Göyçay sakini: Qapıya gələn icra məmurları məni döydü

”Dedilər, indi özümüz səni polis şöbəsinə basacağıq, yazıb qoyacağıq ki, bizə müqavimət göstərmisən”

Source:
Səbuhi Quliyev
Səbuhi Quliyev


”Dedilər, indi özümüz səni polis şöbəsinə basacağıq, yazıb qoyacağıq ki, bizə müqavimət göstərmisən”

“Əllərində hər hansı sənəd yox idi. Onlarla məhkəməyə getməyimi tələb etdilər. Bildirdim ki, indiyədək aliment gecikdirməsi olmayıb. Üstəlik də, mənə məhkəməyə çağırışla bağlı hər hansı bildiriş gəlməyib. Sizdə varsa, verin, baxım. Dedilər, biz özümüz elə sənədik, düş qabağımıza… Dedim, gedin, əvvəl məhkəmə bildiriş göndərsin, məhkəmənin bildirişini saymasam, onda gələrsiz. Qapını bağlamaq istəyəndə yaxamdan yapışdılar. Üzümə, sinəmə vurdular”.

Göyçay sakini Səbuhi Quliyev Meydan TV-yə danışır ki, dekabrın 25-də günorta saat 5-in yarısında Göyçay Rayon İcra və Probasiya Xidmətinin Samir, Pünhan və adını bilmədiyi daha bir əməkdaşı onun yaşadığı ünvana gəlib. Tələb ediblər ki, onlarla birlikdə məhkəməyə getsin. Səbuhi Quliyev məhkəmə bildirişi olmadığına görə onlarla getməkdən imtina edib. Nəticədə döyüldüyünü iddia edir:

“Dedim, siz bura vəzifənizi yerinə yetirməyə gəlmisinizsə, sənəd göstərin. Mülki geyimdəsiz, sənəd də təqdim etmirsiz, mən hardan bilim sizin kim olduğunuzu? Bəlkə məni öldürməyə aparırsız… Mənə əl qadıranda telefonu götürdüm ki, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurum. Dedilər, indi özümüz səni polis şöbəsinə basacağıq, yazıb qoyacağıq ki, bizə müqavimət göstərmisən, xəsarət yetirmisən… Sonra da çıxıb getdilər”.

Səbuhi Quliyev deyir, icra məmurları getdikdən sonra DİN “102” xidmətinə və Təcili Yardıma zəng vurub:

“Xəstəxanada müayinədən keçdim, ambulator tibbi yardım göstərildi, ekspertizadan da keçdim. Xəsarətlərim də təsdiqlənib. İcra məmurlarının cəzalandırılmasına çalışacam. Bu gün mən onların cəzalandırılmasına nail olmasam, sabah onlar bunu bir başqasının da qapıya gedərək təkrarlayacaqlar”.

Səbuhi Quliyev deyir, baş vermiş hadisə xəstə anasına da təsirsiz ötüşməyib.

Səbuhi Quliyev aliment ödəyicisidir. İcra məmurları da yaşadığı ünvana dekabr ayı üçün 90 manat məbləğində alimenti ödəmədiyinə görə gəliblər.

Hüquqşünas Vaqif Alıyev deyir, əgər hadisələr və səbəb həqiqətən də vətəndaşın dediyi kimidirsə, burada icra məmurların hərəkətində qanun pozuntusu var:

“Əvvəla, dekabrın 25-də vətəndaşdan alimentin tələb olunması özü qanunsuzdur. Çünki tələb olunan tarixlə təqvim ayının bitməsi arasında hələ bir həftə müddət var. İkincisi, vətəndaş hətta alimenti gecikdirsəydi də, bir-iki ay gecikməyə görə ödəyicini məhkəməyə vermirlər, cəzalandırmırlar. Bu, aylarla ödəniş etməyəndə və məbləğ şişəndə baş verir. Aylarla alimenti ödəməyən şəxs əvvəl məhkəməyə verilir, rəsmi qaydada məhkəmə iclasına çağırılır. Çağırışı səbəbsiz yerə icra etmədikdə məcburi gətirilmə qərarı çıxarılır. Vətəndaş icra məmurlarının hərəkətlərindən şikayət etməlidir”.

Göyçay rayon İcra və Probasiya Xidmətindən Səbuhi Quliyevin dedikləri təkzib olunub. Bildirilib ki, Səbuhi Quliyevə alimentin vaxtında ödənilməsi ilə bağlı xəbərdarlıq etmək üçün bir icra məmuru gedib, Səbuhi Quliyevsə onu təhqir edərək qovub.

Göyçay Rayon Polis Şöbəsindən bildirilib ki, Səbuhi Quliyevin rayon İcra və Probasiya Xidmətinin əməkdaşlarının hərəkətlərindən şikayəti təhqiqatçıdadır və araşdırılır.

Ana səhifəBölgəGöyçay sakini: Qapıya gələn icra məmurları məni döydü