Görünməz Adam

Bu gün dillənmədiyiniz haqsızlıqların, ədalətsizliklərin cəzasını gələcəkdə, indi qucağınızdan yerə qoymağa qıymadığınız körpələriniz çəkəcək

Source:
İltifat Köçəri
İltifat Köçəri


Bu gün dillənmədiyiniz haqsızlıqların, ədalətsizliklərin cəzasını gələcəkdə, indi qucağınızdan yerə qoymağa qıymadığınız körpələriniz çəkəcək

Hardasa 7-8 il öncə yazmağa başladığım “Görünməz Adam” adlı bir romanı, estetikası üzərində “vasvasılıq” etdiyim üçün hələ də bitirə bilmirəm. İnsanın, düşdüyü şəraitdən, əlində olan imkanlardan asılı olaraq hansı dəyişikliklərə uğrayıb, hansı hissləri yaşaya biləcəyindən bəhs edən bu əsərin qəhrəmanı orta məktəblərdən birində fizikadan dərs deyən, 35 yaşlarında bir müəllimdir. Şəhərin kənar məhəllələrindən birində, atasından qalma ikiotaqlı, köhnə bir evdə yaşayan qəhramanımız aldığı müəllim maaşıyla ailəsini (xanımı və iki övladını) qıt-qənaət də olsa dolandırmağa çalışır. Böyüdüyü ailədə gözəl tərbiyə almış qəhrəmanımız ən xırda haqsızlıqlardan, ədalətsizliklərdən belə narahat olub, əzab çəkən, vicdanı olduqca həssas bir insandır. Bərabərsizliklər, ədalətsizlik və insanın niyə bu qədər doyumsuz olması onu həmişə düşündürən suallar arasındadır. O, xanımının onun önünə qoyduğu hər qab yeməkdə belə başqalarının da haqqının olduğunu düşünəcək qədər həssas biridir.

Və bu ağrısını az da olsa azaltmaq üçün hər dəfə işdən qayıdanda, küçələrinin başında dayanan dilənçi qarıya imkanı daxilində pul verir. Maaş aldığı günlərdə isə qarının önündən sevinərək və əlbəttə ki, hər zamankından daha çox pul verərək keçir. Pulu olmadığı zamanlarda isə qarıyla qarşılaşmamaq üçün yolunu uzatmaq bahasına da olsa, ara küçələrdən keçərək evinə gedir. Və beləcə, özünü dünyadakı bütün canlılara borclu hiss edərək yaşayır.

Bir gün evin (70-dən yuxarı yaşı olan bu daxmaya ev demək olarsa) zirzəmisində səliqə yaradarkən, ayağı torpaq döşəmədə nəyə isə ilişir və həmin yeri qazdıqda, üzərində qəribə naxışları olan, balaca, metal bir mücrü tapır. Sevinsə də, “dəyərsiz bir şey olar” deyə düşünüb, xanımına heç nə demir. İşini tələsik bitirib, üst-başını təmizləmək bəhanəsiylə hamam otağına keçir və mücrünü açır. Mücrüdən çıxan isə saralmış xırda bir kağız parçası və bulanıq boz rəngli iri qaşı olan metal bir üzük olur. Xəyal qırıqlığına uğrasa da üzüyü barmağına taxıb, kağızı incələməyə başlayır.

Kağızın bir üzündə səliqəsiz bir xəttlə yazılmış, güclə oxunan “412-285=127” hesabını, digər üzündə isə “yox ol” sözlərini oxuyur. Əlbəttə ki, heç bir şey anlamır, üz -gözünün təmiz olub – olmadığını yoxlamaq üçün güzgüyə baxdıqda isə qorxaraq geriyə atılır və yıxılır. Yıxıldığı yerdən sürünərək qalxır, qorxa-qorxa da olsa güzgüyə yenidən yaxınaşır. Yenə də eyni mənzərə – güzgüdə heç nə görünmür. Normalda indi o, güzgüdə, qorxudan və heyrətdən bərəlmiş gözlərini, ağarmış bənizini, pırtlaşıq saçlarını görməli idi. Amma yox, onun əksi güzgüdə yoxdur. O görünmür.

