Gömrük Komitəsi və Vergilər Nazirliyinin büdcə öhdəlikləri artırılır

Ekspert hesab edir ki, Gömrük Komitəsi tərəfindən toplanan vəsaitlərin də Vergilər Nazirliyinin toplaması məntiqə uyğun olardı.

Source: Foto: Meydan TV


Nazim Bəydəmirli: “Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdirilməlidir”

2020-ci ilin dövlət və icmal büdcələrinin layihələrində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4 milyard manat vəsait daxil olacağı gözlənilir. Bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 8% çoxdur.

Bu barədə dövlət büdcəsi layihəsində göstərilib.

Layihəyə əsasən, gələn il ən çox artım yol vergisində gözlənilir. Bu istiqamətdə daxilolmaların illik müqayisədə 40,6% artaraq, 45 milyon manat olacağı nəzərdə tutulub. Əlavə dəyər vergisi üzrə daxilolmaların 13,2% artaraq, 2 705 milyon manat, gömrük rüsumları üzrə daxilolmaların 5,6% artaraq, 950 milyon manat, aksizlər üzrə daxilolmaların isə 21,1% azalaraq, 300 milyon manat olacağı proqnozlaşdırılır.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 785 milyon manat vəsaitin daxil olacağı gözlənilir ki, bu, 2019-cu ilin proqnozu ilə müqayisədə 7,6% çoxdur.

Hər iki qurum üzrə proqnozlarda artıma nəyin hesabına, yəni vergi və gömrük rüsumlarının artırılması və ya şəffaflığın təmin olunması hesabına nail olunacağı sualları yaranır.

ReAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli yol vergisinin artmasını texniki baxışa görə rüsumların artmasıyla əlaqələndirir. O, gələn il yanvarın 1-dən 50 faiz artım olacağını bildirib:

“Bu da yol vergisi ilə büdcədə nəzərdə tutulan daxilolmaların kəskin artmasına səbəb olacaq”.

İqtisadçı hesab edir ki, informasiyadan vergi və gömrük orqanlarının “ağardılması” açıq-aydın görünür. Yəni ölkədə nə ciddi istehsalda artım var, nə qeyri-neft sektoruna böyük həcmdə yatırımlar var.

O hesab edir ki, vergi və gömrük daxilolmalarında artımın olması bu sahələrdə müəyyən qədər qeydiyyatın təkmilləşdirilməsi ilə əlaqədardır.

“İki-üç il əvvəlki gömrük daxilolmalarına baxdıqda, bu il və gələn il üçün nəzərdə tutulan daxilolmalarda kəskin fərq olduğu görünür. İdxalda və istehlakda isə kəskin fərq görünmür. Deməli, xüsusən gömrük orqanlarında qeydiyyatdan kənar daxil olan malların həcmi azalıb. Gətirilən malların qeydiyyata daha çox düşməsi gömrük daxilolmalarını da artırıb. Bu, vergi daxilolmalarına da aiddir. 2016-cı ildə iqtisadi artım mənfi, sonrakı il sıfra yaxın oldu. Ötən il 1 faiz civarında, bu il isə 5 faizə yaxın iqtisadi artım gözlənilir. Beləliklə, vergi daxilolmalarında da artımın yaxşılaşması hesabatlılığın düzəlməsi ilə bağlıdır”, – Natiq Cəfərli deyib.

İqtisadçı-alim Nazim Bəydəmirli xatırladıb ki, ötən il müvafiq nazirliyin xətti ilə Vergi Məcəlləsinə dəyişiklik oldu və bu ildən şəffaflığın artırılması, “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində kifayət qədər müsbət addımlar atılır.

“Həm də bu işlər inzibati metodlarla yox, daha çox maarifləndirmə və vergi ödəyicilərinin işlərinin asanlaşdırılıması, xərclərinin optimallaşdırılması yolu ilə görülür. Əvvəlki illərdə gəlir vergisindən və DSMF-yə ödənişlərdən yayınmaq üçün demək olar ki, əksəriyyət ikili mühasibatlıq tətbiq edirdi və paket maaşlar verilirdi. 2019-cu ildən özəl sektorda 8 min manata qədər maaşlar gəlir vergisindən azad edildi. Bu mənada vergilərin xətti ilə müsbət addımlar atıldı. DSMF ilə bağlı da 2019-cu ildən sosial sığorta haqqlarının Vergilər Nazirliyi tərəfindən toplanması müsbət addımdır, ancaq yetərli deyil”.

İqtisadçılar Natiq Cəfərli və Nazim Bəydəmirli
Natiq Cəfərli və Nazim Bəydəmirli

Ekspert hesab edir ki, Gömrük Komitəsi tərəfindən toplanan vəsaitlərin də Vergilər Nazirliyinin toplaması məntiqə uyğun olardı.

“Gömrük Komitəsi tərəfindən toplanan vəsaitlər demək olar ki, vergilərdən ibarətdir – idxaldan alınan ƏDV, yol və aksiz vergisi. Adlarından da göründüyü kimi vergi növləridir. Bu maddələr üzrə toplanan vəsaitlər Gömrük daxilolmalarında 77% təşkil edir. Məntiqli olmazmı ki, bu vergiləri elə Vergilər Nazirliyi toplasın?Artıq iki ildir ki, gömrük statistikasını həm də Vergilər Nazirliyi aparır. Belə demək mümkündürsə, ölkəyə daxil olan malların həcmini saxtalaşdırmaq və büdcədən yayındırmaq halları azalıb. Ancaq bu yetərli olmasa da, onunla nəticələnib ki, gömrük xəttiylə toplanan vəsaitlər artır. Burada gömrüyün invoysların dəyişdirilməsi və neomonopoliyanın yaranması halları artır”.

Nazim Bəydəmirli qeyd edib ki, bu, heç də Gömrük Komitəsinin öz istəyi ilə baş vermir. Daxilolmalar Vergilər Nazirliyinin bu prosesə cəlb edilməsi ilə artıb.

“Buna son qoymaq və idxalı tam şəffaflaşdırmaq üçün Gömrük Komitəsi ləğv edilməli və onun vergiyığma funksiyaları Vergilər Nazirliyinə verilməlidir. Komitə isə xidmət formatına salınmalıdır. Qonşu Gürcüstanda və dünyanın 95% ölkələrində olduğu kimi gömrük prosedur xidməti göstərən bir departament olmalı, onun səlahiyyətləri, işçi sayı şişirdilmiş bir komitə statusunda olmamalıdır”.

Ana səhifəİqtisadiyyatGömrük Komitəsi və Vergilər Nazirliyinin büdcə öhdəlikləri artırılır