Gömrükdən ödənişsiz buraxılan siqaret və içkinin həcmi azaldıldı


Nemət Əliyev: “Qərar ilk baxışda sanki gömrükdə korrupsiyaya qarşı mübarizə şəklində təqdim olunur”

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər

edib.

Qərarda bildirilir ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən üç litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

Nemət Əliyev
Nemət Əliyev

Nazirlər Kabinetinin qərarını Meydan TV-yə şərh edən iqtisadçı Nemət Əliyev deyir ki, qərar ilk baxışda sanki gömrükdə korrupsiyaya qarşı mübarizə şəklində təqdim olunur. Eyni zamanda, malların ixrac və idxal prosesinin əvvəlki dövrlərlə müqayisədə şəffaflaşması kimi xarakterizə edilir:

“Ancaq bunların heç bir əsası yoxdur. Gömrükdən dövlət büdcəsinə daxilolmaların ümumi tendensiyasına nəzər yetirilsə, hər il orta hesabla aşağı-yuxarı 15, 20 və 30 faiz artımın müşahidə edildiyi bəlli olacaq. Artım da daha çox qiymətlərin qalxması hesabınadır. Məsələn, idxal olunan malların qiyməti hesabına bu mənzərə yaranır. Əgər hökumətin dediyi kimi şəffaflaşma, yaxud o istiqamətdə korrupsiyanın ləngidilməsi ilə bağlı real nəticələri ortada olsaydı, o zaman Nazirlər Kabineti niyə bu qərarı verirdi? Əslində Nazirlər Kabinetinin dəyişikliyi son günlər ictimai fikrə təlqin edilən təbliğatı alt-üst edir”.

Nemət Əliyevin sözlərinə görə, qərarda dəyişiklik dövlət büdcəsində vəziyyətin xeyli gərginləşməsindən irəli gəlir:

“Əgər qeyri-neft sektorunda böyük sıçrayışlı artımlar müşahidə olunursa, o zaman əhalinin vəziyyətinin yaxşılaşması yönündə addımlar atılmalıdır. Onda niyə Nazirlər Kabineti əhalinin vəziyyətini ağırlaşdıran addımlar atır? Məsələ ondadır ki, hökumətin təbliğatı ilə tətbiqi arasında böyük təzad var. Yeri gəlmişkən, Milli Məclisdə gələn ilin büdcəsi müzakirədədir, məlum olur ki, büdcənin gəlirlər üzrə öhdəliklərini bir az da artırdılar”.

Ana səhifəVideoGömrükdən ödənişsiz buraxılan siqaret və içkinin həcmi azaldıldı