Gözlərəni ovuşdurub güzgüyə təkrar-təkrar baxsa da, heç nə dəyişmir. Qorxudan titrəyən ayaqlarını, döyünən gicgahlarını, ürəyinin küyündən uğuldayan qulaqlarını ovuşdurur. Və birdən nə düşünürsə üzüyü bamağından çıxarır və elə o andaca əksi güzgüdə yenidən görünür. Bu hərəkəti dəfələrlə təkrarlyaraq üzüyün sehrli olduğunu anladıqda isə sevincini səssizcə qışqıraraq, dizlərini, başını yumruqlamaqla yaşayır. Hansımız həyatımızda heç olmasa bircə dəfə də olsa görünməz olmağı arzulamamışıq ki? Ağlından nələr keçmir ki.. İlk olaraq düşündüyü isə haramzada məmurlardan və banklardan istədiyi qədər pul götürmək (bəli, oğurlamaq yox, məhz götürmək) olur. Bu istəyini elə səhəri gün, evinin yaxınlığındakı bankın kassasındakı bütün pulları “götürərək”, zirzəmidə mücrünü qazıb çıxardığı çuxuru böyüdüb, orada basdıraraq həyata keçirir.

Və beləcə bu çuxura hər gün bir az daha pul daşıyır. Normal həyatına isə heç bir şey olmamış kimi, heç nədən xəbəri yoxmuş kimi davam edir.

Bir müddət sonra isə səbəbini özü də bilmədən yuxugətirici, bayıldıcı preparatları öyrənməyə və əldə etməyə başlayır. Bir gün, rəhbəri olduğu sinifin ən gözəl qızı olan 15 yaşlı Saranın mavi gözlərini, danışarkən mehdən tərpənən gül ləçəyinə bənzəyən dodaqlarını, yenicə qabaran sinəsini diqqətlə izləyir və bunun səbəbinin elə məhz Sara olduğuna qərar verir və gülümsəyir. Dərsdən sonra isə zərrə qədər də tərəddüt etmədən Saranı evlərinə qədər təqib edir və onu elə otağındaca zorlayır. Bunun nə olduğunu və necə baş verdiyini tam olaraq anlamasa da, beynindən keçən ilk fikir “mən indiyə kimi yaşamamışam ki” olur. Və beləcə, həyatının, onu çirkaba sürükləyən ikinci dalğası başlayır. Bəyəndiyi, onu ehtiraslandıran bütün qadınları zorlamaqdan zövq alır. Eyni zamanda isə məktəbdəki savadlı və mədəni müəllim rolunu oynamağa davam edir. Bir müddət sonra isə işindən də istefa verib bütün zamanını əyləncəyə, qadınlara və zirzəmisindəki hər gün bir az daha böyüyən çuxuru doldurmağa xərcləyir. Şübhələnən olmasın deyə, yaşayış şəraitini yaxşılaşdırmağı isə düşünmür belə. Ailəsinə yenə eyni miqdarda vəsait ayırır, dilənçi qarıya da eyni miqdarda pul verir. Amma bəzən, gecələr vicdanı onu narahat etdiyindən yata bilimir. Belə hallarda ” mən heç də pis insan deyiləm” deyə səslənir öz-özünə və vicdanını rahatlatmaq üçün zirzəmidəki pullardan bir-iki bağlama götürüb elə gecəykən, tanıdığı – tanımadığı bütün kasıb hesab etdiyi evlərin önünə pul qoyur və qayıdıb rahatca yatır. Səhər oyananda isə yenə və daha da şövqlə “görünməz adam” olmağa davam edir. Puldan və qadınlardan az da olsa təmin olduqda isə onu daha böyük, ölkə əhəmiyyətli problemlər düşündürməyə başlayır.

Elə ilk həmləsi də bir müddət öncə arayış üçün ondan rüşvət alan MİS-nin rəisini cəzalandırmaq – ölümcül yaralamaq olur. Bununla da onun, onu hər gün bir az daha vəhşiləşdirən əsas həyat macərası başlayır. Özünü hazır hiss etdiyi hər yeni gündə yeni bir cinayət və daha yüksək vəzifəli bir şəxs. Bütün ölkə bu qəribə və anlaşılmaz qətllərdən heyrət və təşviş içindədir. Amma o, qətiyyən dayanmaq fikrində deyil. Bütün gücü və enerjisi ilə “elit” təbəqəni qorxu içində saxlamağa davam edir. Bu minvalla o, hər gün bir az daha “yüksələrək” ölkənin birinci şəxsinin evinə qədər gedib çıxır. Bu, onun özünə inamını daha da artırır. İndi o özünü fövqəlbəşər biri olaraq görür. Zarafat deyil, indi hər şey onun əlindədir. İstəsə elə indicə bir ölkəni “başsız” qoyar, lap istəsə hakimiyyəti də devirər.Amma yox, o, bunu hələ ki, istəmir. Birinci ailənin ailə-məişət qayğılarını izləməklə kifayətlənir hələ ki.. Yeməklərindən yeyir, yataqlarında yatır, söhbətlərini dinləyir, sevişmələrini izləyir, amma heç bir addım atmır. Hakimiyyəti devirmək ona görünmək bahasına başa gələ bilər deyə düşünür çünki. Bu isə ona qətiyyən lazım deyil.

