Gömrükçülərin işi: prokuror məhkəmə istintaqının yenilənməsini tələb etdi

Bakı Baş Gömrük İdarəsi. Foto: Meydan TV

Dövlət ittihamçısının çıxışı qalmaqala səbəb olub

Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır ki, Bakı Baş Gömrük İdarəsində müxtəlif vəzifələrdə çalışmış şəxslərin məhkəməsi gedir. Təqsirləndirilən şəxslər arasında bir sıra yüksək vəzifəlilərin qohumları, o cümlədən general yaxını, məhkəmə sədrinin kürəkəni də var.

Bu iş üzrə məhkəmə araşdırmaları başa çatıb. Bugünkü məhkəmədə prokuror çıxış edib, təqsirləndirilən şəxslərə cəza istəməliydi. Buna görə məhkəmə istintaqının yekunlaşdığı elan edilmiş, çıxışa hazırlaşmaqdan ötrü prokurora vaxt verilmişdi. Bu dəfə məhkəmədə çıxış üçün prokurora söz veriləndə o, gözlənilmədən məhkəmə istintaqının təzələnməsini təklif edib. Dövlət ittihamçısı bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə yeni Əsasnamə daxil olub. Həmin Əsasnamə ilə cinayət işinin materialları arasında olan Əsasnamə arasında ziddiyyətlər var. Bu ziddiyyətlər nəzərə alınaraq, indiki vəziyyətdə istintaq yekunlaşa bilməz.

Prokurorun bu cür çıxışı məhkəmədə qalmaqala səbəb olub. Vəkillər ona etiraz edib.

Vəkillərdən Ceyhun Yusifov məhkəmə istintaqının təzələnməsi haqda dövlət ittihamçısının vəsatətini təqsirləndirilən şəxslərin hüquqlarının pozulması kimi qiymətləndirib.

“Belə çıxır ki, dövlət ittihamçısı özü-özündən şübhələnir. Əgər başqa Əsasnamə varsa, bəs onda işin içindəki Əsasnamə nədir? Bu insanlar yazıqdırlar, 6 aydan çoxdur məhkəmə istintaqı gedir. İş başa çatanda prokuror vəsatət verir ki, məhkəmə istintaqı təzələnsin. Vəsatət tam əsassızdır, onun təmin edilməsi hüquqa, qanuna zidd olacaq”, – vəkil bildirib.

Vəkil Aqil Layıc da prokurora etiraz edib. Müdafiəçi bildirib ki, məhkəməyə təqdim olunan Əsasnaməyə Dövlət Gömrük Komitəsinin müşayiət məktubu da əlavə olunub: “Dövlət Gömrük Komitəsinin nümayəndəsi də deyir ki, prokurorun təqdim etdiyi Əsasnaməni ilk dəfə görür. Belə olan halda, dövlət ittihamçısının təqdim etdiyi Əsasnamənin mötəbərliyi şübhə doğurur. Bu məsələyə məhkəmə müşavirə otağında qiymət verəcək. Buna görə də istintaqın təzələnməsinə etiraz edirəm”.

Təqsirləndirilən şəxslər, onların valideynləri də prokurorun vəsatətinə etiraz edib. Nəticədə məhkəmədə qalmaqal yaranıb.

Hakimlər qərara alıb ki, Dövlət Gömrük Komitəsi dövlət ittihamçısının təqdim etdiyi yeni Əsasnamənin nə dərəcədə mötəbər olub-olmadığı haqda rəy versin. Buna görə də məhkəmə martın 7-nə qədər təxirə salınıb.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2021-ci ilin mayında Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Saxlanılanlar arasında Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, bu qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunun inspektoru Mirağa Ağayev, “Global Broker” MMC-nin direktoru, eyni zamanda, “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov və digərləri var.

Təqsirləndirilən şəxslərə qarşı bir qrup şəxs tərəfindən təkrar rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb. Lakin onların heç biri ittihamı qəbul etmir, özlərini təqsirli bilmir.

Təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir. Emin Xəlilovun isə gömrük sistemində çalışan generallardan birinin yaxın qohumu olduğu bildirilir.

Ana səhifəSosialGömrükçülərin işi: prokuror məhkəmə istintaqının yenilənməsini tələb etdi