“İcra başçısı Mehdi Səlimzadə “get növbəni gözlə” deyərək məni başından edir”
“Bu il mayın 30-da elektrik qısaqapanmasından evimiz alışdı, içindəki əşyaları ilə birlikdə tamamilə yanıb külə döndü. O gündən qapılarda qalmışam”.
Bu sözləri Göyçay rayonunun İnçə kənd sakini Solmaz Heydər qızı Abdulxalıqova deyir. O, şəhid anası statusunu daşıyır. Oğlu Teymur Cayəddin oğlu Abdulxalıqov 7 yanvar 1994-cü ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə həlak olub.
İndi evsiz qalan ana uzun illərdir mənzil növbəsində olduğunu söyləyir:
“Atalar yaxşı deyib: “El-elə sığar, ev evə sığmaz”. Heç bir yerdən köməyim olmasa da, bir ümüdüm odur ki, dövlətimiz şəhid ailələrinə pulsuz mənzil verir və ya inşa edir. Mən uzun illər əvvəl həmin mənzil üçün qeydiyyata alınmışam. Ancaq hələ də növbəmin çatmamasını əsas gətirib mənə mənzil verməyiblər. Evimizin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədənkənar yeni mənzilin verilməsi və ya inşa edilməsi üçün dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olmuşam. Hər dəfə də “get növbəni gözlə” deyərək məni başından edib. Vicdanı olan hər kəs başa düşər ki, çöllərdə qalmışam. Bunu başa düşüb, nəzərə almaq lazımdır, ancaq Mehdi Səlimzadə bunu başa düşmür”.
“Mənim oğlum Birinci Qarabağ müharibəsində iştirak edib, qəhrəmancasına vuruşub, torpağı, milləti qoruyub. 80 yaşım var, uzun illər dişimlə, dırnağımla qazandığım, zəhmət çəkib tikdiyim evimin yanması həyatımı tamam məhv etdi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm, şəhid anası olmağımı, evimin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədənkənar mənzil verilməsinə, yaxud inşa edilməsinə köməklik göstərsin”, – Solmaz Abdulxalıqova deyir.
Göyçay Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən Meydan TV-yə məsələni araşdırıb məlumat verəcəklərini deyiblər.
Material “Gənc səslər” layihəsi çərçivəsində hazırlanıb