“Göyçay Mərkəzi Xəstəxanasında xəstəni öldürüb, sonra diaqnoz qoyurlar”

Gənc ananın ölümündə xəstəxananın həkimləri günahlandırılır

Bu il iyulun 23-də gecə saatlarında Göyçay sakini, 29 yaşlı Vüsalə Quliyeva Göyçay Rayon Mərkəzi Xəstəxanasında həkim səhlənkarlığı nəticəsində həyatını itirib. Vüsalə Quliyevanın ailə üzvləri deyir, hadisənin üstündən 4 aya yaxın vaxt keçsə də, xəstəxana həkimləri barədə yalnız töhmət xarakterli tədbir görülüb, heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb.

Mərhumun ailə üzvü Səbuhi Quliyev Meydan TV-yə danışır ki, iyulun 20-də Vüsalə Quliyevada qəfil halsızlıq, yüksək hərarət yaranıb. Elə həmin gün ailə üzvləri onu Təcili Tibbi Yardım Stansiyasına aparıblar, həkim Əli Əsgərov iynə vurub, resept yazıb, arxayın edib ki, ciddi bir şey yoxdur və yola salıb:

“Dedi ki, indi hamıda bu qızdırmadan var, gedin, yazdığım reseptdəki dərmanları verin, yaxşı olacaq. Gəldik evə, qızdırma düşmədi, bu dəfə götürüb Göyçay Mərkəzi Xəstəxanasına apardıq. Xəstəxananın həkimi İlhamə xanım rentgenə göndərdi, sonradan bilmişik ki, rentgen aparatı işləmirmiş, bizdən gizlədiblər. Vüsaləni aidiyyəti olmayan flüoqrafoya aparatıyla müayinədən keçiriblər, hansı ki, həmin aparat ağciyərin vəziyyətini aşkar edə bilmir. Nəticəni gətirdik verdik İlhamə xanıma, dedi, bunda heç nə yoxdur, ciyərləri də, tənəffüs yolları da təmizdir”.

Şikayətçinin deməsinə görə, yenə xəstəni elə hərarət içində götürüb, evə dönüblər. Ancaq gecə saatlarında vəziyyəti ağırlaşıb və yenidən Göyçay Rayon Mərkəzi Xəstəxanasının qapısını döyməli olublar:

“Xəstəxananın acil şöbəsində növbətçi həkim Fatimə Abdullazadə idi. Vüsalənin hərarəti artıq 40-ı ötmüşdü. O da bir iynə vurdu, dedi, indi həkimlər yoxdur, heç nə edə bilmərəm, aparın evə, səhər gətirərsiz, həkimlər baxar. Gecəylə baş həkim Ləman Hacıyevaya dəfələrlə zəng vursam da, telefonu açmadı. Yenə də əlacsız şəkildə Vüsaləni xəstəxanadan çıxarıb anasıgilə apardıq”.

Səbuhi Quliyev deyir, eyni vaxtda Vüsalənin 8 aylıq övladı da ağır xəstə olub və eyni xəstəxanaya 1 ay imiş ki, aparıb-gətirirlərmiş, ancaq həkimlər diaqnoz qoya bilməyiblər. Vüsaləni evə gətirəndən sonra körpənin vəziyyətinin ağırlaşdığını öyrənib: “Körpəni də təxminən bir ay idi ki, həmin xəstəxanaya aparıb gətirirdik. Hər dəfə başqa-başqa diaqnozlar qoyub, fərqli müalicələr edib vəziyyətini ağırlaşdırmışdılar. Elə həmin gecə biz Vüsaləni evə gətirəndə zəng vurub dedilər ki, gəlin uşağı təcili Mingəçevirə aparın, yoxsa öləcək. Biz də Vüsaləni buraxıb, qaçdıq xəstəxanaya, uşağı götürüb gecəylə Mingəçevirə çıxdıq. Mingəçevir Mərkəzi Xəstəxanası qəbul etmədi, dedi, uşağın vəziyyəti ağırdır, bizlik deyil, Bakıya – OMD-yə çatdırın. Evdən zəng gəldiyi üçün uşağı götürüb, əvvəl Göyçaya gəldik, mən Vüsaləni Göyçay Mərkəzi Xəstəxanasına, qardaşımsa uşağı Bakıya – OMD-yə götürdü. Yenə müayinə rentgenə göndərdilər, bu dəfə dedilər ki, ciyərlərində buz var, infeksion şöbəyə yatırtdılar. Dedik, axı xəstənin durumu çox ağırdır, niyə reanimasiyaya götürmürsünüz? Heç yarım saat keçmədi, Vüsalə komaya düşdü, ondan sonra reanimasiyaya köçürtdülər”.

