''Gömrükdə sənədləşmələrin şəffaflığının tam təmin edilməsinə ehtiyac var''

Vüqar Bayramov: “Hər şey əslində ordan başlayır”

Aprelin 21-də Azərbaycanın Milli Məclisi prezidentin təyinatı ilə Novruz Məmmədovu Baş nazir postuna təsdiqlədi. Ancaq yeni Baş nazir proqramı, yaxud hansı islahatları aparacağı barədə danışmadı, aparılan kursa sadiq qalacağını bildirdi.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovla söhbətimizdə bu haqda, eləcə də iqtisadi sektorun mövcud problemləri barədə danışmağa çalışdıq.

- Vüqar bəy, Novruz Məmmədovun Baş nazir təyinatı və onun heç bir proqram təqdim etməməsi müstəqil, müxalif iqtisadçıların tənqidinə hədəf oldu. Sizin gözləntiniz necə idi?

- Hazırkı Nazirlər Kabineti əvvəlki tərkibdən fərqlidir, xüsusən ilk dəfə olaraq, parlament üzvlərinin kabinetə cəlb edilməsi müsbət haldır. İkinci, kabinet əvvəlki ilə müqayisədə yaş baxımından da gəncləşib. Ancaq biz kabinetin formalaşması fonunda struktur islahatlarının aparılmasının tərəfdarıyıq.

- Konkret danışmaq olarmı?

- Təmsil etdiyim İqtisadi və Sosial İnkişaf Mərkəzi struktur islahatlarının aparılması ilə bağlı hökumətə təkliflərini təqdim edib. Struktur islahatlarının aparılması Nazirlər Kabinetinin tərkibi baxımından da çox vacib idi. Biz Dövlət Gömrük Komitəsinin ləğv edilərək, Vergilər Nazirliyinə birləşdirilməsini təklif edirik. Praktik olaraq vergi sistemində şəffaflığın təmin edilməsi üçün gömrükdə tam şəffaflığın formalaşmasına ehtiyac var. Nəzərə alın ki, Azərbaycan ərzaq və qeyri-ərzaq məhsullarının idxalını həyata keçirir, idxalın da istehlakda payı çoxdur. Azərbaycanda istehlak olunan məhsulların təxminən 65 faizi idxal edilir. Ona görə gömrükdə sənədləşmələrin şəffaflığının tam təmin edilməsinə ehtiyac var, çünki hər şey əslində ordan başlayır. Ölkəyə daxil olan mal, məhsul invoysa uyğun olaraq rəsmiləşməlidir, nəticədə növbəti mərhələdə vergi sektorunda tam şəffaflığı təmin etmək mümkündür. Gömrük Komitəsi və Vergilər Nazirliyi vergi yığımına birgə məsul olduğundan onların birləşdirilməsi daha məqsədəuyğun olardı. İkinci təklif, Melorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” ASC ilə bağlıdır. Birinci suvarmaya, ikinci içməli suya məsuldur, onların birləşdirilməsinə ehtiyac var. Ümumi olaraq Dövlət Su Agentliyinin yaradılması daha məqsəduyğun olardı. Bu, bir tərəfdən strukturu daha çevik edəcək, həm də melorasiya aqrar sektorun inkişafı baxımdan çox vacib olduğundan çevikliyin təmin edilməsinə ehtiyac var. Ümumiyyətlə, idarəetmənin çevikliyi baxımından struktur islahatları çox vacibdir, söhbət hansısa qurumların birləşdirilməsindən getmir, sadəcə, strukturun kiçik olmasına nail olmaq lazımdır. Eyni zamanda, müəyyən xidmətlərin idarəetməyə verilməsinə ehtiyac var. Adi bir misal, qışda qazı niyə fasilələrlə almalıyıq? Paytaxt Bakı da daxil rayonlarda hər qış belə elanları oxuyuruq.

- Bu arzuolunmaz durumun qarşısını almaq üçün yalnız struktur islahatları aparılmalıdır?

- Azərbaycan ildə 29 milyard kubmetr mavi qaz istehsal edir, daxili qaz istehlakı isə 12 milyard kubmetrə yaxındır.

- Bəs niyə qazı fasilələrlə verirlər?

- Bir məqam odur ki, daxili qaz istehlakımız çoxdur. Çexiyanın əhalisi Azərbaycan qədərdir, iqtisadiyyatı böyükdür, amma illik qaz istehlakı 9 milyard kubmetrdir. Yaxud Bolqarıstanda illik qaz istehlakı 3,5 milyard kubmetrdir. İndi qaz itkisinin həcminin azalmasına ehtiyacın olduğu vurğulanır. Söhbət infrastruktur baxımından mavi qazın havaya buraxılmasından yox, qeyri-leqal xətlərlə mavi qazın satılmasından gedir. İkinci məqam həm istehlakın şişməsi ilə nəticələnir, bəzi rəqəmlərə görə daxili istehlakda 10 milyard kubmetrdir, yenə də 10 milyard kubmetr olsa da, bu, böyük rəqəmdir. Sual yaranır; 10 milyard kubmetr istehlakda əhaliyə qaz nə üçün fasilələrlə verilməlidir?

