”Gömrük brokerləri bazara süni müdaxiləyə cəhd edirlər”

Ekspertlər hesab edir ki, inhisarçılığın aradan qaldırılması üçün gömrük sahəsində islahatlar aparılmalıdır

Source:


Ekspertlər hesab edir ki, inhisarçılığın aradan qaldırılması üçün gömrük sahəsində islahatlar aparılmalıdır

Dövlət Gömrük Komitəsinin rəsmi açıqlamasında gömrük sistemində hər şeyin qanunlar əsasında idarə olunuğu iddia edilir, əks fikirlər cəfəngiyat adlandırılır. Son günlərin ən aktual mövzusu gömrükdə hökm sürən inhisarçılığın aradan qaldırılması, islahatların davamı olaraq bu qurumun ləğv ediləcəyi barədə təhlilçilərin fikirləridir.


Gömrük rəsmiləşdirməsi

DGK-nın mətbuat xidmətinin məlumatında deyilir ki, ölkəyə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır.

DGK həm də “mövcud maliyyə-iqtisadi böhran şəraitində” yerli istehsalçıların mənafelərinin qoruyucusu kimi çıxış etdiyini, idxala yanaşmasında ölkədən xarici valyutanın aparılması prosesini zəiflətmək istəyinin gizləndiyini bəyan edib. Ekspertlər isə bu cür pafosun arxasında bazara süni müdaxiləyə cəhdin durduğunu bildirirlər.

“İdxal olunan əmtəənin mal-müşayiət sənədləri (rəsmi invoys, zəruri sertifikatlar, müqavilə və s.) varsa, Gömrük Komitəsinin həmin sənədləri şübhə altına alması qanunsuz və səlahiyyətlərini aşmasıdır. İndi belə vəziyyətdə hansı xarici investor gəlib Azərbaycanda işləyər? Sahibkar avadanlıq və ya xammalı idxal edəndə  DGK deyəcək ki, yox, bu saxta invoysdu, qiymətlər orda əks edilən kimi 100 min yox, 200 min dollardı. İndi 30 min yox, 60 min vergi ödəməlisən”. İqtisadçı Rövşən Ağayev hazırda gömrükdə durumun belə olduğunu söyləyir.

Komitənin açıqlamasında deyilir: “Xarici iqtisadi faəliyyət iştirakçıları tərəfindən ölkə ərazisinə idxal olunan malların gömrük dəyərləndirilməsi düzgün həyata keçirilməlidir ki, istehlak bazarında eyniadlı malların rəqabətliliyi təmin olunsun”. Bu, müstəqil iqtisadçıların elə məhz bu addım ilə gömrük orqanının istehlak bazarında qiymətlərin yüksək olmasına, əhalinin alıcılıq qabiliyyətinin aşağı salınmasına rəvac verməsi fikirlərinə cavabdır.


Ölkədə inhisarçılıq aradan qalxıb

DGK belə iddia edir və bunu bəzi rəqəmlərlə əsaslandırır: “Ölkə ərazisinə idxalı bütün mal mövqeləri üzrə minlərlə təsərrüfat subyektləri həyata keçirir. Məsələn: kərə yağını – 15-20, xamanı – 20-30, düyünü – 10-18, taxılı – 10-12, tikinti armaturunu – 20, taxtanı – 22, məişət əşyalarını 15 şirkət və fiziki şəxs gətirir”.

İqtisadçı

Nazim Məmmədov

 deyir ki, səsləndirilən rəqəmlərin arxasında gömrük brokerlərinin əli ilə yaradılmış saxta şirkətlər dayanır və mətbuat bu faktları dəfələrələ ifşa edib. Onların nəzarətindən kənar idxal fəaliyyəti ilə məşğul olmaq istəyənlərə isə çoxsaylı maneələr yaradılır.


Gömrük brokerləri

Komitə mətbuatda gömrük brokerlərinin idxal əməliyyatlarından kənarlaşdırılması haqda yayılan xəbərlərə də aydınlıq gətirərək açıqlamasında bildirir ki, gömrük təmsilçiliyi, gömrük brokeri və səlahiyyətli iqtisadi operator fəaliyyəti Gömrük Məcəlləsində əksini tapıb. Özü də bu tip qurumlar BMT-nin İnkişaf Proqramının və Avropa İttifaqının dəstəyi ilə cəlb olunmuş beynəlxalq ekspertlərin tövsiyələrinə əsasən qanunvericilikdə nəzərdə tutulub.

İqtisadçı ekspert

Qubad İbadoğlu

 məsələ ilə bağlı deyir ki, heç kəs gömrük brokerlərinin əleyhinə deyil. “Lakin hazırda gömrük orqanlarında hökm sürən özbaşınalığın nəticəsidir ki, gömrük brokerləri öz birbaşa vəzifələri ilə məşğul olaraq sahibkarlara xidmət göstərməkdənsə, gömrük orqanlarının mənafeyinin təmsilçisi kimi çıxış edirlər

Qeyd etmək lazımdır ki, hazırda gömrük brokeri xidməti lisenziyalaşdırılan fəaliyyət növləri sırasından çıxarılıb. DGK idxalçıları tövsiyə edir ki, onlar həm də birbaşa onun ərazi və ixtisaslaşdırılmış idarələrinə müraciət etsinlər.


“Güzgü statistikası”

Müstəqil ekspertlər illərdən bəri Azərbaycan gömrüyündə xaricdən idxal edilən malların bilərəkdən azaldılmasıni, gömrük vergi və rüsumlarından yayınmaq üçün  qiymətlərin süni şəkildə aşağı rəsmiləşdirilməsindən bəhs edirlər. Komitə bu ciddi korrupsiya ittihamına məhz bu həssas dönəmdə cavab verib.

“Sson 6 il (2008-2013-cü illər) ərzində 15 ölkədən (Almaniya, Belarus, Çin, Macarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, ABŞ, Yaponiya, Böyük Britaniya, Koreya, İran, İsrail, Fransa) Azərbaycana 21,58 milyard dollar həcmində idxal olunan malların statistik uçotdan yayınması kimi göstərilməsi faktı tam yanlış və əsassızdır. Digər tərəfdən büdcənin bu illər ərzində itkisi də cəfəngiyatdan başqa bir şey deyil”.

DGK-nın bununla bağılı açılamasına cavab olaraq Qubad İbadoğlu deyib ki, onun “güzgü statistikası” və büdcədən yayındırılan vəsaitlər haqda araşdırmaları BMT-nin Ticarət Statistikası portalının (

http://comtrade.un.org/

) rəsmi məlumatlarına istinad edir və istənilən vaxt iddialarını DGK rəsmilərinə üzbəüz açıq polemikada sübut edə bilər.



Turan İA.

Ana səhifəXəbərlər”Gömrük brokerləri bazara süni müdaxiləyə cəhd edirlər”