“Rəis müavini dedi ki, başçının ailəsində üç general var, Daxili işlər naziri Vilayət Eyvazov da qohumudur”
“Məhkəmə mənə 15 sutka həbs cəzası kəsdi, sonra polis bölməsinə qaytarıldım. 15 gün ərzində 3 dəfə möhkəm döyüldüm, aşağılandım, videoya çəkildim, şantaj olundum. Səbəb isə icra başçısından sosial şəbəkələrdə tənqidi yazılar yazmağım idi. Ondan əvvəl başçı məni məhkəməyə vermişdi. Mən şikayətə başqa rayon məhkəməsində baxılmasını istəyəndən sonra şikayətini geri çəkib, məni polisin əliylə “cəzalandırmaq” qərarına gəlmişdi”.
Bunu Meydan TV-yə Göyçayın Qarayazı kənd sakini Əhliman Əliyev deyir.
Əhliman Əliyevin sözlərinə görə, iyunun 8-də yaxın dostu Hacıqulu Qədirovun idarə etdiyi avtomobillə rayonun Füzuli küçəsində hərəkətdə olarkən yol polisləri maşını saxlayıb. Polislər Hacıqulu Qədirovdan sürücülük vəsiqəsi və avtomobilin sənədlərini istəyib. Sürücü sənədləri təqdim etmək üçün maşından düşəndə əraziyə içərisində polis işçiləri olan “Niva” markalı başqa polis maşını gəlib. Polislər və Göyçay Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin (İTB) rəisi Qiyas Behbudov onlara yaxılaşıb. Əhliman Əliyevin sözlərinə görə, polislər onun və Hacıqulu Qədirovun qollarını buraraq “Niva”ya mindiriblər, Göyçay Rayon Polis Şöbəsinə aparıblar. Şöbəyə aparılmaqlarının səbəbini iyunun 9-da Göyçay Rayon Məhkəməsi tərəfindən 15 sutkalıq həbs alıb polis şöbəsinə qaytarılandan sonra anlayıb.
“Hakim dedi, bu hal şahidini azı on iş üzrə dindirmişəm”
“İyunun 8-də polis şöbəsinə aparıldıqdan sonra “bizi bura niyə gətirmisiz” sualımıza cavab verən olmadı. Dedilər, səbrli olun, sabahı gözləyin, biləcəksiz. Sabahı gün məni və dostumu Göyçay Rayon Məhkəməsinə apardılar. Orda məlum oldu ki, hər ikimizə polisin qanuni tələbinə qəsdən tabe olmamaq maddəsini yükləyiblər. İşə hakim Fəttah İbrahimov baxırdı. Dedi, danış, nə baş verib, necə baş verib. Mən də bildirdim ki, yolda gedərkən heç bir səbəb olmadan polis işçiləri saxladı, bizi şöbəyə apardı, bizə heç nə deyilmədi, indiyə kimi də bilmirəm ki, bizi niyə saxlayıblar, məhkəmə qarşısına niyə çıxarıblar. Hakim elan etdi ki, mən və sürücü ilə bağlı polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə qəsdən tabe olmamaq) maddəsi ilə protokol tərtib olunub, işə də həmin protokol üzrə baxır. Bildirdim ki, polislər maşını saxlayandan sonra sürücüdən bircə tələbləri olub ki, sənədləri təqdim eləsin, o da maşından düşüb ki, təqdim eləsin, ancaq sənədləri təqdim etməmiş içərisi polislə dolu ikinci maşın gəlib və bizi götürüb şöbəyə aparıblar. Hakim hal şahidlərini çağırdı, mülki vətəndaşlar olan hal şahidləri üç nəfər idi, ikisi üzümə dayandı ki, “bəli, biz gördük, bu vətəndaş polisə tabe olmadı, asayişi pozdu”. Üçüncü hal şahidi gələndə hakim üzünü Qiyas Behbudova tutub dedi ki, bu hal şahidini indiyə kimi azı on iş üzrə dindirmişəm, bu işdə də dindirsəm, lap ağ olar. Ona görə də həmin adamı dindirmədi. Göyçay Rayon Polis Şöbəsinin üç polis işçisi də dindirdildi, üçü də üzümüzə dayandı ki, guya mən polislərə müqavimət göstərmişəm, tələblərinə tabe olamışam deyə, onları əlavə qüvvə kimi oraya çağırıblar. Hakimə bildirdim ki, hal şahidləri də, bu polis işçiləri də ağ yalan danışır. Polis maşını bizi saxlayanda ərazidə heç kim yox idi, yoldan keçən, bizi görən də yox idi, bu polislərin “əlavə qüvvə kimi çağırışa getdik” demələrinə gəlincə isə, bunları ora heç kim çağırmadı, bunlar elə hazır arxamızca gəlirdilər, bizim maşını saxlayan kimi, sürücü sənədlərini təqdim etməyə imkan tapmamış “Niva” dayandı, bunlar içindən tökülüşdülər. Tələb etdim ki, yol polisi maşınının kamerasının yaddaşındakı görüntülər məhkəməyə təqdim olunsun. Hakim məni dinləmədi, durub zaldan çıxdı, 10 dəqiqədən sonra qayıdıb 15 sutka həbs cəzasını elan etdi və yenə də mənim kameranın yaddaşına baxış keçirilməsi ilə bağlı tələbim havada qaldı”, – şikayətçi deyir.
