''21 milyon manatdan çox qiyməti olan narkotik maddə daşıyan sürücülərdən biri İrana qaçıb''
Dövlət Gömrük Komitəsi aparılan əməliyyat nəticəsində Azərbaycandan tranzit keçiriləcək 306 kiloqram 710 qram heroin aşkar etdyini bildirib.
Məlumata görə, narkotik maddə İrandan gətirilib, Gürcüstana aparılmalı idi.
“Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İranın “Nader Morvarıd Astara” şirkəti tərəfindən Azərbaycandan tranzit keçməklə Gürcüstanın “Marıana Younes Saeı Dızajyekan” şirkətinə göndərilən “daş bloklar” yükü daşıyan üç yük avtomobili saxlanılaraq stasionar rentgen qurğusundan keçirilib və nəticədə iki avtomobilin qoşqularında olan “Daş bloklar” yükünün təsvirlərində şübhəli cizgilər müşahidə edilib”.
Məlumata görə, avtomobillərdən birinin srücüsü İran vətəndaşı Azızıkoshkı Majıd Hassanın idarə etdiyi “SCANIA” markalı yük avtomobilindəki paletlərdən birinə gömrük baxışı zamanı 28 ədəd daş blokların hər birinin daxilində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılan, ümumi çəkisi 45 kq 446 qram narkotik vasitə-heroin aşkar edilib.
“Digər daş bloklarda da narkotik vasitələrin olub-olmamasını təkrar yoxlamaq məqsədilə yük avtomobili idxal xəttinə yönləndirilsə də, yoxlama yerinə çatarkən sürücü nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət etməyə başlayıb. O, yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttindəolan “şlaqbaumu” sındıraraq Azərbaycan ərazisini tərk edib. Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İran İslam Respublikasının Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub”.
Gömrük Komitəsi bildirib ki, digər sürücü İmanı Rouhollah Alıakbarın idarə etdiyi “VOLVO” markalı yük avtomobilinin qoşqusunda olan 15 paletdəki 960 ədəd daş bloklarda yoxlama zamanı 161 ədəd standart ölçülü, düzbucaqlı formalı daş blokların hər birinin içərisində 1 ədəd olmaqla şəffaf rəngli polietilen torbalarda qablaşdırılmaları ilə birlikdə, ümumi çəkisi 261 kq 264 qram təşkil edən narkotik vasitə -heroin aşkar edilib.
İki yük avtomobilindən aşkar edilən narkotik vasitə-heroinin ümumi çəkisi 306 kq 710 qram olub ki, “qara bazar”da dəyəri 21 milyon 500 min manat təşkil edir.