Sonluq gözləyirsinizsə yanılırsınız, əlbəttə ki, onu burda yazmayacam. Amma təəssüf ki, “Görünməz Adam”ı bu il də sizlərə təqdim edə bilməyəcəm. Çünki araşdırmalarına və qeydlərinə 4 – 5 il öncə başladığm “Tanrının Ölümü – Həqiqətlər və Yalanlar” adlı (dindar bir ailədə böyüyən bir insanın ateizmə qədər uzanan həyat yolundan bəhs edən) romanı bitirməyə qərarlıyam. “Neyron Esteziyası” yazısından sonra aldığım çoxsaylı təhqir və təhdid mesajarı məni bu əsəri bitirməli olduğuma daha da inandırdı. Təşəkkür edirəm!!!

“Görünməz Adam”ın məğzini isə sizə ona görə danışdım ki, indi bizim cəmiyyətdə də vəziyyət müəyyən mənada eynən bu romandakı kimidir. Bəzi kosmos şirkətlərinin nadir elementlərin yaxın gələcəkdə dünyada tükənəcəyi səbəbindən, əsasən Mars və Yupiter arasında yerləşən, nadir elementlərlə zəngin asteroidləri Dünya – Ay orbitindən kənara çıxarıb mədən kimi işləməyi planlaşdırdığı bu əsrdə, bizlər hələ də sözümüzü rahat şəkildə deyə biləcəyimiz, suveren bir dövlət qura bilməmişik. Necə də ağrılı və utancvericidir deyilmi? Kimi dindirsən azad, demokratik, maddi imkanlarının yaxşı olduğu bir dövlətdə yaşamaq istəyər. Amma heç kim önə çıxmaq, ona düşən vəzifəni yerinə yetirmək, “qurban” olmaq, “görünmək” istəmir. Özümüzü elə aparırıq ki, sanki ətrafımızda baş verənlərin bizə qətiyyən aidiyyatı yoxdu.

Müəllimimiz rüşvət alır və sabah yenidən heç nə olmamış kimi, heç kim görmürmüş kimi tələbəsinin önünə çıxır. Seçkilərin saxtalaşdırılmasında vasitəçilik edir və yenə də heç nə olmamış kimi tələbələrinə hansısa ideallardan danışır. Bəhanəsi isə “məcburam, neyləyə bilərəm ki” dir. Həkimimiz güzəranını yaxşılaşdırmaq üçün xəstəsinə lazımlı-lazımsız dərmanlar yazır və “dolanmalıyam ya yox” deyə düşünür. Yazıçımız əlində “yazıçı hər şeyə münasibət bildirməyə borclu deyil”kimi səfeh bir şüarla “məndən uzaq olsun, nə olur olsun” məntiqi ilə yaşayır.Amma unudur ki, azad olmayan bir toplumda onun hər cümləsi, hər misrası xalqın həqiqi mənada azadlığına, inkişafına xidmət etmirsə, yazarın özü də, nə qədər dəyərli olursa olsun, yazdıqları da heç kəsə və heç nəyə gərəkli deyil. Bütün bu olanların fonunda bir ovuc insandan başqa heç kəsin ağlına da gəlmir ki, bütün bunların səbəbi olan hakimiyyətə etirazını bildirsin. Niyə? Çünki qorxuruq. Niyə? Çünki “birdən bizə nə isə olar” – deyə düşünürük. Bizə olan çoxdan olub əzizlərim, bundan artıq nə olacaq ki? Hər gün bir az daha kölələşirik.