“Döyüləndə bildim ki, sifariş başçıdan gəlib”
Əhliman Əliyevin sözlərinə görə, məhkəmədən Göyçay Rayon Polis Şöbəsinə qaytarılıb, hər şey də bundan sonra başlayıb:
“Axşam bir polis serjantı gəldi ki, dur, yuxarı mərtəbəyə çıxırıq. Dedim, məni məhkəmə məhkum edib, mən Ədliyyə Nazirliyinin məhbusuyam. Mənim polis şöbəsindəki otaqlarda nə işim var? Məni yuxarı – rəis müavini Fəxri Aslanovun otağına apardı, otaqda Fəxri Aslanovla İlyas Behbudov və bir neçə polis işçisi vardı. Fəxri Aslanov birbaşa sözə keçdi. Dedi: “Sən qudurmusan ki, orda-burda Mehdi Səlimzadədən yazırsan?” Onda anladım ki, hə, söhbət bu imiş. Deməli, mən neçə vaxt idi ki, icra başçısının qanunsuz əməlləri ilə bağlı prezidentə yazırdım, yazdıqlarıma cavab gəlmədiyi üçün başçıdan sosial şəbəkələrdə də yazırdım. Bunların da sən demə dərdi, azarı bu imiş… Anladım ki, başçı məni polis rəisinə və hakimə sifariş edib, polis tutub, hakim 15 sutkalıq cəza kəsib ki, 15 sutka ərzində polis məni rahat şəkildə “ağıllandırsın”. Məni iki saata yaxın döydülər, polislər qollarımı bağlayıb yerə yıxdı, Fəxri Aslanovla Qiyas Behbudov təpiklə, dubinkayla ayaqlarıma, böyrəklərimə vurdu. Sonra da məni təhqiramiz şəkildə telefonla çəkdilər. Halsız vəziyyətdə aparıb KPZ-yə atdılar”.
“Məni aşağılayıb, telefonun kamerasına çəkdilər”
Əhliman Əliyev deyir, növbəti gün axşam saatlarında yenə eyni vəziyyət təkrar olunub. Onu KPZ-dən çıxararaq Fəxri Aslanovun otağına aparıblar, Fəxri Aslanovla Qiyas Behbudov yerə yıxaraq döyüblər, telefonun kamerasına çəkiblər:
“15 gün orda qaldım, 3 dəfə belə möhkəm döyüldüm, sonra da təhqiredici formada videoya çəkildim. İyunun 23-də 15 sutka tamam oldu, şöbədən buraxılanda Fəxri Aslanov dedi, get, bundan sonra qələtini elə, başını daşa döy, yazanda bir qarşındakı adamına bax, gör kimdən yazırsan, nə yazırsan”.
“Şantaj və hədələr davam edir”
Şöbədən buraxılandan sonra Əhliman Əliyev Göyçay Rayon Məhkəməsinin qərarından Şəki Apelyasiya Məhkəməsinə şikayət edib:
“Şəki Apelyasiya Məhkəməsində də tələb etdim ki, saxlanılan anda yol polisi maşınının kamerasına düşən görüntülərə baxılsın, yenə hakim qulaqardına vurdu. Birinci məhkəmənin qərarını qüvvədə saxladı. Ancaq 15 sutkalıq həbsdə saxlanılarkən polis şöbəsində dəfələrlə döyülməyim, təhqir olunmağım və videoya çəkilməyimlə bağlı məhkəməyə dediklərimin araşdırılması üçün materialı Göyçay Rayon Prokurorluğuna göndərdi. Bundan xəbər tutan Fəxri Aslanov 1 həftə əvvəl məni yanına çağırıb hədələdi, dedi: “Bizdən şikayət eləmisən, yenə gəlib əlimizə düşəcəksən. Başçının ailəsində üç general var, Daxili işlər naziri Vilayət Eyvazov da qohumudur. Bir zəngi ilə səni məhv edər, köməyinə dadına İlham Əliyev də yetişməz”. İndi mən evdən çölə çıxa bilmirəm ki, şərləyib, tutub yenə aparıb salacaqlar şöbəyə. Şöbədə təhqiredici formada görüntülərimi çəkiblər, Fəxri Aslanov görüntüləri sosial şəbəkələrdə yayacağı ilə şantaj edir. Bizim ailəmizin rayonda hörməti var, hərənin özünə görə mənliyi var, polis niyə vətəndaşın mənliyini bu şəkildə alçaltmalıdır, niyə şantaj altında saxlamalıdır? Evdə xəstə valideynlərim var, düşünmürlər ki, bu iyrənc əməlləri ilə xəstə insanların faciəsinə səbəb ola bilərlər? Məni polisə aparandan sonra ailəmə məlumat verilməmişdi, atam dəfələrlə DİN 102 xidmətinə zəng vurub, 2 gün sonra ailəmizə deyiblər ki, 15 sutkalıq həbsdəyəm, polis şöbəsində saxlanılıram. O iki günün içində yerim bəlli olanadək ailəm, valideynlərim dərin stress, həyəcan, qorxu yaşayıb”.