Günorta saatlarında reanimasiya şöbəsinə köçürülən gənc Vüsalənin hekayəti elə həmin gecə saat 4-də orada uğursuz başa çatır. Ekspert onun pnevmaniyadan öldüyünə dair rəy verir. Səbuhi Quliyev sözünə davam edir:

“Pnevmaniya vaxtında qarşısı alınanda sağalan xəstəlikdir. Kor-kor, gör-gör, həkimlər Vüsaləni 3 gün apar-gətir etməklə müalicəni gecikdirdilər. Göyçay Mərkəzi Xəstəxanasının həkimləri belədir – xəstəyə sağlığında qoymalı olduğu diaqnozu keçinındən sonra qoyur. Halbuki, pnevmaniyanı aşkarlamaq üçün dağı-dağ üstə qoymağa ehtiyac yoxdur. Məsələ ağciyər idisə, mütləq KT lazım idi, etməyiblər”.

Səbuhi Quliyevin deməsinə görə, əvvəlcə xəstəxana məsuliyyəti yaxasından uzaqlaşdırmaq üçün rəydə saxtalaşdırmaya yol verilib. O da Göyçay Rayon Prokurorluğuna, Baş Prokurorluğa, Prezident Administrasiyasına müraciət edib. O, ailə üzvlərinin də iştirakıyla təkrar komisyon ekspertiza keçirilməsini istəyib. Rayon prokuroru ötən ay müraciəti təmin edib:

“Komisyon ekspertiza sənədlərin ekspertizasıdır, həkimlər nə etməliydilər, nəyi ediblər, nəyi yox, müalicə düzgün aparılıb, ya yox, dozalar düzgün olub, olmayıb… Birinci komisyon ekspertizada infeksionist iştirak etməmişdi, mənim vəsatətimlə ikincidə infeksionist də dəvət olundu. Komisyon ekspertiza bir neçə dəfə keçirilsə də, bizi yalnız bir dəfə dəvət etdilər. Sonra da özlərinə sərfəli olan qərarı çıxartdılar”.

Vüsalə Quliyevanın ailə üzvləri Göyçay Rayon Mərkəzi Xəstəxanasının bir neçə həkiminin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir:

“Məsələn, Təcili Yardım Stansiyasının həkimi Əli Əsgərov yüksək hərarətlə gətirilən xəstəyə iynə vurub, nəzarətdə saxlamadan, hərarəti qaydasına düşmədən evə göndərib. Xəstədən yaxma götürmək, onu ixtisaslaşmış həkimə yönləndirmək əvəzinə, özbaşına resept yazıb ki, yazdığı dərmanlar da əks təsirini göstərərək xəstənin vəziyyətini ağırlaşdırıb. Növbəti gün Göyçay Rayon Xəstəxanasına aparanda KT olunmalıydı, etməyiblər, aidiyyəti üzrə olmayan flüoqrafiya aparatıyla müayinə aparıb nəticəni səhv yazıblar. Yenə də xəstənin hərarətini nəzarətdə saxlamaq, tibbi yardımlar göstərmək əvəzinə İlhamə həkim geri qaytarıb. Növbəti gecə yenə ağırlaşmayla aparanda növbətçi həkim Fatimə Abdullazadə geri qaytarıb ki, gedin, sabah gəlin. Analizlər, müayinələr, düzgün diaqnoz, müalicələr vaxtında olsaydı, ölüm-itim də baş verməzdi. Vüsalənin vəziyəti bu həkimlərin sayəsində ağırlaşıb və bir insan gənc yaşında həyatını itirib. İki körpə anasız qalıb – biri 1, o biri 3 yaşında… O həkimlər buna görə qanun qarşısında cavab verməlidilər. Mənim onlara həkim deməyə də dilim gəlmir”.