Toplumdakı qorxunu ifadə edən ən bariz düşüncə tərzi isə budur: “Mən heç e, ailəm, övladlarım var”. Nə düşünürsünüz, sizləri ehtiyac içində yaşadan, haqlarınızın tapdalanmasına şərait yaradan və göz yuman bir hakimiyyət övladlarınızı dünyada nümunələri olan suveren bir quruluşdamı yaşadacaq? Unutmayın ki, bu gün dillənmədiyiniz haqsızlıqların, ədalətsizliklərin cəzasını gələcəkdə, indi qucağınızdan yerə qoymağa qıymadığınız, boğazınızdan kəsib gözəl bəsləməyə, gözəl geyindirməyə çalışdığınız körpələriniz çəkəcək. Faciəmizin kökündə isə haqlarımızın tapdalanmasını deyil, haqlarımızı tələb edərkən həbs olunarsaq övladlarımızın ac qalacağını fəlakət olaraq görməyimiz dayanır. Martin Lüter Kinqin “Zaman gələr səssizlik xəyanət olar” deyə bir deyimi var. Bax o zaman bizim üçün çoxdan gəlib, həm də lap çoxdan. Amma biz hələ də öz içimizdəyik. Səsimizi özümüzdən qeyrisinin eşidəcəyindən qorxuruq.

Özünüzə də, gələcəyinizə də, övladlarınıza da xəyanət eləməyin! Səsiniz gəlsin! İnanın, mən də qorxuram. Bir gün şərlənərək həbs olunacağımdan və bu iftiraya heç olmasa bircə nəfərin də olsa inanacağından qorxuram. Tənqid elədiyim dinin hansısa kütbeyin müdafiəçisi tərəfindən öldürüləcəyimdən qorxuram. Bunlar təbiidir. Amma bütün bunlar sözümüzü deməyə, inkişafımıza mane olan qüsurlarımızı göstərməyə maneə olmamalıdır axı.

Etməli olduğumuz şey isə çox sadədir. Rüşvətmi istəyirlər? Verməyin,qoy işiniz düzəlməsin.Əvəzində özünüzü daha qürurlu və daha dəyərli bir insan kimi hiss edəcəksiniz. Rüşvətmi verirlər? Almayın, acından ölməzsiniz. Qarşılığında özünüzü daha ləyaqətli bir insan kimi hiss edərək özünüzlə fəxr edəcəksiniz. Haqsızlıqmı gördünüz? Səsinizi yüksəldin, etirazınızı bildirin. Eybi yox, qoy sizi cəzalandırsınlar. Mükafatınız özünüzü həqiqətin mühafizəçisi kimi yüksək bir mərtəbədə hiss etmək olacaq. İnsanın mahiyyəti elə hiss etməkdən ibarət deyilmi?

İnanın, öz içindəki bataqlıqda boğulmaq, hakimiyyətlərin yaratdığı bataqlıqlarda boğulmaqdan daha ağır və ağrılıdır insan üçün. Azad olmayan insanın əzabı heç bir şeylə ölçülə bilməz, heç bir şeylə. Ailədaxili problemlərin əksəriyyətinin, cəmiyyətdəki aqressiyanın, insanlarımızın üzündən yağan məzlumluq və kədərin də kökündə məhz bu dayanır – azad olmamaq. Mən həmişə insanı hüceyrə, dövləti orqanizm, hakimiyyəti isə xəstəlik olaraq görürəm. Bu, bəlkə də işimlə əlaqədardır amma sağlam hüceyrə çoxluğunun bütün xəstəliklərə qalib gəlmə gücünə sahib olduğunu unutmadan bu cür düşünməniz sizə də ən azından içinizdəki qorxuyla mübarizədə güc verəcək.

İndi içinizdən biri “Azərbaycanın nə zamansa suveren bir dövlət, xalqımızın dünyəvi bir xalq olacağına inanırsanmı?” deyə soruşsa, “zərrə qədər də inamım yoxdur” deyərəm. Amma bizim bu dövlətdən başqa dövlətimiz, bu xalqdan başqa xalqımız da yoxdur axı. Elə bu səbəbdən də ümidlə yaşayıb, qüsurlarımızı göstərməyə sadəcə və sadəcə məcburuq.

Mən bu yazıları, kitablarımı sadəcə siz oxuyasınız və nə isə nəticə çıxarasınız deyə yazmıram, oxucusu olsa da, olmasa da, yazıçı elə yazıçıdır. Siz oxumaqla, hansısa yaxşı bir nəticə çıxarmaqla yazıçını ancaq sevindirə bilərsiniz. Mən həm də ona görə yazıram ki, güzgüyə baxanda özümü görə bilim. Siz də özünüzü görün, görün özünüzü!


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəGörünməz Adam