Rövşən Ağayev: “Yerli vergi ödəyicilərinin ümumi biznes dövriyyəsi burda çalışan xarici sahibkarlardan təxminən 15 dəfə çoxdur”
“Azərbaycan iqtisadiyyatının real vergi potensialı həmişə mübahisə doğuran məsələlərdən biri olub. İqtisadiyyatla bağlı məlumatlar, dövlət qurumlarının fəaliyyəti o qədər qapalı, hökumətin iqtisadi qanadı müstəqil tədqiqatlardan o qədər uzaqdır ki, gizli iqtisadiyyatın real miqyasını təsəvvür eləmək üçün ipuclarına çıxmaq çox çətin görünür. Ən əsası beynəlxalq təşkilatlar bu sahədə müstəqil araşdırmalara heç vaxt dəstək vermək istəməyib”.
Bu sözləri öz Facebook səhifəsində iqtisadçı Rövşən Ağayev yazıb. Onun sözlərinə görə, amma bəzən hansısa kiçik bir məlumatla rastlaşırsan və bu, büdcənin real imkanları ilə bağlı müzakirələr üçün axtardığın ipuclarını verir:
“2014-cü ilin büdcə məlumatlarını təhlil edəndə maraqlı bir rəqəmlə rastlaşdım. Deməli, Azərbaycanın yerli vergi ödəyiciləri dövlət büdcəsinə 1.921 milyard manat ƏDV, 574 milyon manat mənfəət vergisi ödəyiblər. Ən kobud hesablamalara görə, 1.9 milyard manat ƏDV ödəmək üçün bu vergi ödəyicilərinin dövriyyəsi 10 milyard manatdan da bir qədər çox olmalıdır. Əgər dövriyyə bu həcmdədirsə, deməli, yerli vergi ödəyiciləri ümumi dövriyyələrinin təxminən 5%-i qədər mənfəət vergisi ödəyirlər.
Xarici vergi ödəyiciləri (bura xarici neft şirkətləri aid deyil) isə 126 milyon manat ƏDV, 265 milyon manat isə mənfəət vergisi ödəyiblər. Yenə də ən kobud hesablamalara görə, 126 milyon manat ƏDV ödəmək üçün bu vergi ödəyicilərinin dövriyyəsi təxminən 700 milyon manat olmalıdır. Əgər dövriyyə bu həcmdədirsə, deməli, yerli vergi ödəyiciləri ümumi dövriyyələrinin təxminən 35%-i qədər mənfəət vergisi ödəyirlər.
İki rəqəm arasında fərqi görürsünüzmü? Yerli vergi ödəyicilərinin ümumi biznes dövriyyəsi burda çalışan xarici sahibkarlardan təxminən 15 dəfə çoxdur, amma ödədikləri mənfəət vergisi cəmi 2 dəfə fərqlənir.
Məlumat üçün deyim ki, neft sektoru istisna olmaqla Azərbaycanın vergi qanunvericiliyi rezident və qeyri-rezident vergi ödəyiciləri üçün fərqli vergi rejimi müəyyən etmir”.