Göyçayda icra nümayəndəsi həbs olundu

Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov – Telegram

İddiaya görə, Rəşad Şükürov rüşvəti öz xidməti otağında alıb

Göyçay Rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs olunub.
Baş Prokurorluqdan verilən məlumata görə, Göyçayın icra nümayəndəsi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə daxil olmuş şikayət əsasında saxlanılıb.

Rəşad Şükürov bundan öncə İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. İddia olunur ki, Rəşad Şükürov həmin vəzifədə işləyəndə müxtəlif şəxslərdən vəzifədə qalıb işləyə bilmək üçün rüşvət tələb edib. Əks halda, onları işdən çıxarmaqla hədələyib.

İttihama əsasən, şöbə müdiri rəhbərlik etdiyi struktur qurumun digər vəzifəli şəxslərilə birlikdə bu işləri görüb.
İddiaya görə, Rəşad Şükürov vəzifədə qalıb işini davam etdirmək istəyənlərdən rüşvəti öz xidməti otağında alıb.

Prokurorluğun məlumatına görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə onunla bağlı Göyçay rayonunda qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər şikayətlər də daxil olub.

Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma – hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Binəqədi Rayon Məhkəməsindən Meydan TV-yə bildirilib ki, onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəşad Şükürovun ittiham olunduğu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onun ittihamlara münasibəti məlum deyil.

2022-ci ilin martında – Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə vəzifəsindən azad ediləndən bir neçə gün sonra Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları icra hakimiyyətində yoxlamalara başlamışdı. Bu qurumdan çoxsaylı əməkdaşların dindirildiyi, onlardan bir neçəsinin sabiq icra başçısının əleyhinə ifadə verdiyi haqda məlumatlar yayılmışdı.

Ana səhifəXəbərlərGöyçayda icra nümayəndəsi həbs olundu