Maddələrin İrandan gətirildiyi bildirilib
Azərbaycan Dövlət Gömrük Komitəsi külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə Ukraynaya aparılması cəhdinin qarşısının alındığını bildirib.
Komitə bildirib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya gedən yük nəqliyyat vasitəsi nəzarətə götürülüb.
“Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi İranın Astara şəhərindəki “Pardis Ceram Pajh CO” şirkətindən Ukraynanın Kiyev şəhərindəki “Architectuar Decor” şirkətinə “qarışıq” yük apararkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb”, məlumatda deyilir.
Komitə bildirib ki, yük avtomobilinə baxış zamanı kinoloji xidmətin iti nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib və sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib və avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanılıb.
Şübhə yarandıqdan sonra qoşquda 2 ədəd paletdə olan 144 ədəd karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib.
Məlumata görə, psixotrop maddələr 12 ədəd qutuda olan lövhəciklərin tərkibində aşkar edilib. Bunların metamfetamin adlı psixotrop maddə olduğu müəyyən edilib.
“İçərisində 143 ədəd düzbucaqlı lövhəcik olan 12 ədəd karton qutunun ümumi çəkisinin 56 kq 363 qram təşkil etdiyi məlum olub”.
Gömrük Komitəsi bildirib ki, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxil olan metamfetaminin 56 kq 363 qramı “qara bazar”da dəyəri 9 milyon 500 min manatdır.