Qaçaqmalçılıqda günahlandırılan şəxslərə hökm oxundu
Gəncə Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilən Dövlət Gömrük Xidmətinin əməkdaşı Arif Rzayevin və qaçaqmalçılıqda təqsirləndirilən digərlərinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Meydan TV-nin məlumatına görə, iclasda hökm elan edilib. Hökmə əsasən, Anar Əliyev 3 il 2 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (cəzanın şərti hesab edilməsi) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti müəyyən edilməklə şərti cəzaya məhkum edilib. Faiq Abdurrəhmanov 2 il sınaq müddəti təyin edilməklə 5 il şərti, Rəşad Dadaşov 2 il sınaq müddəti təyin edilməklə 3 il 3 ay, Arif Rzayev 1 il müddətinə dövlət orqanlarında və yerli özünüidarəetmə rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə şərti cəzaya məhkum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş və təqsirləndirilən şəxslər apelyasiya şikayəti, dövlət ittihamçısı isə apelyasiya protesti verib. Zərərçəkmiş şəxslərdən Kərim Hüseynovun vəkili Hafiz Ələsgərov və nümayəndəsi Anar Yusubov apelyasiya şikayətlərində hökmün ədalətsiz və qanunsuz olduğunu bildiriblər. Onlar daha ağır cəzanın verilməsini istəyiblər. Apelyasiya şikayəti üzrə məhkəmənin baxış iclası oktyabrın 13-nə təyin edilib.
Təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslərin şikayəti əsasında həbs edilsələr də, sonradan azadlığa buraxılıblar. İstintaq və məhkəmə dövründə onların barəsində həbs-qətimkan tədbiri seçilməyib.
İttiham aktına görə, təqsirləndirilən şəxslər qabaqcadan bir qrup şəxs halında əlbir olaraq ayrı-ayrı şəxslərin mülkiyyətində olan avtomaşınları gömrük sərhədindən keçirməklə qaçaqmalçılıq cinayətini törədiblər. Onlar avtosalonlara gələrək xarici avtomobillərin qiymətini öyrəniblər. Həmin avtomobil almaq istədiklərini deyib, beh verib avtomobili salondan çıxararaq Gürcüstana aparıblar. Zərərçəkmiş şəxslərdən biri Kərim Hüseynovdur.
Təqsirləndirilən şəxslər ona məxsus avtosalondan dəyəri 70 min manat olan “Lexsus LX 570” markalı 2012-ci il buraxılışlı, 10 VD 570 dövlət qeydiyyat nişanlı avtomaşını Azərbaycan ərazisindən Gürcüstana aparıblar. Onlara bu işdə Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən, Arif Rzayev köməklik edib. Belə ki, Anar Əliyev tanışı Arif Rzayevdən “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomaşınların sıxlığına görə sənədləri təqdim etmədən növbədənkənar rəsmiləşdirmə aparılmasını xahiş edib. Anar Əliyev avtomaşının öz mülkiyyətində olması barədə yalan məlumat verib. A.Rzayev isə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək məlumatları yoxlamadan avtomobilin keçirilməsinə icazə verib.
İş üzrə 9 nəfər zərərçəkmiş kimi tanınıb. Heç bir zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməyib.
Təqsirləndirilən şəxslərdən Anar Əliyevin dayısı Baş Prokurorluqda işləyir.
Təqsirləndirilən şəxslərdən Arif Rzayev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), digərləri isə 206-cı (qaçaqmalçılıq) maddəsinə əsasən ittiham olunurlar.