Səbuhi Quliyev deyir, Göyçay Rayon Prokurorluğu bir aydan çoxdur ki, TƏBİB-ə bu ölüm işiylə bağlı xidməti yoxlama aparmasını tapşırıb, ancaq hələ də aparılmayıb:

“Burada söhbət bir xəstəxanadakı idarəçilikdən gedir. Bir xəstəxananın altı həkimi xəstəyə üç gündə diaqnoz qoya bilməyib. Rentgen aparatının işləməməsi birbaşa xəstəxana direktorunun məsuliyyətidir. Xəstələri flüoqrafiya aparatından keçirib, rentgen müayinəsi qəbzi verirlər. 7 aydır ki, göyçaylılar rentgendən keçmək üçün Qəbələyə 70 kilometr yol gedib-gəlirlər”.

Göyçay Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, məsələ rayon prokurorluğunda araşdırılır və ora müraciət edək. Göyçay Rayon Prokurorluğundansa bildirilib ki, Vüsalə Quliyevanın müalicə aldığı Göyçay Mərkəzi Xəstəxanasında ölməsi faktı üzrə araşdırmalar davam edir. Oktyabrın 3-də mərhumun ailəsinin müraciəti əsasında komisyon-tibb ekspertizası təyin edilib və və icra edilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Patoloji Anotomiya Bölməsinə göndərilib, icra olunub.

TƏBİB-in Quliyevlər ailəsinə göndərdiyi məktubunda qeyd olunub ki, xəstəxanada Vüsalə Quliyevanın ölümüylə bağlı araşdırma aparılıb. Xəstəxananın Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təcili yardım bölməsinin təcili tibbi yardım üzrə həkimi Fatimə Abdullazadə, bölmənin tibb bacısı Aytac Qasımovaya, tibb bacısı Samirə Zeynalovaya töhmət verilib. Xəstəxananın laboratoriya şöbəsinin laborantı Ulduzə Xəlilovaya yazılı xəbərdarlıq edilib.

Qurumdan Meydan TV-yə bildirilib ki, Vüsalə Quliyevanın tibbi sənədləri təhlil edilməsi üçün “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində şəxslərə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və ölüm hallarının təhlili üzrə Komissiya”ya təqdim edilib.

Komissiyanın araşdırmasından sonra nəticə barədə əlavə məlumat veriləcək.

“Eyni zamanda, xəstəxananın aidiyyəti şöbəsinin adıçəkilən əməkdaşları ƏMək Məcəlləsinin müvafiq maddələri üzrə cəzalandırılmışdır. Rentgen cihazında yaranan nasazlıq qısa müddət ərzində aradan qaldırılacaqdır”.

Quliyevlər ailəsinin deməsinə görə, rayon prokurorluğu sonuncu ekspertiza rəyinə əsasən xəstəxananın baş həkimi də daxil olmaqla, həkim məsuliyyətsizliyinə görə altı nəfəri işə cəlb edib. Ancaq Quliyevlər qərarla razılaşmayıblar və daha iki həkimin də cəlb olunması üçün müraciət ediblər.

Ana səhifəBölgə“Göyçay Mərkəzi Xəstəxanasında xəstəni öldürüb, sonra diaqnoz qoyurlar”