- Qazın fasilələrlə verilməsində iki məsələ xüsusilə vurğulanır: SOCAR prezidenti Rövnəq Abdullayevin Gürcüstandakı erməni kilsələrinə pulsuz qaz verməsi barədə açıqlaması. İkinci də əhaliyə verilməli olan qazın xaricə valyutaya satılması.

- Bilirsiniz, bizim xaricə nə qədər qaz satmağımız daxilə təsir etməməlidir. Çünki daxildə 12 milyard kubmetr istehlakımız var, bu, 10 milyon əhalisi olan ölkə üçün çoxdur. Ola bilər xaricə qaz satırıq, yaxud hansı həcmdə satırıq, bunun daxili istehlaka təsiri yoxdur. Çünki bir daha deyirəm, daxili istehlakın özü kifayət qədər böyükdür. Yenə gəlib struktur islahatlarına dayanır, strukturun güclənilməsinə, “Azəriqaz”ın idarəetməyə verilməsinə ehtiyac var. SOCAR “Azəriqaz”a qaz satır və ikinci də vətəndaşa satır. Əgər “Azəriqaz” idarəetməyə verilərsə, itkilərin qarşısını almaqda maraqlı olacaq.

- Yalnız “Azəriqaz” və “Azərsu” idarəetməyə verilməlidir, yoxsa bu, başqa iri aparıcı dövlət şirkətlərinə də aid edilməlidir?

- Əlbəttə. Məsələn, qış aylarında müşahidə edilən məsələlərdən biri istiliyin verilməməsidir. Bu sahənin özəlləşdirilməsindən, yaxud idarəetməyə verilməsindəın qorxmaq lazım deyil. İdarəetmə büdcədən ayrılan vəsaitin daha səmərəli xərclənməsinə, vətəndaşa, biznesə həmin xidmətdən fasiləsiz istifadə imkanı yaradırsa, o zaman nə üçün bu istiqamətdə addım atılmasın? AZAL-a gələk, böyük şirkət və təhlükəsizlik məsələləri olduğundan birinci mərhələdə özəlləşdirilməsi çətin ola bilər. Ümumiyyətlə, korporativ idarəetmənin gətirilməsinə, böyük şirkətlərin səhmlərinin bir hissəsinin özəl sektora verilməsinə ehtiyac var. Özəl sektorun iştirakı nə üçün vacibdir? Bu, korporativ idarəetməni, şəffaflığı, yeni meyarları gətirir, nəticədə şirkətin idarəetmısi çevikləşir, həm də vəsaitlərə qənaət etmək mümkün olur.

- Son zamanların ən çox danışılan mövzusu – sosial evlərlə bağlı da fikirləriniz maraqlıdır. Ekspertlər hesab edir ki, bu mənzillər bazardakı digər mənzillərlə eyni və ya daha baha satılır. Məsələn, kvadratmetri 900 manatdan aşağı deyil. Qiymətin bu səviyyəyə çatdırılmasına ehtiyac vardımı?

- Sosial evlərlə bağlı iki məqam var: müstəqil qiymətləndirmə aparılsa, sosial evlərin qiyməti inşa olunduğu ərazidəki mənzillərin qiymətindən ucuzdur. Nəzərə alın ki, sosial evlər təmirlidir və mətbəxt mebeli də verilir. Belə olanda tikilən ərazidəki təmirli mənzillə müqayisədə 35 faiz ucuzdur. Amma onun sosiallığı baxımından daha da ucuzlaşmasına ehtiyac var. Sosial evlər sosial kateqoriyalı insanlar üçündür, hansıkı birdəfəlik ödəniş etmək imkanları yoxdur, onlar sosial evdən faydalanmağa üstünlük verirlər. Baxın, dövlət büdcəsindən vəsait ayrılır, Dövlət Agentliyi binaları inşa edir, digər tərəfdən isə agentlik inşaatın xərcinə uyğun olaraq mənzilləri təklif edir. Bu, sosial ev olduğundan dövlətin həmin xərcin bir hissəsini öz üzərinə götürməsinə ehtiyac var. Biz hökumətə təklif etdik ki, inşa olunan evlərdə xərcin üçdə birini dövlət kompensasiya etsin. Yəni 60 min manat olan mənzilin 20 min manatını dövlət kompensasiya etsin. Bu, həm də əlçatanlılığı təmin edəcək. İkinci, bu kateqoriyanın məhdud olmasıdır. Yalnız sosial ipoteka almaq istəyənlər sosial mənzillərdən istifadı edə bilər. Yasamalda 1900 mənzil satışa çıxarılacaq, amma daha çox müraciıt edən olacaq. Ümumiyyətlə, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çalışmalıdır ki, yaxın gələcəkdə sosial kateqoriyaya düşməyənlər də mənzil alsın. Məsələn, sosial güzəşt kateqoriyası yoxdur, gənc ailədir, mənzili yoxdur, amma birdəfəlik ödəniş imkanı da yoxdur. Belə ailələrə də bu imkan tanınmalıdır ki, gələcəkdə sosial mənzillər istifadəyə verilsin.

