Görmədən oxumağa uzanan mübarizə

Gözdən əlil tələbələr onlar üçün səsləndirilən növbəti mətni dinləyir. Oxumaq ən böyük arzuları olsa da, səsləndirilən mətnləri özləri seçə bilmirlər. Magistr tələbəsi Özal Muradlı istədikləri kitablara əllərinin çatmadığını deyir:

“Kitabları satışdan əldə etsək belə, onu bizim üçün oxuyan adam gərəkir. Sağlam insanlardan fərqimiz budur. Həm o adamlar gec oxuya bilir, həm də biz kiməsə əziyyət vermiş oluruq”.

“Bəzi dərsləri qrup yoldaşlarıma deyirəm, səsləndirib göndərirlər. Bundan sonra öyrənirəm. Amma kiməsə əziyyət vermək nəyə lazımdır ki? Bu kitabların elektron versiyası olsa, daha rahat olmazmı?”, – daha bir gözdən əlil Xətayi Azayev belə deyir.

Nicat Qədirli dərslərini qrup yoldaşlarının köməyi ilə hazırlayır:

“Bəzən elə materiallar olur ki, internetdən azərbaycanca tapmaq olmasa da, türkcə tapıb oxuyuram. Dinlədiklərimi özüm birtəhər azərbaycancaya çevirirəm”, – deyir.

Kitab oxumaq istəyən gözdən əlilin iki yolu var. Ya oxumaq istədikləri kitab səsləndirilibmi deyə axtarışa çıxmalı, ya da elektron kitablara üz tutmalıdırlar. Elektron kitabları da səsləndirmə proqramları ilə dinləmək mümkündür. Lakin Azərbaycan dilində nə səsləndirmə proqramı var, nə də kifayət qədər elektron vəsait tapmaq olur.

“Dünya praktikasında kitablar pdf, word və s. yəni, görməyənlərin səsli proqramlar vasitəsilə oxuya biləcəyi formatlarda nəşriyyatlardan alınır. Ancaq görməyənlərin istifadə edə biləcəyi bir sayta yüklənir. Azərbaycanda da bu qanun halını almalıdır” – deyir, Ülvi Məmmədov.

Gənclər elektron kitabları səsləndirmək üçün türk sintezatorlarından istifadə edirlər.

“Dərslərimi türk ləhcəsi ilə Azərbaycan dilində oxuyuram. Çox qəribə bir situasiya alınır. Səsləndirmə üçün proqramlar da lazımdır ki, rahat şəkildə oxuya bilək. Məsələn, türk əlifbasında “ə” hərfi yoxdur deyə, proqram “Əli” sözünü “li” kimi tələffüz edir. Bu şəkildə oxuduğumuz kitab anlaşıqlı olmur”, – Xətayi Azayev belə deyib.

Azərbaycan dilində səsləndirmə proqramlarının olmaması ilə bağlı Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər ki, bu onların təkbaşına görə biləcəkləri iş deyil: “Gərək bir neçə qurum bu istiqamətdə iş görsün. Gözdən Əlillər Cəmiyyəti, Təhsil Nazirliyi bizə müraciət etməlidir. Nazirlik texnoloji, İKT ilə bağlı layihələri dəstəkləyir”.

Gözdən Əlillər Kitabxanasının müdir müavini Tofiq Balayev isə deyir ki, kitabxanaya hər il Mədəniyyət və Turizm Nazirliyindən vəsait ayrılır. Bu pulla onlar il ərzində 10-dan çox kitab səsləndirə bilirlər. Bundan əlavə, o, kitabxananın qapılarının könüllülərə daim açıq olduğunu söyləyir:

“Kitab səsləndirməyə gələnlər də var, gəlib yarımçıq qoyanlar da. Məsələn, bir tələbədir, ilk gəlişində həvəsli olur. Deyir, mən filan kitabı səsləndirmək istəyirəm. Hər dəfə gələndə ən çoxu 1-1,5 saat səsləndirə bilər. Çox oxuyanda səs telləri yorulur. 200 səhifəlik kitabı, təxminən, 5 dəfə gəlsə, bitirər”.

Tofiq Balayev 36 ildir fəaliyyət göstərən kitabxanada bu günədək 10 000-dən çox kitab olduğunu deyir.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdulayev səsləndirmə proqramlarının Azərbaycan versiyasının yaradılması üçün iş getdiyini söyləyir. Təhsil Nazirliyindən məsələ ilə bağlı sorğu göndərməli olduğumuzu desələr də, daha sonra bu sorğuya cavab verilmədi.

Gənclərin isə oxmaq eşqi bitən deyil. Onlar indiki məhdud şəraitdə oxumaq üçün mübarizələrini davam etdirirlər.

Ana səhifəVideoGörmədən oxumağa uzanan mübarizə