Xəstəxanadan: “Elçin doktor ümumiyyətlə jurnalist qəbul etmir, onlarla danışmır”
“Xroniki bronxial astma xəstəliyindən əziyyət çəkirəm. 2014-cü ildən mənə ikinci qrup əlillik dərəcəsi təyin edilib. Buna görə hər ay dövlət büdcəsi hesabına dərmanla, tibbi preparatlarla təmin olunurdum. Bir il ərzində dərmanlarımı xəstəxanadan alırdım. İki aydır ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasından dərmanımı ala bilmirəm. Xəstəxananın baş həkimi Elçin Bilalov astma xəstələrinin dərmanlarını apteklərdə satıb pulunu mənimsəyir”.
Göyçay şəhəri, Hüsü Hacıyev küçəsi, ev 188 ünvanında yaşayan Rasim Mustafayev Meydan TV-yə belə deyir. Şikayətçi iddia edir ki, dövlət tərəfindən xəstəxanaya verilən “Erflyusal” adlı dərman Göyçay Rayon Mərkəzi Xəstəxananın daxilindəki aptekdə xəstələrə 55-56 manata satılır:
“Xəstəxana daxilində yerləşən aptekin müdiri Elza Hacıyevadır. O, baş həkim Elçin Bilalovla qudadır. Korrupsiyaya qurşanmış qudalar Göyçayda yaşayan ağır xəstələrin dərmanlarını satırlar. Artıq iki aydır ki, heç bir xəstəyə “Erflyusal” dərmanı verilmir. Həm xəstəxananın daxilində olan aptekdə, həm də kənarda olan əczaçılarda satılır. Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda koronavirusla əlaqədar ciddi mübarizə aparılır, xüsusi karantin rejimi tətbiq edilib. Elçin Bilalov bundan sui-istifadə edib korrupsiya cinayəti ilə məşğul olur, xəstəxananı bazara çevirib. Xəstələrin dərmanlarını vermir, apteklərdə satıb cibinə qoyur. Biz xəstələr də ölümlə üz-üzə qalmışıq. İmkansızlıqdan dərman ala bilmirəm, buna görə səhhətim gündən-günə ağırlaşır”.
“Adamla elə rəftar edirlər, kobud danışırlar ki, sanırsan xəstəxana hökumətin yox, bunların ata mülküdür”, – Rasim Mustafayev belə deyir:
“Xəstəxanaya gedirəm, deyirlər ki, dərman yoxdur. Necə yəni yoxdur? Martın 27-də xəstəxanaya getdim. Baş həkimin otağında iki dəfə oldum, özü ilə söhbət etdim. O bildirdi ki, hazırda dərman yoxdur. Sonra da dedi ki, Bakıya Təcili Tibbi Yardım maşını göndərmişəm, dərman tezliklə gələcək. Martın 31-də gedəndə isə bildirdi ki, dərman yoxdur. Şəkər dərmanı, astmaya qarşı digər preparat “Salbutamol”la təmin olunuruq, amma “Erflyusal” vermirlər. Baş həkimə dedim ki, xəstəyəm, bura kefimdən gəlmirəm. Kim ki belə xəstələrin haqqını yeyir, Allah onun balasının başına gətirsin”.
Şikayətçi əllilliyə görə dövlətdən 130 manat təqaüd alır. Gileylənir ki, həmin pulla iynə-dərman bir yana, heç ailəsini dolandıra bilmir:
“İlbəil səhhətim daha da ağırlaşır. Azacıq əsəbləşən kimi boğuluram. Əslində, altı aydan bir müalicə olunmalıyam.
Bu dərman əsas birinci növbədə bizə verilməlidir. Koronavirusa yoluxma və ölüm riski məndə daha çoxdur. Ola bilməz ki, hökumət bizim dərmanımızı saxlasın, verməsin. İndi evdən bayıra çıxa bilmirəm. Bazar-dükana ehtiyatla gedirəm. SMS yazıb, 2 saatlıq icazə alıb, bazarlığımı edib, tez evə qayıdıram. Koronavirusdan istifadə edirlər, dərmanları xəstələrə verməyib apteklərdə satırlar.
Ötən ilin noyabrınadək bazarda alver edirdim. Səhhətimdə ağırlaşma oldu. Həkimə getdim, bazarda işləməyi qadağan etdi. Dedi ki, qışda bazara çıxma, sənə qətiyyən soyuq olmaz.
İki övladım var, ailədə beş nəfərik. Mən aldığım 130 manatı dərmanıma verim, yoxsa dolanışığa, qazpuluna, işiqıpuluna verim? Onsuz da onların verdiyi “Salbutamol” ay ərzində çatmır. Gedib, 4-5 manat verib özüm alıram. Ailəni anamla mənim təqaüdümüzlə zorla dolanırıram. Prezident İlham Əliyevdən xahiş edirəm ki, xəstələrin dərmanlarını satdırıb, mənimsəyən Göyçay Rayon Mərkəzi Xəstəxanasının əməlləri nəzarətə götürülüb, araşdırılsın”.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov və müavini Ləman Hacıyeva Meydan TV-nin suallarını cavablandırmaqdan imtina edib.
Baş həkim Elçin Bilalovun köməkçisi Meydan TV əməkdaşına bildirib ki, xeyli müddətdir “Erflyusal” dərmanı yoxdur:
“Yaxın beş gün ərzində xəstələr həmin dərmanla təmin olunacaq”.
Ümumi şöbənin kərgüzarı Nuranə Əliyeva isə Meydan TV-yə “Elçin doktor ümumiyyətlə jurnalist qəbul etmir, onlarla danışmır”, -deyib.