- 2015-ci il devalvasiya qərarlarından sonra problemli kreditlərin həcmi artdı və nəticədə ən azı 10 bank müflisləşdi. Hazırda durum necədir?

- Hazırda iqtisadiyyatda ən çox geridə qalan sektor bank sektorudur. “Neft bumu” dövründə bankların asan və əlçatan kredit siyasəti vardı, bank faizləri orta hesabla 40 faiz civarındaydı, amma kreditə çatımlılıq asan idi. Yəni, kreditə çatımlılıq yüksək olsa da, bahalı kredit idi. 2014-cü ilə qədər bank faizlərinə görə Azərbaycan MDB-də öndəydi. O zaman bu prosesin tənzimlənməsinə və təkmilləşməsinə ehtiyac vardı. Çox təəssüf ki, bunlar edilmədi, neftin qiyməti endi, devalvasiya baş verdi və nəticədə 2016-17-ci illərdə 11 bank müflis elan edildi.

- Yenə də bankların müflisləşməsi gözlənilirmi?

- Apardığımız monitorinqlərə görə 4 bankın tam olaraq funksiyalarını yerinə yetirməsində problem yaşanır. Bankların hesabatına və müştərilər arasında apardığımız sorğular bu nəticəni ortaya qoyur, həmin 4 bankın dövlətin dəstəyinə ehtiyacı var.

- Yəqin ki, həmin bankların adları sizə məlumdur?

- Bəli, bizə məlumdur. Ancaq qərarı Maliyyə Bazarlarına Nəzarət Palatası verəcək. Digər məqam kredit portfeli barədədir. 2014-cü ilin yanvarında kredit portfeli 16,7 milyard manat idisə, hazırda 11,5 milyarda qədər azalıb. Problemli kreditlərin həcmində isə artım var, 2017-ci ilin əvvəllərində təxminən 1,6 milyard idisə, indi 1,7 milyard manatdır. Səbəb odur ki, artıq banklar depozit cəlb etməkdə maraqlı deyillər, çünki cəlb etdikləri depozitləri yerləşdirə bilmirlər.

- O zaman problemli kreditlərin həcminin azalmasında çıxış yolu nədədir?

- 2015-ci ildə Azərbaycan hökumətinə xüsusən xarici valyutada olan kreditlərin güzəştlə verilməsini təklif etdik. Söhbət üçtərəfli güzəşt mexanizmindən gedirdi. Məsələn, hazırkı kurs 1,70 manatdır, vətəndaş krediti 0,78 manatla götürüb, nəticədə onun krediti manat ifadəsində iki dəfə artıb. Təklif etdik ki, qalan fərq üç tərəf arasında bölünsün: bank, dövlət və müştəri. Beləliklə, müştəri fərqin üçdə birini ödəyir, qalanını dövlət və bank. Rusiya və başqa MDB ölkələrində həyata keçirilən bu mexanizmin özəlliyi ondan ibarətdir ki, dövlət ciddi maliyyə yükü olmadan problemli kreditlər məsələsini həll edə bilir və dollarla kredit götürmüş vətəndaşlara güzəşt tətbiq edir. Bankların sağlamlaşması problemli kreditlər məsələsinin həllindən keçdiyindən təklif onlar üçün də lazımdır. Əgər təklif etdiyimiz mexanizm gerçəkləşərsə, vətəndaş hər dollarda 64 qəpik güzəşt əldə edəcək. Digər variant ABŞ-da 2008-ci ildə xüsusi proqram əsasında həyata keçirilən problemli kreditlərin və topsit aktivlərin bazara çıxarılaraq səhmləşməsi ilə bağlıdır. Bu proqram çərçivəsində Amerikada 400 milyarddan artıq vəsait xərcləndi, Azərbaycanda bu variantın tətbiqi çətindir, çünki qiymətli kağızlar bazarı zəif inkişaf edib. Daha yaxşı olardı, birinci variant-birbaşa güzəşt tətbiq edilsin.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/bnyj5p

Ən çox baxılan