Başçı bu vətəndaşı məhkəməyə veribmiş
Bu ilin may ayında Göyçayın İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Əhliman Əliyevi “Facebook” şəbəkəsində DTX rəisi Əli Nağıyevə, prezidentə və vitse-prezidentə ayrı-ayrılıqda bir neçə dəfə müraciət paylaşdığına görə xüsusi ittiham qaydasında məhkəməyə verib. Başçı tələbini belə əsaslandırıb ki, Əhliman Əliyev sosial şəbəkədə “başçı xalqa qan uddurur”, “xalqı qara maskalılarla hədələyir”, “ehtiyaclı ailələrə çatacaq yardımları sifarişlə imkanlı adamlara paylayır”, “rayonun mərkəzində yaşıllıqları məhv edərək yeri satır” kimi məlumatlar yaymaqla ona böhtan atıb, şərəf və ləyaqətini alçaldıb, nüfuzuna xələl gətirib. Əhliman Əliyev deyir, Şəlki Apelyasiya Məhkəməsinə müraciət edərək başçının şikayətinə Göyçay Rayon Məhkəməsi tərəfindən baxılmasına etiraz edib, şikayətə başqa rayon məhkəməsində baxılmasını istəyib. Bundan sonra başçı öz şikayətini geri götürüb.
“Şikayətini geri çəkdi, polisin əliylə “cəzalandırdı”
“Ancaq başçının bununla ürəyi soyumadı, sizə yuxarıda danışdığım kimi, məni polisin əliylə “cəzalandırmaq” istədi, bir neçə gündən sonra içərisində olduğum maşını saxladılar və gerisini artıq bilirsiz. Yeri gəlmişkən, iyun ayında barəmdəki 15 sutkalıq həbsi də elə Şəki Apelyasiya Məhkəməsinə may ayında barəsində etiraz yazdığım Göyçay məhkəməsinin hakimi İbrahim Fəttahov çıxartdı. Yəni bu boyda özbaşınalıq, qanunsuzluq baş verdi, mənə qarşı hədələr, təzyiqlər hələ də davam edir. Buradan Daxili işlər naziri, genaral Vilayət Eyvazova müraciət edirəm. Nazirdən Göyçay polisində mənimlə bağlı baş verənlərin araşdırılmasını, mənə qarşı vəhşilik etmiş və hələ də şantaj, hədə-qorxu gəlməkdə davam edən rəis müavini Fəxri Aslanovun, Qiyas Behbudovun qanun qarşısında cəzalandırılmasını xahiş edirəm”.
Əhliman Əliyev deyir, onunla birlikdə saxlanılmış və eyni maddəylə 15 sutkalıq həbs cəzası kəsilmiş Hacıqulu Qədirov da şöbədə döyülüb, həbs cəzası başa çatdıqdan sonra məhkəmə qərarından Şəki Apelyasiya Məhkəməsinə şikayət versə də, təmin olunmayıb.
Göyçay Rayon Polis Şöbəsindən bildirilib ki, iyunun 8-də saat 20 radələrində Göyçay şəhəri, Füzuli küçəsində “VAZ 2106” markalı, “23 BG 535” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Hacıqulu Qədirov təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə YPX əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı Hacıqulu Qədirovun həmin nəqliyyat vasitəsini idarə etmək hüququq olmadığı üzə çıxıb. Yol polisi avtomobili mühafizə olunan duracağa aparmaq istəyəndə Hacıqulu Qədirov və Əhliman Əliyev mane olub, buna görə də hər ikisi Göyçay Rayon Polis Şöbəsinə gətirilərək barələrində protokol tərtib olunub, məhkəməyə göndərilib. Nə Əhliman Əliyevə, nə də Hacıqulu Qədirova qarşı polis şöbəsində fiziki zor tətbiq olunmayıb, hər hansı aşağılayıcı hərəkətə yol verilməyib, hər hansı çəkiliş aparılmayıb.
Meydan TV müxbiri Göyçay Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib.