Göyçay şəhər sakini Füzuli Məmmədov

Mənbə: meydan tv

Başlıq: Göyçay şəhər sakini Füzuli Məmmədov

Göyçay sakini: Birinci qrup gözdən əlil yerli icra hakimiyyəti tərəfindən aldadılır

Məqalə yeniləndi:  2 Sentyabr 2019

“Gözü görməyən adam tualetdən ötrü qonşuya gedər?”

Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan birinci qrup gözdən əlil Füzuli Məmmədov Cəlal oğlu yerli icra hakimiyyəti tərəfindən aldadıldığını bildirir.

Şikayətçinin oğlu Nurlan Məmmədov Meydan TV-yə deyir ki, atası ilk dəfə 2017-ci ildə evlərinin yaşayış üçün yararsız olması ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib:

“Kişi o vaxt düz iki dəfə getdi, amma başçı ilə görüşə bilmədi. Müavinlə görüşdürüblər, o da dikbaşın biridir. Atama deyib ki, bizdə pul yoxdur, vətəndaşa ev tikək.

Bu il martın 15-də evin vəziyyəti ilə bağlı Prezident İlham Əliyevə və xanımı, Birinci-vitse prezident Mehriban Əliyevaya məktub yazdıq. Bir müddət sonra İcra Hakimiyyətindən nümayəndələr gəldi. Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Kamil Qasımovla hüquq şöbəsinin müdiri Samir Xəlilov evə birgə baxış keçirdi.

Kamil Qasımov baxdı, qayıtdı ki, ev yaxşı vəziyyətdədir. Mən də cavabında dedim ki, yaxşı vəziyyətdədirsə, onda çəkiliş edək, bütün bu söylədiklərini kamera qarşısında de. Belə deməyimdən sonra başladı ki, əslində, haqlısan, ev bərbad durumdadır. Onlara evi göstərdim, dedim ki, bizdə hamam-tualet yoxdur. Birinci qrup gözdən əlil, hamam-tualetə qonşunun qapısına gedir, bu biabırçılıqdır. Gözü görməyən adam tualetdən ötrü qonşuya gedər? Dam örtüyü yox dərəcəsindədir. Divarlar, tavan, döşəmə bərbad gündədirsə, daha nə qaldı? Kamil də dedi ki, düz deyirsən, sizə mütləq yardım olunmalıdır. Mənimlə razılaşıb, getdi. Bir müddət sonra İH-dən məktub gəldi ki, sizin evə baxış keçirilib. Ev çoxdandır təmir olunmayıb deyə köhnəlib, amma yaşayış üçün heç bir problemi yoxdur. Evin hər an uçma təhlükəsi olduğu halda, yalandan yazıb ki, köhnədir, bir-iki çat var, vəssalam. Camaatın malikanəsində də çat var də. Gəlir, yalandan vəd verir, bizi aldadır ki, bəs düz deyirsiz, evə təmir düşür, yararsız vəziyyətdədir. Gedir, sonra da bizə və prezidentə məktub göndərir ki, guya evdə problem yoxdur. Həmin məktubu yuxarıya göndərəndə, əlbəttə, bizə heç kim yardım etməyəcək, ev probleminə baxmayacaq. Axı, sənin borcun problemi necə varsa, elə də yazıb, yuxarılara göndərməkdir. Məktubda deyilir ki, hər bir vətəndaş evini şəxsən özü tikməlidir. Razıyam, sizdən ev istəsəm, bu sözləri mənə deyə bilərsiniz. Amma birinci qrup gözdən əlilə deyə bilməzsən ki, evini özün tik. Bunlar deyirlər ki, qanunda birinci qrup gözdən əlilləri evlə təmin etmək kimi bir şey yoxdur. 2015-ci il dekabrın 25-də Bakıda 132 nəfər birinci qrup gözdən əlilə mənzil tikilib verilib. Yaxşı, birinci qrup əlil yararsız evdə yaşayanda da ona mənzil düşmür?”.

Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Kamil Qasımov baxdı, qayıtdı ki, ev yaxşı vəziyyətdədir.

Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Kamil Qasımov baxdı, qayıtdı ki, ev yaxşı vəziyyətdədir.

Mənbə: meydan.tv

Nurlan Məmmədov söyləyir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanan şikayət məktubundan sonra yenidən yerli icra hakimiyyətindən nümayəndələr gəlib:

“Onlardan biri başlayıb ki, gəlin, sizi birinci qrup gözdən əlillərin güzəştli mənzil siyahısına salaq. Mən də dedim ki, 1981-ci ildən ev növbəsində gözləyən adamlar var. Bu ev isə hər an uçma təhlükəsi ilə üz-üzədir. Mən cavanam, 25 yaşım var, problem yoxdur, ev uçsa, harada gəldi, başımı soxub qalacağam. İnsaf da yaxşı şeydir axı, bu insan hətta işığı belə seçmir. Gözləri 1990-cı ildən tamamilə tutulub. Əlindən yapışmasaq, heç bir yerə gedə bilmir. Yalnız evin içində hərəkət edə bilir. Atam yüksək təzyiq və qızdırma ilə doğulubmuş. Sonradan da gözü çox zəif olub, eynək taxırmış. 1983-cü ildə ikinci qrup əlil idi. 1990-cı ildən isə gözü tamamilə tutuldu, birinci qrup əlil oldu. Böyük qardaşım 1989, bacım 1991, mən isə 1994-cü il təvəllüdlüyəm. Bu insan nə bacımın üzünü görüb, nə də ki, mənim”.

“Əgər ev problemimiz həll olunmasa, valideylərimi də götürüb, gedəcəyəm, ölkə vətəndaşlığından imtina edəcəyəm”, - Nurlan Məmmədov deyir:

“Əgər bunlar vətəndaşlarına sahib çıxmırlarsa, gedim başqa ölkəyə. Dözə bilmirik, adamı nə qədər aldadarlar? Gecələr əsəbdən yata bilmirəm. Yaxşı, məni aldatdılar, boş verdim. Amma atamı aldadanda bunu qəbul edə bilmirəm. Kişiyə deyirlər ki, biz qeyd edəcəyik ki, sizin eviniz yararsızdır, o da sevinir, həvəslənir. İki-üç gündən sonra evə məktub göndərirlər ki, evinizdə heç bir problem yoxdur. Məktubu atama oxuyuram, görürəm ki, kişi necə əsəbləşir, şəkər adamdır, olmaz axı.

Guya biz neft-qaz ölkəsində yaşayırıq, gündən-günə inkişaf edirik. Başıma uçan xarabaxana evdə yaşayıramsa, sizin inkişafınız nəyimə lazımdır? Parkı əlli dəfə söküb-tiksinlər, nəyimə gərəkdir? Mən bu cür evdə yaşayandan sonra parkı neynirəm? Gedib o parkı iki saat gəzəndən sonra yenə də bu xarabaya girirəm də. Qarşıdan payız gəlir, evin hər hər yerindən damacaq. Əlimizdə vedrə, evin içində ora-bura qaçmağa artıq halımız yoxdur.

Əsgərlik yaşım çatanda, dirəndilər qapıma, tutub qolumdan apardılar. Vətənə xidmətimi etmişəm. Aprel döyüşlərində getdim, adımı könüllü yazdırdım. Siz də nə olar, gəlin, bizə xidmətinizi göstərin. Siz də azərbaycanlı olduğunuzu göstərin. Heç bir şikayətə baxmırlar, burada özbaşınalıqdır”.

"Mən bu cür evdə yaşayandan sonra parkı neynirəm?"

"Mən bu cür evdə yaşayandan sonra parkı neynirəm?"

