“Danışıqlar Ermənistan-Rusiya-Azərbaycan formatında aparılır”
“Bəzi rusiyalı hərbçilər artıq Gegharkunik bölgəsindədir. Onlar müəyyən mərhələdən sonra sərhəd boyunca yerləşəcəklər”.
Geğarkunik vilayətinin qubernatoru Gnel Sanosyan iyulun 7-də keçirdiyi mətbuat konfransında belə
deyib
.
Bildirib ki, artıq bununla bağlı birgə iş gedir. Bunun nəticəsində də bir sıra rusiyalı tərəfdaşlar və hərbçilər həmin bölgədədir:
“Müəyyən mərhələdən və vaxtdan sonra onlar sərhəd boyunca yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri bu ərazilərdən çıxarılacaq. Ardınca müəyyən danışıqlara başlanılacaq və müəyyən ərazilərdə düzəlişlər ediləcək”.
Qubernator danışıqların üçtərəfli xarakter daşıdığını və Ermənistan-Rusiya-Azərbaycan formatında aparıldığını da bildirib. Sərhəd boyunca Rusiya sərhədçilərinin yerləşdirilməsinə gəlincə, qubernator bunun nə zaman olacağını dəqiq bilmədiyini söyləyib:
“Ancaq inanıram ki, bir neçə günün içində baş tutacaq”.
Gnel Sanosyan rus sərhədçilərinin bölgəyə müvəqqəti və ya daimi yerləşdiriləcəyini də hələ bilmir:
“Dünənki atışmadan sonra sərhəddə vəziyyət sabitdir, yeni hadisə qeydə alınmayıb. Mayın 12-13-dən sonrakı vəziyyət sizə məlumdur. Zaman-zaman oxşar hadisələrin baş verəcəyi istisna deyil. Ötən günlərdə bir hadisə oldu. Nəticədə hərbçilərimizdən biri yüngül yaralandı. Hazırda onun vəziyyət sabitdir. Yeni bir hadisə yoxdur”.
İyulun 7-də Azərbaycan tərəf Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutduğunu açıqlamışdı.
Bir gün öncə isə qanunsuz erməni silahlı dəstələrinin Ağdam rayonu ərazisində bölmələri atəşə tutduğunu, bir hərbi qulluqçusunun yaralandığını bildirmişdi.
İyunun 6-da Ermənistan tərəf də Azərbaycanı Geğarkunik rayonu ərazisində atəşkəsi pozmaqda ittiham etmişdi.
Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.
İyunun 11-də Azərbaycan tərəf məlumat yayaraq bildirdi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan bömələrinə Kəlbəcər istiqamətində atəş açıb. Müdafiə Nazirliyi baş vermiş hadisəyə görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü bildirib.
Ermənistan Müdafiə Nazirliyi də iyunun 10-da Azərbaycan silahlı qüvvələrinin sərhəd bölgəsində mühəndis işləri aparmaq istəməsi və erməni tərəfin işi dayandırmaqdan ötrü cavab addımına əl atması haqda məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycan tərəf Ermənistan mövqelərinə atəş açıb və onlar da adekvat cavab veriblər.
Mayın 12-də Ermənistan tərəf açıqlama verərək bildirilirdi ki, Azərbaycan silahlı qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə daxil olub. Azərbaycan Ermənistanın bu iddiasını təkzib etmişdi.
Həmin zaman Ermənistan tərəf Azərbaycanı, Azərbaycan isə Ermənistanı atəşkəsi pozmaqda günahlandırmışdı. Hətta Ermənistan iki hərbi qulluqçusunun həlak olduğunu da açıqlamışdı. Azərbaycan isə silahdan istifadə etmədiyini, ümumiyyətlə, atəş açmadığını bildirmişdi.
Mayın 28-də isə Azərbaycan tərəf açıqlama yaymışdı ki, Ermənistanın açdığı atəş nəticəsində Naxçıvanda bir hərbi qulluqçu yaralanıb. Bu məlumatı isə Ermənistan Müdafiə Nazirliyi təkzib etmişdi.
İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb. Həmin məlumatda bildirilirdi ki, 40-a yaxın erməni hərbçisi Kəlbəcərin Armudlu kəndi tərəfdən 400 metr Azərbaycan ərazisinə daxil olub: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ərazidən çıxarılıb. Bu zaman silahdan istifadə edilməyib”.
Bir neçə saat sonra Ermənistan Müdafiə Nazirliyi "Azərbaycan tərəfi dezinformasiya yayır" deyərək məlumatı təkzib edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.
Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.
Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.