Rəsmi məlumatda deyilir ki, bu şəxslər malları gömrükdən sürətli buraxmaq üçün pul istəyiblər
Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılov, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏRTRANSPORT” MMC-nin faktiki rəhbəri olduğu deyilən Ədalət Quliyev həbs olunub. Adları çəkilən şəxslərin Dövlət Gömrük Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin birgə əməliyyatı nəticəsində saxlandığı bildirilir.
Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə açıqlama yayıb.
Həbs olunan üç nəfər rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. İddia edilir ki, onlar əlbir olub, malların gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol veriblər. Malları gömrükdən sürətli buraxmaq üçün rüşvət tələb ediblər.
“Onların əlbir olub, vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət alması əsaslı şübhələr müəyyən edilib”, – birgə məlumatda belə yazılıb.
Məzahir İsmayılov, Elşan Abdullayev və Ədalət Quliyevin bu ittihamlara münasibəti məlum deyil.