gəlincə, komissiya müdirlərinin sayı 7 nəfərdir. Onlarla imtahanlarla bağlı 10-15 gündən bir iclas keçirilib: “Karantin elan olunandan məktəbimizdə geniş iclas keçirilməyib”.

İrşad Abbasov kollecə təyin olunduğu 2 il ərzində məktəbdə xeyli iş gördüyünü də deyib:

“Keçmiş direktora aylıq verib evdə oturan tələbələri məktəbə cəlb etmişəm, davamiyyət 100 faiz təmin olunub. Konfrans zalı düzəltmişəm, elmi konfransların keçirilməsini təşkil etmişəm. Məndən əvvəl bu məktəbdə təhsil, davamiyyət yox idi, tələbələrin elmə, biliyə həvəsinin artırılmasını təmin etmişəm. Həmişə müəllimə də, tələbəyə də deyirəm, kimin nə şikayəti var, gəlsin açıq şəkildə özümə desin”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v7gk6c

Ən çox baxılan