Göyçay sakini: Dövlət təbii fəlakətin vurduğu ziyanı ödəmir

“Bu mümkün olan iş deyil”.

Source: Specify Source


“Hər dəfə deyirlər ki, sizin məsələnizə baxacaqlar”

“Dişimlə-dırnağımla qazandığım pula tikdiyim tövləni, hasarı çayın suları yuyub aparıb. Buna görə dəfələrlə aidiyyətli qurumlara müraciət etmişəm. Lakin təbii fəlakətdən sonra dəyən maddi ziyanı dövlət ödəmir”.

Göyçay şəhəri, Əli Səmədli küçəsi dalan 4, ev 6 ünvanında yaşayan Akif Həmidov şikayətçidir. O, Meydan TV-yə deyir ki, sovet hakimiyyəti dövründə Göyçay çayı yaxınlığında aldığı topaq sahəsində tikdiyi tövlə və evinin hasarı uçub:

“Sovet hakimiyyəti dövründə Göyçay çayı ərazisində səkkiz sot torpaq almışdım. Getdim Rusiyada, zülmlə, əzab-əziyyətlə pul qazandım. Gəldim, üç min dolları manata çevirdim. Hasar çəkdim, tövlə tikdim, mal-heyvan saxlayırdım, birtəhər dolanırdıq. 2016-ci ildə çay dərinə düşdü, mənim on metrlik tövləm uçdu, hasarımın divarları partladı. Mişar daşlarından hörmüşdüm, yarısını çay yudu apardı, yerdə qalanını həyətə daşıdım. Həmin yer hələ də qəzalı vəziyyətdə qalıb. Sel nəticəsində üç iribuynuzlu heyvanım öldü. Üçünü də dəyər-dəyməzinə satdım. Çayın qırağında ziyan ancaq mənə dəydi. Digər evlərə heç nə olmadı”.

Şikayətçi deyir ki, Göyçay Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, nəticəsi olmayıb:

“Bunlardan bir haray çıxmayandan sonra oğlum İbrahim Həmidov Prezident və Birinci-vitse prezidentə bir neçə dəfə məktub yazdı. Məktublardan sonra Göyçay Rayon İcra Hakimiyyətindən nümayəndələr gəlirdi, əllərində də fotoaparat. Gəlirdilər, şəkillər çəkib gedirdilər. Hər dəfə də deyirdilər ki, sizin məsələnizə baxacaqlar. Artıq 2020-ci ildir, hələ də baxmayıblar. Mənə köməklik etsinlər, divarımı çəkim, tövləmi yenidən tikim. Dəfələrlə keçmiş icra başçısı Mübariz Ağayevin qəbulunda oldum. Köməklik göstərilmədi. Daha sonra yeni təyin olunmuş icra başçısı Mehdi Səlimzadənin qəbulunda düz üç dəfə oldum. Başçının qəbuluna böyük əmimlə getmişdim. Mehdi Səlimzadə dedi ki, seyidlə gəlmisiz, köməklik edərəm. Bir ildən çox vaxt keçib, amma heç bir köməklik edən olmayıb. Deyib ki, köməklik edəcəyik. Bu köməklik dildə də qalıb. Onu da deyim ki, evimin sənədləri də qaydasındadır”.

Akif Həmidovun dediyinə görə, həmin ərazidə uçmaya səbəb çayın məcrasında uzun illər qum-çınqıl karxanalarının fəaliyyət göstərməsi olub:

“Mən bu ərazidə doğulub böyümüşəm. Göyçay çayı evdən xeyli aralı idi. Ərazidə daş karxanalar salındı, milyonlar, milyardlar qazandılar. Qazıntılar nəticəsində çay bir yerə yığıldı. Ardınca da mənim evim olan hissə dərinə düşdü və uçmağa başladı. Həmin boşluğu doldurdular, çayın mənim evim ərazisinə axan məcrasını da dəyişdilər. Hökumətdən onu istəyirəm ki, mənə dəyən maddi ziyanı aradan qaldırsın. Tövləmi tikim, hasarımı çəkim. Mal-heyvan alım. Bundan sonrakı həyatımda qocalığımı rahat yaşaya bilim”.

img-20200613-wa0016.jpg
Göyçay Rayon İH-nin cavab məktubu

Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov Meydan TV-yə bildirib ki, çayın sahilindək evlər mühafizə ərazisində yerləşdiyi üçün qanunsuz tikili sayılır:

“Tək Akif Həmidov deyil, sahilin mühafizə zonasında bir çox insanlar qanunsuz çoxsaylı evlər, tövlələr tikib, bağ salıblar. İki il öncə sel suları nəticəsində həmin ərazidə sahilyuma prosesi baş verdi. Təbii fəlakət zamanı çayın mühafizə ərazisində inşa olunan qanunsuz tikililər təhlükə altına düşdü. Oradakı ev və tikililər bir yana, heç torpağın da sənədi yoxdur. Halbuki öncə torpağın, sonra isə tikintinin sənədi olmalıdır. Ümumiyyətlə, təbii fəlakət və ya yanğın kimi hallardan qorunmaq üçün dövlət və ya özəl sığorta şirkətində sığortalanmaq lazımdır. Sadaladıqlarım olmadığı halda insanlar dəyən maddi ziyanı bərpa etməyi tələb edirlər. Bu mümkün olan iş deyil. Göyçay çayı sahilində təhlükə dərinləşməsin deyə cənab Prezidentin sərəncamı ilə sahilin məcrasının dəyişdirilmə və sahilbərkitmə işləri aparıldı. Artıq bu layihə başa çatmaq üzrədir. Bu gün həmin evlər üçün heç bri təhlükə yoxdur. Akif Həmidovun müraciətinə gəlincə, həmin vətəndaşı tanıyırıq. Bununla bağlı ona izahat verilib. Vətəndaşın hər hansı bir tikintisi təbii fəlakətdən uçanda, dağılanda onun bərpası üçün sığorta məşğul olur. Bunların da heç birinin sığortası yoxdur. Rayon İcra Hakimiyyətinin elə bir maddi bazası yoxdur ki, vətəndaşların hansısa tikdirdiyi qanuni və ya qanunsuz evin bərpasına köməklik etsin”.

Ana səhifəBölgəGöyçay sakini: Dövlət təbii fəlakətin vurduğu ziyanı ödəmir