Tədbirdə müxtəlif rayonlardan, Bakıdan qatılanlar var
Göyçayda baş tutan “Aqroturizm və sosial sahibkarlıq” adlı festival son illər keçirilməyən ənənəvi nar festivalından sonra növbəti yenilikdir. Region gənclərinin məşğulluğu üçün nəzərdə tutulan festivalda paytaxtdan və müxtəlif regionlardan bacarıqlı insanlar, qonaqlar təşrif buyurub. Onlar öz stendlərinin arxasında dayanaraq əl işlərini nümayiş etdiriblər.
Festivala Ağdaş rayonun Orta Ləki kəndindən qatılan 50 yaşlı Mətanət Əzizova deyir ki, illərdir əl işlərini nümayiş etdirmək üçün belə festivallar gözləntisindədir. Çünki region qadınlarının həm işinə motivasiya, həm dolanışığı üçün bu tədbirlərə ehtiyac var.
“Bizim üçün həm ziyarət, həm ticarətdir. Mən 10 ildir ki, toxuculuqla məşğul oluram. 40-a yaxın əl işimi gətirmişəm. Müxtəlif nağıl qəhrəmanlarını toxuyaraq satıram. Əsas uşaqların sevimli işlərini həyata keçirirəm. Qiymətləri 3 manatdan 35 manata qədərdi ki, əlçatan olsun. Festivalara son vaxtlar qoşulmuşam. Bundan əvvəl Gəncədə, Göygöldə oldum, orada əl işlərimizlə maraq gördüm. Bizim kimiistedadı olan qadınlar üçün yaxşıdır belə festivallar. Ancaq etiraf edim ki, satış zəifdir, insanlar daha çox baxmağa, tanımağa üstünlük verirlər”.
Göyçayın özündən qatılan Kəmalə Səmədova isə deyir ki, festivalda iştirakı gözlənilməz olub. Nar festivalına vərdiş edən xanım son illər çətinliklər çəkdiyini bildirir.
“Pandemiyadan sonra festival yoxdur deyə çətinlik çəkirdik. Əl işimiz o festivallarda çox satılırdı. İndi bu festival maraqlı oldu. 30-ya yaxın iş gətirmişəm. Mən ancaq saplarla işləyirəm. Burada digər xanımların da əl işləri var, muncuqlarla çantalar, bəzək aksesuarları düzəldib gətiriblər. Çalışırıq ki, uyğun qiymət qoyaq, çünki baha olsa, həm insanların gücü çatmaz almağa, həm də biz ziyan edərik”.
Kəmalə Səmədova deyir ki, ləvazimatlar da çox bahadır:
“Əl zəhməti, göz nurudur bu işlər. Bəzən günlərlə evimizin bütün işini atıb bu işləri görürük. Mənim əl işlərimin qiyməti 50 manatdan üstün deyil. Bu iş hobbimiz, həyatımızın bir hissəsidir. Bizi, əl işlərimizi tanısınlar ki, alış çox olsun”.
Növbəti masaya yaxınlaşırıq. Rəngli təbii daşlar göz oxşayır. 35 yaşlı, Bakıdan Göyçaya ilk dəfədir üz tutan Günay Məhərrəmova iki ali təhsil alıb, əl bacarıqları sayəsində öz biznesini qurub. Sərgilədiyi əl işləri isə 3 manatdan 35 manata qədərdir.
“Buradakı bütün işlər mənimdir. Aksesuarlardakı təbii daşlardır. Aralarında hətta qızıl suyuna salınmış aksesuarlar var. 12 ildir ki, bu işin içindəyəm. Belə festivallarda biz qadınlara, əlillərə xoş sözlər, xoş münasibət müsbət təsir göstərir. İşləmək üçün motivasiya çox olur. Bakıda bir neçə mağaza sahibiyəm, həm də mallar alındıqca, xeyriyyə fonduna köməklik edirik”.
Rəngarəng kəlağayılar növbəti stenddə göz oxşayır. İsmayıllının Basqal kəndindən festivala 35 kəlağayı ilə gələn Mətanət Vicidova bu baş örtüyünə marağın son vaxtlar artdığını deyir.
“Belə festivallardan sonra sifarişlərimiz olur, əsasən toy, nişan mərasimlərində. Ənənəvi toy örtükləri geri dönür. Nişanda qız evinə aparırlar. Şəxsən kəlağayıya çox marağın olması məni sevindirir. Əvvələr sanki heç adını çəkirmirdilər. Bu da bizim işimizdir axı. Əməyimiz hədər getməsin”.
Ali təhsili olsa da, 15 ildir gəlinciklər, səbətlər tikib satan Mahirə Abdullayeva Bakıdan fərqli olaraq regionlarda bu işlərə marağın azlığını məhz tanışlıq və sənətdən anlayışın az olması ilə əlaqələndirir.
“Bakıdan sevərək gəlmişəm. İnteryer gəlinciklər, milli araqçınlar tikirəm. Uşaqlar üçün çantalar, gəlinlər üçün bukletlər hazırlayıram. Özümüzü tanıtdırırıq ilk növbədə, öz əl işlərimizi satırıq. Əl işlərimi daha çox xaricilər alır, qərara gəldim ki, yerli festivallarda iştirak edim, yerli alıcılar da məni, işlərimi tanısın. Əl işlərinin individual olduğunu göstəririk, anladırıq insanlara. Qiymətlərimiz isə 30-50 manat arasında dəyişir”.
Festivalda əlilliyi olan şəxslər də iştirak edərək, öz əl işlərini qonaqlara təqdim edir. Onlar belə festivalların təşkilini daha vacib hesab edirlər.
“Qolbaqlar, sırğalar, üzük dəstləri, boyunbağılar hazırlayırıq. Ağacdan müxtəlif musiqi alətləri, heykəllər yonub hazırlayırıq. 5 ildir bu işlə məşğul oluruq, həm oxuyuruq peşəni, həm bu işləri edirik. Qadınların, əlliliyi olan şəxslərin xüsusilə buna ehtiyacı var. Dəvətlər çox olsun ki, əl işlərimiz alınsın, biz özümüzü tanıdaq və sənətimizi təqdim edək”, – onlar deyirlər.
Festivalda müxtəlif kənd təsərrüfatı bitkiləri, meyvələr, güllər də nümayiş olunaraq, əhəmiyyəti izah olunur. Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnistutunun elmi katibi Zəminə Sərhədova dünyada yaranan ərzaq qıtlığına qarşı yeni növ virusdan azad calaqaltıların əkininə ölkədə də ciddi ehtiyac olduğunu vurğulayır:
“Elmi nəşrlərimiz var burda. O cümlədən, biotexnologiya laboratoriyasında istehsal olunan, virusdan azad ən müasir vegatativ calaqaltılar gətirmişik. Bu bitkilər ənənəvi calaqlardan tez bar verməsi, alçaqboylu olduqları üçün bir hektara daha çox ağac getməsi ilə seçilir. Fermerlərin bu calaqaltılarına marağı çox olur, çünki aqrar rayonda buna ehtiyac var. Əmək az sərf etməklə, çox məhsul verən ağaclara, bitkilərə çəkilməlidir, çünki dünyada getdikcə ərzaq qıtlığı artır”.
Festivalda müxtəlif rəssamların, heykəltəraşların, xalçaçıların da əl işləri də yer alıb.