Qənirə Novruzova: “Hesab edirik ki, döyənlər polisdir deyə, şikayətimizə baxılmır”
Goranboy rayonunun Düzqışlaq kənd sakini Qənirə Novruzova qardaşının zorakılığa məruz qaldığını deyir. Onun sözlərinə görə, qardaşı Vüqar Novruzovu polislər döyüb, təhqir ediblər.
“Budur qaziyə, veterana qoyulan hörmət?!”
Qənirə Novruzova danışır ki, hadisə fevralın 11-də axşam saat 17 radələrində baş verib:
“Qardaşımı işdən gələndə Dəliməmmədlidə tutublar. Şəhərin ortasında onu yerdə sürüyüblər, təpikləyiblər. Sonra götürüb aparıblar. O qədər döyüblər, nəfəs ala bilmirdi. Meyitini gətirib uzatdıq evə. Bu ölkə üçün canını verən bir adamı belə vəziyyətə salıblar. Budur qaziyə, veterana qoyulan hörmət?!”
Bacısı bildirir ki, 23 yaşlı Vüqar Novruzov 2020-ci ildə 44 günlük müharibədə iştirak edib. Hələ də sağlamlığında ciddi problemlər var:
“Bədənində böyrək nahiyəsində qəlpə var. Müharibə dövründə də xəstəxanada yatmayıb. Deyib ki, dostlarım odun-alovun içində qalıb, mən necə gedib xəstəxanada yatım? İndi belə bir adama özümüzünkülər işgəncə verir. Qəlpə olan böyrəyinin üstünə o qədər vurublar, tərpənə bilmirdi. Biz nəsillikcə bu dövlətə canımızı qurban verən adamlarıq. Dayım Xanməmməd İbrahimov 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub…”.
“Qardaşımı necə döydükləri videoda açıq-aşkar görünür”
Qardaşının saxlanma səbəbinə gəlincə, Qənirə Novruzova deyir ki, onun axtarışda olduğunu, qaçıb gizləndiyini iddia ediblər. Bacısının sözlərinə görə, yalandır, Vüqar Novruzov axtarışda olmayıb:
“Düzdür, qardaşım haqqında prokurorluqda araşdırma gedir, amma o, heç vaxt qaçıb gizlənməyib, yayınmayıb, nə vaxt çağırıblarsa, gedib. O işi də əvvəl bağladılar, indi yenidən açıblar”.
Qənirə Novruzova qardaşının döyülməsiylə bağlı şikayətlərinin obyektiv araşdırılmaması, günahkarların cəzalandırılmamasından narazıdır. Deyir ki, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və başqa dövlət orqanlarına məktublar göndərib, baş verənlərdən onları məlumatlandırıblar. Lakin hələ nəticə yoxdur:
“Hesab edirik ki, döyənlər polislərdir deyə, bizim şikayətimizə baxılmır. Halbuki, əlimizdə video da var. Orada qardaşımı necə döydükləri açıq-aşkar görünür”.
“Şikayət araşdırılır…”
Daxili İşlər Nazirliyindən göndərilən cavab məktubunda bildirilir ki, Vüqar Novruzovun anası Mədinə Novruzovanın şikayəti Xidməti Araşdırmalar İdarəsində araşdırılır. Nəticə barədə məlumat veriləcək.