“Boru dayaqlarının əvəzinə xətləri tor hasarlarımızın dirəklərinə birləşdirmişdilər, xətləri həyətlərimizin içi ilə – qısa yolla çəkib aparmışdılar ki, qalan boruları mənimsəsinlər”.
2015-ci ilin oktyabrında Göyçay rayonunun beş kəndinə maye yanacağın verilməsi ilə bağlı həmin kəndlərdə açılış mərasimi keçirilib. Bu kəndlərdən biri də Qaraməryəm olub. Kənd sakini Səbuhi Quliyev deyir, açılışdan az əvvəl məhəlləyə gələn podratçı şirkət sakinləri razı salıb ki, qaz xətləri müvəqqəti olaraq həyətlərin içərisi ilə çəkilsin, xətlər dayaq əvəzinə sakinlərin həyətyanı tor hasarlarının dirəklərinə birləşdirilsin. Sakinlər də bunun müvəqqəti olduğunu düşünüb razılıq veriblər.
“Qaz xətlərini tor hasarların dirəklərinə bağladlar”
“İşlər başa çatandan sonra kəndə qaz verilişinin açılışı olacaqdı, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin də iştirakı gözlənilirdi. Qazı çəkən podratçı şirkətin işçiləri gəlib bildirdilər ki, açılışa az qalıb, ancaq işləri çatdıra bilmirlər. Xahiş etdilər ki, bizə və iki qonşuya gedən qaz xəttini, sayğacları müvəqqəti bizim mal tövləsinin yanında quraşdırsınlar. Açılışdan sonra yarımçıq qalan işləri tamamlayacaqlar. Biz də razılaşdıq. Saygaclar bizim mal tövləsinin yanında quraşdırıldı. Qonşuya gedən qaz xətlərini də bizim tor hasarın dirəyinə bağlayıb qonşunun həyətinə uzatdılar,” – Səbuhi Quliyev deyir.
“Boruları satıb, pulları mənimsəyiblər”
2015-ci il, oktyabrın 29-da kəndə mavi yanacağın verilməsini simvolizə edən məşəl alışdırılıb, rəsmi tədbir bitdikdən sonra sakinlər qaz idarəsinin işçilərinə tezliklə gəlib qaz xətlərinin yerlərinin dəyişdirilməsini, xətlərin hasarlardakı dirəklərdən ayrılmasını xahiş ediblər. Lakin qaz idarəsinin işçiləri bildirib ki, bu işləri podratçı şirkət görüb, onlara müraciət olunmalıdır:
“Açılışdan sonra şirkətin işçiləri ortalıqdan yol oldu. Sonradan bizə məlum oldu ki, əslində qaz xətlərinin bu şəkildə çəkilməsində məqsəd varmış. Şirkət işçiləri qaz xətlərinin yollarını qısaltmaqla borulara “qənaət” edib və qalan boruları satıb pullarını mənimsəyiblər. Üstəlik, qaz xətlərini bizim tor hasarların dirəklərinə bərkitməklə istifadə üçün onlara verilmiş boru dirəkləri də mənimsəyiblər. Baxdıq ki, layihədə nəzərdə tutulan xətlərlə realda çəkilən xətlər üst-üstə düşmür. Şirkət işçiləri bu yolla pul qazanıblar, əvəzində insanların həyatını təhlükəyə atıblar. Tor hasarlara birləşdirilmiş xətlər hər an qəzaya uğraya, partlayışa səbəb ola bilər,”- şikayətçi deyir.
“Sayğaclarda qəza baş versə…”
Sakinləri təəccübləndirən həm də odur ki, Goycay Qaz İstismar İdarəsi podratçı şirkətdən işləri elə bu şəkildə də təhvil-təslim alıb. Günlər keçdikcə etibarsız dirəklərə birləşdirilən qaz xətləri ətrafda yaşayanların narahatçılığına səbəb olub, sakinlər “Azəriqaz”ın “104” Qaynar xəttinə xeyli zəng vursalar da, nəticəsi olmayıb. Səbuhi Quliyev sözünə davam edir:
“Bir neçə ay əvvəl rayonun icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə kəndimizdə vətəndaşların qəbulunu keçirirdi. Qəbuldan əvvəl vətəndaşlardan hansı şikayətlərlə bağlı gəldiklərini söruşub qeydiyyata alırdılar. Mən də qaz xətləriylə bağlı şikayətçi olduğumu bildirdim. Həmin vaxt orada qaz idarəsindən nümayəndə vardı, yalvardı, yaxardı ki, məsələni başçıya deməyim, tezliklə şəxsən özü təşəbbüs göstərəcək, problem həllini tapacaq. Mən də inandım və susdum. Ancaq problem hələ də həll olunmayıb. Sayğacı bizim mal tövləsinin divarında quraşdırılan qonşular da şikayətçidir. Məsələn, Şərqiyyə adlı qonşunun sayğacı bizim həyətdədir və onun eviylə sayğac arasında 130 metr məsafə var. Üstəlik, sayğaclardan qazsızması olsa, bir partlayış, yanğın baş versə, mənim tövləm heyvanlarla, ot tayaları ilə birlikdə alışsa, qarşısını almaq mümkün olmayacaq, yanğın evlərə keçəcək”.
Göyçay rayon Qaz İdarəsindən bildirilib ki, Səbuhi Quliyevin yaşadığı ünvanda quraşdırılmış sayğaclara qaz xətlərinə baxış keçirilib. Məlum olub ki, sayğacların tövlənin divarına vurulmasına abonentlər özləri razılıq veriblər. Yaxın vaxtlarda həm sayğacların yerləri, həm də dayaqlar dəyişdiriləcək.