Göyçayın Nizami küçəsi

Mənbə: Meydan TV

Başlıq: Göyçayın Nizami küçəsi

Göyçay sakinləri: Kanalizasiya çəkdilər, yolu bərbad günə qoydular

“Bir problemi həll edəndə başqa bir problem yaradırlar”

Göyçayın Nizami küçəsinin sakinlərinin şikayəti var. Deyirlər ki, 8 il əvvəl aralarında pul toplayıb yol çəkdiriblər. Bir il sonra isə “Azərsu” ASC həmin yolu qazıb kanalizasiya xətti çəkib, amma yolu yenidən bərpa etməyib.

Sakinlər 7 ildir ki, qazılmış yolun yayda tozundan, qışda palçığından bezdiklərini söyləyirlər.

“Nizami küçəsinin 20-ci dalanıdır bura. Nə az, nə çox, 16 evin yoludur. Əvvəllər kanalizasiyamız yox idi. Yazdıq-pozduq, idarələrin qapısında qaldıq, axırda bu problemimizi həll etdilər. Ancaq bu dəfə də yolumuzu uçurdular. Aylarla dözdük ki, müvəqqətidir, iş bitəndən sonra bərpa edəcəklər, ancaq etmədilər. Qazdıqları kimi qoyub getdilər”, - sakinlərdən Səyyarə Rüstəmovanın sözləridir.

Səyyarə Rüstəmova

Səyyarə Rüstəmova

Mənbə: Meydan TV

O bildirir ki, əvvəl küçələrinin yolu çox yaxşı olub. Özü də həmin yol qonşular yığışıb, aralarında pul toplayıb çəkdiriblərmiş. İndi daha heç kimdə həmin imkan qalmayıb. Odur ki, yenidən özlərinin yol çəkdirməsi müşküldür:

“Pandemiya dövrüdür. Camaat güclə gündəlik çörəyini qazana bilir. Hardandı millətdə o qədər pul? Üstəlik, qiymətlər də bahalaşıb. Odur ki, dəfələrlə müraciət etmişik ki, yaratdıqları problemi həll etsinlər, ancaq veclərinə deyil. Sizə qarda, yağışda çəkdiyimiz şəkilləri də göstərəcəyik, görün küçənin durumunu, yoxsa heç kimə inandıra bilmirik”.

Şikayətçilərdən biri də Ramin Səfərovdur. O da illərdir küçələrinin yol problemindən əziyyət çəkir. Deyir, həm sürücülərə, həm piyadalara yolsuz çətindir:

“Məcburuq qışda uşaqları məktəbə maşınla aparaq. Yayda da küçəyə çıxmaq, oynamaq istəyirlər, qoymuruq ki, tozdur. Hələ qışda çalalara dolan sudan danışım. Hamısı həyətlərin içinə, alçaqdan tikilmiş evlərə dolur. Boğaza yığılmışıq, baxmırlar”.

Nazilə Ələkbərova da küçənin vəziyyətindən əziyyət çəkənlərdəndir. Deyir, havalar isinəndə toz-torpaqdan, qışda da palçıq əlindən bezib:

“Evləri də təmizləyirsən, təmiz olmur, toz basır. Uşağı da küçəyə qoymuruq, elə evdə dustaq qalır. Qışda məktəbə gedəndə palçığın içindən keçirlər. Maşını olan aparır, olmayan da uşağının ayağına sellofan keçirir. Hər evə gələndə bir dəst paltardan çıxırıq, xüsusən də uşaqlar. Tozdan pəncərələrimizi aça bilmirik”.

Sakinlər bildirirlər ki, dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinə müraciət ediblər, ancaq problem həll edilmir:

“Qapısını döymədiyimiz dövlət qurumu qalmayıb. 7 ildir zülm ayaqlayırıq. Üstəlik, heç kimdə o qədər çox imkan yoxdur ki, özümüz nəsə pul toplayıb yenidən asfalt çəkdirək. Hamımız günəmuzd işləyən, ailəsini çətinliklə dolandıran adamlarıq”.

Göyçay Rayon İcra Hakimiyyətindən küçə sakinlərinin problemi ilə maraqlanacaqlarını bildiriblər:

Ramin Səfərov

Ramin Səfərov

Mənbə: Meydan TV

“Müraciət edilibsə də, məktublar bölümündə ola bilər. Müraciət çoxdur, yəqin ona da baxılacaq. Artıq nəsə deyə bilmərik”.

“Azərsu” ASC-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ancaq qurumun saytında açıqlanan məlumata görə, “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nə 2008-ci ildən başlanıb. İş Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Bu günədək layihə çərçivəsində 3 ədəd subartezian quyusu qazılıb, sugötürücü kamera və həcmi 2000 kubmetr olan yeni su anbarı inşa edilib.

İcrasına 2012-ci ildə başlanılmış “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsi çərçivəsində Göyçay şəhərini içməli su ilə təmin etmək üçün 4 ədəd subartezian quyusu qazılıb, ümumi tutumu 6500 kubmetr olan 3 ədəd su anbarı tikilib, 5,4 km magistral su xətti çəkilib.

Göyçay şəhərində 143 km içməli su və 119 km kanalizasiya şəbəkəsi tikilib. Hər bir ünvana birləşmə verilmiş, abonentlər sayğacla təmin olunub.

Sakinlər görülən işlərdən narazı deyillər. Onları narahat edən iş görüləndən sonra qazılan yerlərin bərpa edilməməsidir:

“Kanalizasiya çəkib, bizi pis günə qoyublar. Bu ölkədə adamın bir problemini həll edirlər, ancaq bu zaman ona başqa bir problem yaradırlar”.

"Sizə qarda, yağışda çəkdiyimiz şəkilləri də göstərəcəyik, görün küçənin durumunu, yoxsa heç kimə inandıra bilmirik"

"Sizə qarda, yağışda çəkdiyimiz şəkilləri də göstərəcəyik, görün küçənin durumunu, yoxsa heç kimə inandıra bilmirik"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wssnhd

Ən çox baxılan