Mənbə: meydan.tv

Nurlan Məmmədov işsizlik problemindən də danışır. Deyir ki, Göyçay Rayon Məşğulluq Mərkəzində üç il əvvəl qeydiyyata dayansa da, hələ də gözləyir, onu işlə təmin etmirlər:

“İcradan ikinci dəfə gələndə şəxsiyyət vəsiqəmi götürdülər ki, səni Göyçay Rayon Qaz-İstismar İdarəsinə işə düzəldəcəyik. Şəxsiyyət vəsiqəmi götürüb, getdilər. Üstündən bir müddət keçəndən sonra dedilər ki, Göyçay Rayon Məşğulluq Mərkəzinə get. Mərkəzdə mənə dedilər ki, iki gün bundan qabaq qeydiyyata alınmısınız. Halbuki, mən 2017-ci ilin iyulunda qeydiyyatdan keçmişdim. Kompüteri açıb, deyir ki sistemdə adın çıxmır. Mən də soruşdum ki, bəs sizin arxiviniz yoxdur? Təklif etdim ki, otaqda olan kameranın arxivini açın. Sizə bura gəlib, qeydiyyata dayandığım vaxtın gününə, saatına kimi deyərəm. Cavabında dedilər ki, biz onlara baxa bilmirik. Deyirəm ki, bəlkə iki il qabaq kimsə gətirib bura bomba ilişdirib, indi partladacaq? Necə yəni kameranın arxivi yoxdur?

Mən üç il mühasib işləmişəm. 2017-ci ildə işdən çıxdım, Məşğulluq Mərkəzinə gedib, sənəd verdim ki, Göyçay Rayon Qaz-İstismar İdarəsinə işə düzəlim. Mənə dedilər ki, vakant yer olan kimi sizə xəbər edəcəyik. Əlavə etdilər ki, siyahıda 3-4-cü adamsan. Məndən sonra müraciət olunanlar artıq işləyir. Mən niyə işə girə bilmirəm? Göyçay Rayon Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov mənə deyir ki, vakant yer yoxdur. Soruşuram ki, necə yəni yoxdur? Düz iki ildir ki, gözləyirəm. Bu iki ildə Göyçay Rayon Qaz-İstismar İdarəsinə işçi yönləndirilib axı”.

Göyçay Rayon Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılovdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Göyçay Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov isə Meydan TV-yə bildirib ki, İH-nə vəsait ayrılmadığı üçün qurum vətəndaşların fərdi evinin tikintisi, yaxud təmirini həyata keçirmir:

“Yalnız Mənzil Kommunal İstismar Sahəsinin balansında olan binaların dam və çöl örtüyü təmir edilə bilər. Bununla belə, vətəndaşlar müraciət edəndə, İH-nin memarlıq şöbəsinin işçiləri evlərə baxış keçirir. Onu da deyim ki, bu ilin aprelinə kimi Göyçayda səkkiz yaşayış evi yanıb, tamamilə kül olub. Birinin içində də vətəndaş ölüb. Bu gün icra hakimiyyəti, biz səfərbər olmuşuq, insanlıq naminə evi yanan ailəyə ev tikirik. Evi yananı irəli salmaq lazımdır. Bundan başqa, məcburi köçkünün uçan evi tikilir. Müşfiqli kəndində başqa bir tikinti işi gedir. Təbii ki, gözdən əlil də çətin, ağır vəziyyətdə yaşayır. Biz də istəyərik ki, ona köməklik edək. Vətəndaşlara müvafiq imkanlar daxilində köməklik edilir”.

Nurlan Məmmədov isə “Göyçay Rayon İcra Hakimiyyətindən mənə ev tikilməsini istəyən kimdir?”, - deyir:

“Hər dəfə deyirlər ki, icra hakimiyyəti ev tikmir. İstəyim odur ki, evimin durumu ilə bağlı yuxarılara düzgün məlumat verilsin. Sən mənim problemimi yuxarıya çatdırmırsan. Evimə baxış keçirib, amma məktubda vəziyyətin necə olduğunu yazmayıb. Bizim yeganə istəyimiz odur ki, problemlərimizi yuxarıya olduğu kimi çatdırsınlar”.

"İki-üç gündən sonra evə məktub göndərirlər ki, evinizdə heç bir problem yoxdur".

"İki-üç gündən sonra evə məktub göndərirlər ki, evinizdə heç bir problem yoxdur".

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  2 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/j0ljmp

Ən çox baxılan