Göyçayda “Rənglərin möcüzəsi” adlı sərgi keçirilir

Fotolar: Meydan TV

Rəssamlar hesab edirlər ki, təşkilatlanmaq lazımdır

Göyçayda rəssamların əl işlərindən ibarət “Rənglərin möcüzəsi” adlı qrup sərgisi keçirilib. Sərgidə 40 illik təcrübəyə malik rəssam-pedaqoq Ehtiram Kərimov və  5 tələbəsinin ümumilikdə 80 tablosu yer alıb. 

Ali təhsil almış bu rəssamlar doğma rayonlarında bu cür sərgilərin təşkilini mədəni inkişaf adına yenilik kimi qiymətləndirirlər.

Xalçaçı rəssam Elminaz Qəhrəmanova bu sərgiyə 17 əl işi ilə qatılıb. O, “daha çox sərgi, daha çox mədəniyyətdir”,-deyir. Region mədəniyyəti isə bundan illərdir məhrumdur:

“Təklif gələndə düşündüm ki, bu, bir fərqli yenilikdir. Mən çox əsərlərimi gətirəcəkdim, ancaq məkanda  17 əl işimin sərgilənməsi  mümkün oldu. 15-i kətan üzərində  yağlı boya, ikisi isə təkəlduz, yəni əl ilə işlənmiş portretdir. Əsərlərimdə xüsusilə Qarabağ mədəniyyətini və milli-mənəvi dəyərləri əks etdirmişəm. Xüsusilə də rəng çalarlarına diqqət etmişəm. Məqsədim regionda  yetişməkdə olan gənc rəssamlara, istedadlı uşaqlara stimul verməkdir ki, bacarıqlarına sahib çıxsınlar və sənətin mühiti genişlənsin”.

Simalarından sevgi, maraq və bir o qədər heyranlıq əks olunan rayon sakinləri sərgidə yer alan tabloların önündən keçir, boylanan rəsmlərə diqqət kəsilir, müzakirə edir, xatirə şəkilləri çəkdirirdilər. Sərgidə mənzərə, natürmort və portret janrları üstünlük təşkil edib.

Sərgi iştirakçısı Mehriban İbrahimli deyir ki, al-əlvan  tablolar seyrçilərə nağıl kimi görünsə də, onların ərsəyə gəlməsində illərin zəhməti var. Bu zəhmət isə seyrçilərin gözündən yayınmır:

“Sərgini səbirsizliklə gözləyənlərdənəm. Kəndlərdən belə qatılanlar var.  Teatr, kino yox. Mədəniyyətə həvəsli insanları düşünməyə dəyər. Müşahidə etdikcə anlayırsan ki, bu gözəlliklər uzun illərin zəhməti hesabına yaranıb. Dərin düşüncələr və istedadlı əllər hesabına rənglərin möcüzəsinə tamaşa etmək də, ondan öyrənmək də xoşdur. Rəssamın daxili dünyasının təzahürüdür bütün əsərlər”.

Gənclər və yeniyetmələr, xüsusilə də rəssamlıq sənətinə meyilli  istedadlı şəxslər üçün sərgi stimuldur. İştirakçı Mehdi Ağazadə belə düşünür. Onun fikrincə, sərgilər davamı olarsa, onlar da öz gələcəyini bu sənətlə bağlayar.

Region mədəniyyətindəki durğunluq onları narahat etsə belə, bu sərgi qaranlıq fonunda işıqdır:

“Sərgi və sərgi iştirakçıları mənə mənən güc verir, düşünürəm rəssam olsam, belə sərgilərim olar. Çünki uzun illərdir ki, regionlarda rəssamların belə iş birliyi, qrup  sərgiləri yoxdur. Şərait və dəstək verən də yoxdur. Həvəsdən düşməmək üçün belə sərgi ümüddir”.

İndiyə qədər yüzlərlə tələbəsi olan, 120 peşəkar rəssamın ilk müəllimi Ehtiram Kərimov isə deyir ki, bu, özünün təşkil etdiyi ikinci sərgidir. Rayon və dövlət  səviyyəsində bu cür sərgilər dəstəkləməli olduğu halda, istedadlı insanlar bütün zəhməti özləri çəkir.

Çətinliklərə rəğmən onun  sənət və gənc yetirmələri ilə bağlı böyük hədəfləri var:

“Sərgidəki 45 tablo mənim illərdir işlədiyim əsərlərdir.  İnsanların sənət anlayışı, marağı, gəlib seyr etmək istəyi var. Məqsədimiz də incəsənəti, rəssamlığı tanıtmaq, sevdirmək, yaradılan əsərləri insanlara nümayiş etdirməkdir. Həm rəssamları tanısınlar, həm sənəti sevsinlər, dünyagörüşləri artsın, həm də istedadlarını kəşf etsinlər. Öz gücümüzə, tələbələrimlə bunu davamlı edəcəyik ki, sənət və sənəti dərk edənlər artsın. Rəsm qalereyamız, cəmiyyətimiz olsun, birləşək, sənət gözəlliklərini artıraq ki, azaltmayaq. Çünki sərgiyə qatılmaq istəyən başqa  rəssamlar da var”.

Sərgidə 11 əsəri ilə yer alan xalçaçı – rəssam Yunis Həmidov deyir ki, Göyçayda ilk dəfədir, belə sərgidə iştirak edir. Davamlı olması üçün isə maneələr aşılmalıdır:

Çox istəyirdik ki, illər öncə bunu edək. Ancaq maneələr çox idi. Yer tapmırıq, birgə işləyə bilmirik, sənətin dəyəri verilmir. Biz insanlara əsl sənəti göstərmək istəyirik. Burda ideya, psixologiya var. Əsərlərimizdə də bunu çatdırırıq. Biz tək regionla kifayətlənmək istəmirik, digər regionlara, paytaxta səsimizi çatdırmaqdır amacımız. Burada ədəbi – ictimai quruluşa ehtiyac var. Qalereya, cəmiyyət olmalıdır ki, sərbəst və tez-tez sərgilərimizi keçirək”.

Rəssam Surə Mustafayeva, Məhəbbət Kazımova və Rahim İbrahimova məxsus əl işləri  də sərgidə  nümayiş olunur. İki gün davam edəcək sərgini  tarda ifaları ilə tarzən  Rövşən Zamanov müşayiət edir.

Ana səhifəBölgəGöyçayda “Rənglərin möcüzəsi” adlı sərgi keçirilir