“Gördülər əliləm, ən ağır işlərə cəlb elədilər”

“Qəsdən belə edirdilər ki, bezim, özüm könüllü “lapotkanı” atım, gedim”.

Source: Specify Source


Göygöl sakini bundan əvvəl də Meydan TV-yə əlilliyinə görə ona iş verilməməsindən şikayət etmişdi

“Göygöl rayon Yaşıllaşdırma İdarəsində ştatda 98 işçi olduğu halda, onlardan yalnız 30-40 nəfəri iş başında olur, yerdə qalanları kənarda taksi fəaliyyəti göstərməklə məğuldur. Onların yerinə də bizi işlədirlər. Şəxsən mən Göygöl Rayon Xəstəxanasına gedən yoldan ta ki rayonun çıxışına qədər olan ərazini təkbaşına təmizləyirəm”.

Göygöl sakini Emin Şərifov deyir, uzun müddət iş axtarandan sonra nəhayət, ötən ilin fevralında yeni yaradılmış “DOST” İş Mərkəzinin vasitəsilə Göygöl Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin yaşıllaşdırma şöbəsinə işə düzəlib. Qısa müddət işlədikdən sonra şöbənin briqadiri ona təklif edib ki, ərizə yazıb işdən çıxsın.


“Deyirdi, axşama kimi “lapotka” əlindən düşməməlidir”

“Əlil olduğumu bildikləri üçün qəsdən ağır işlərə cəlb edirdilər. Bunu qəsdən edirdilər ki, işləyə bilmədiyimi bəhanə gətirib işdən qovsunlar. Deyirdilər, “lapatka”yla işləyə bilmirsən, ərizəni yaz, işdən çıx. Bu işə göndəriləndə Göygöl Məşğulluq Mərkəzinin direktoru Nazim Cəfərov mənə xəbərdarlıq etmişdi ki, işləyə bilməsən, bir də iş xahişi ilə qəbuluma gəlmə. Yaşıllaşdırma şöbəsində isə mənə ən ağır işlər tapşırıldı. Halbuki, əlilliyimi nəzərə alıb, mənə uyğun iş verilməli idi. Briqadir dedi, səhərdən axşama kimi “lapotka” əlindən düşməməlidir. Hətta mənə aid olmayan işlər də buyururdular. Qəsdən belə edirdilər ki, bezim, özüm könüllü “lapotkanı” atım, gedim. Mənimsə heç bir dərdə dərman olmayan o cüzi aylıq əmək haqqına çox ehtiyacım var idi deyə, gedə bilmirdim. Briqadir hər gün bir bəhanəylə məndən Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə şikayət edir, işimi gözdən salırdı. Nəhayət, bir gün dözməyib, özüm müdirə zəng vurdum, dedim ki, briqadir məni bezdirib. Hər addımbaşı tənbeh edir, “bu iş sənə görə deyil, “lapatka”nı at, get”, deyir. Müdir də dedi ki, “işdən çıx deyirsə, yerinə olsam, “lapatka”nı atıb gedərəm”, – Emin Şərifov deyir.


“Şikayət etdiyim üçün qisasını belə aldı”

Göygöl sakini bundan əvvəl də Meydan TV-yə əlilliyinə görə ona iş verilməməsindən şikayət etmişdi. Emin Şərifovun sözlərinə görə, Təsərrüfat Birliyinin müdirinə Əmək Müfəttişliyinə müraciət edəcəyini bildirib. Müdirsə “əlin hara çatır, şikayət elə, məndə əli “lapatka” tutmayana iş yoxdur, əlilsən, get otur evində, pensiyanla dolan”,- deyib. Emin Şərifov da əli çatdığı yerlərə müraciət edib:

“Ötən ilin iyulunda Gəncə Regional Əmək Müfəttişliyinə müraciət etdim, Müfəttişliyin rəis müavini zəng vuraraq Göygöl MKTB-nin rəisi ilə danışdı, dedi, əlil adamdır, bunun da ailəsi var, bu da evinə çörək aparmalıdır, incitməyin, işləsin. Mən də arxayın oldum ki, daha incidilməyəcəm, mənə uyğun iş veriləcək. Ancaq hər şey əksinə oldu, sabahı gün rəis məni əvvəlkindən də ağır işlərə göndərdi. Ondan şikayət etməyimin qisasını məndən belə aldı. Mən yenə rəisə zəng vurdum, dedi, sənə demişdim axı, əlin hara çatır, şikayət elə, verdiyimiz işdən xoşun gəlmədisə, yenə şikayət elə. Gördüm ki, məni əvvəlkindən daha ağır işlərlə yükləyirlər, təzədən Gəncə Regional Əmək Müfəttişliyinə və Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavininə müraciət etdim, onların tapşırığından sonra əvvəlki işimə qaytarıldım”.


“Ştatda 98, iş başında cəmi 30-40 işçi var”

Emin Şərifov danışır ki, bir neçə gün əvvəl – martın 5-də MKTB-nin baş briqadiri onu növbəti dəfə danlayıb:

“Ayın 5-də tabelə imza atmağa gedəndə briqadir bir gün əvvəl işdən tez getməyimi irad tutdu. Bildirdim ki, ərazimi təmizləyib getmişəm, dedi, ərazin təmiz oldu, ya olmadı, saat 5-dən tez işdən çıxa bilməzsən. Bildirdim ki, Göygöl Rayon Yaşıllaşdırma İdarəsində ştatda 98 işçi olduğu halda, onlardan yalnız 30-40 nəfəri iş başında olur, qalanları kənarda taksi fəaliyyəti ilə məşğul olur. Onların əvəzinə küçələri bizə süpürtdürürlər. Qanun hamı üçün qanun olmalıdır. Qanun qanundursa, niyə MKTB rəisi 75 yaşlı Səfiyar Rəhimov, MKTB-nin baş briqadiri 71 yaşlı Axraddin İsayev pensiyaya göndərilmir? Gənc kadrlar işsiz-gücsüz dolaşır, yaşı 70-i ötmüş adamlar gedib evdə oturmaq istəmirlər. Mənə deyirlər, iş ağlır gəlirsə, get otur evdə, mən də onlara sual edirəm, qoca-qoca adamlarsız, niyə gedib evdə oturmursunuz?”

Göygöl Rayon İcra Hakimiyyətindən bildirilib ki, Emin Şərifov eşitmə qüsurlu əlildir, eşitməni xüsusi aparatla təmin edir. Hazırda gördüyü iş ona görə deyil, lakin özünün tərəddüdlərindən sonra həmin işə götürülüb. Eşitmə qüsurlu olduğuna görə, yollarda təmizləmə işləri aparması ona tapşırılmır: “Adamların adı işdə, özü kənarda olması ilə bağlı dedikləri də yalandır. Əgər belə faktı varsa, buyursun, Əmək Müfəttişliyinə şikayət etsin, araşdırılsın. İşdən çıxarılmayıb, hazırda da iş başındadır. Ona irad tutulub ki, işə vaxtında gəlib, işdən vaxtında getsin, bu qədər”.

Ana səhifəBölgə“Gördülər əliləm, ən ağır işlərə cəlb elədilər”