DİN-in məlumatına görə, saxlanılan şəxslərin izahatı alındıqdan sonra buraxılıb
Göyçay rayonunda nurçularla bağlı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyi bununla bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Aprelin 11-də nurçu dini təriqətinin üzvləri – Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Göyçay şəhərində (Z.Məmmədova məxsus evdə) Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər”.
Məlumatda daha sonra qeyd olunur ki, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z.Məmmədovun evinə baxış zamanı 545 ədəd yayılması qadağan olunmuş “Risaleyi Nur” kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb.
Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd “Risaleyi Nur” kitabı aşkarlanıb.
Onlar izahatları alındıqdan sonra buraxılıblar.