Gömrük əməkdaşları cinayət məsuliyyətinə cəlb olunub

Həbs. Foto: Meydan TV

İttihama görə, 1.8 milyon manatdan çox gömrük ödənişi dövlət büdcəsindən yayındırılıb

Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov, idarənin Qırmızı-Körpü gömrük postunun rəisi Vasif Abıyev, Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov və Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədov cinayət məsuliyyətinə cəlb olunub. İnspektorlar haqqında həbs qərarı çıxarılıb, digər ikisi haqqında isə vəzifədən kənarlaşdırılaraq, barələrində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb.

Məlumatda bildirilir ki, Dövlət Gömrük Komitəsindən daxil olan cinayət işi üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində birgə istintaq qrupu yaradılıb. Cinayət işi qaçaqmalçılıq edənlər və buna şərait yaradanlarla bağlı olub.

İddia olunur ki, 2023-2024-cü illər ərzində 60-a qədər yük maşını ilə Azərbaycandan ixrac olunması nəzərdə tutulan, həmçinin tranzit qaydada İrandan  gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparılmalı olsa da, marşrutdan kənara çıxarılaraq, qiymətli metal yükləri ilə əvəzlənib. Bundan sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirilib.

Rəsmi qurumların məlumatına görə, istintaq zamanı “Karvan 313” MMC-nin təsisçisi Telman İbrahimov, şirkətin direktor müavini, sabiq gömrük əməkdaşı Arif Rzayev, keçmiş gömrük əməkdaşı Təvəkkül Bayramov, Şahin Soltanov, Türkiyə vətəndaşı Şener Bilgi və başqalarının bu prosesdə iştirakına şübhələr yaranıb.

Adları çəkilən şəxslərlə yanaşı, Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədov sözügedən qaçaqmalçılıq hallarına şərait yaradaraq, rüşvət almaqda ittiham olunur.

Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun rəisi Vasif Abıyev isə baş verənlərlə əlaqədar xidməti işi düzgün təşkil etməməkdə, qanunsuz hallara laqeyd münasibətdə təqsirləndirilir.

Rəsmi açıqlamada vurğulanıb ki, bu cür qanunsuzluqlar nəticəsində 1.8 milyon manatdan çox gömrük ödənişi dövlət büdcəsindən yayındırılıb.

Elmir Məmmədova Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), Turab Nəsirova 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddələrilə ittiham verilib, onlar haqqında ilkin istintaq dövrü üçün həbs qətimkan tədbiri seçilib.

Vasif Abıyev və Elçin Şabanov isə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunur. Onların istintaq dövründə həbsdə qalmamasına qərar verilib. Hər ikisinin barəsində Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilib.

Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Şener Bilgi isə 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub. Türkiyə vətəndaşı istisna olmaqla, digərləri haqqında həbs qətimkan tədbiri seçilib. Şener Bilgin isə axtarışa verilib.

Adları çəkilən təqsirləndirilən şəxslərin ittihamlara münasibəti, özlərini təqsirli bilib-bilmədikləri məlum deyil.

Ana səhifəSosialGömrük əməkdaşları cinayət məsuliyyətinə cəlb olunub