Girov götürülmüş azərbaycanlılarla bağlı Avropa Məhkəməsinə müraciət olundu

“Qurbanların Səsi ” kampaniyası Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə işinə pioritet qaydada baxılmasını istəyir

Source:


“Qurbanların Səsi ” kampaniyası Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə işinə pioritet qaydada  baxılmasını istəyir

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov tərəfindən yaradılan  “Qurbanların Səsi ” kampaniyası  2014-cu ildə girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin məhkəmə işinə pioritet qaydada  baxılması üçün fevralın 20-də poçt vasitəsilə Avropa Məhkəməsinə müraciət göndərib.  Müraciətdə qeyd edilir ki, əsirlərin səhhəti və saxlanma şəraiti nəzərə alınmaqla adları çəkilən şəxslərin işinə tez baxılsın. O da vurğulanıb ki, adları çəkilən şəxslərin tutulması və onlar barəsində bu cür qərar çıxarılması beynəlxalq humanitar hüquqa ziddir.

Bu barədə Rəsul Cəfərovun facebook səhifəsində yayılıb. Müraciətdə göstərilir ki, kampaniya çərçivəsində  əsirlərin işi ilə bağlı qısa araşdırma aparılıb.

“Hazırda həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevi əsirlikdə saxlayan tərəfin istifadə etdiyi əsas arqument odur ki, hər iki şəxs silahlı olub. Bu cür mövqe həm siyasi danışıqlar, həm də məsələni insan haqları konteksindən çıxarmaq üçündür. Belə ki, bu cür mövqe beynəlxalq təşkilatların  fəaliyyətlərini məhdudlaşdırmış olur. Çünki beynəlxalq humanitar hüquqa əsasən mülki əsirləri hərbi əsirlərdən fərqli olaraq azad etmək daha asandır. Qarşı tərəf də hazırda hər iki şəxsi , yəni Dilqəm Əsgərov və Şahbaz Quliyevi hərbi əsir kimi təqdim edir” – deyə müraciətdə qeyd olunub.

Daha sonra psevdo məhkəmə və Avropa Məhkəməsinin prespektivi qeyd edilir: “Əsirlər üzərində keçirilən məhkəmə və çıxarılan  qərar birmənalı şəkildə qanunsuzdur. Beynəlxalq hüquq subyekti olmayan qurumun məhkəməsi birmənalı olaraq psevdo məhkəmə hesab edilir və bu tip məhkəmələrin də qərarları heç bir hüquqi qüvvəyə malik ola bilməz. Burada əsas məqamlardan biri də odur ki, proseslər yarımqapalı şəkildə keçirilib, hətta Ermənistanın bir sıra müstəqil QHT-lərinin nümayəndələri də prosesə buraxılmayıblar.

Əsirlərin işi üzrə Avropa Məhkəməsinə müraciətin müsbət və mənfi tərəfləri var. Müsbət tərəf ondan ibarətdir ki, əsirlərin hüquqlarının bərpası baxımından Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu məhkəmə instansiyasına müraciət edilib. Onların hüquqları Azərbaycan ərazisində Ermənistan tərəfindən pozulub, həm Azərbaycan, həmdə Ermənistan Avropa Məhkəməsinin  yurisdiksiyasını qəbul edib.  Mənfi məsələ ondan ibarətdir ki, şikayət Ermənistan məhkəməsinin deyil, psevdo məhkəmənin çıxardığı qərardan verilib.  Bu həmin qərarın müəyyən mənada legitimləşdirilməsi deməkdir”.

Rəsul Cəfərov yanvarın 19-da “Qurbanların Səsi” adlı kampaniyanın başlanması təşəbbüsünü irəli sürüb. Kampaniyanın  əsas məqsədi  20 yanvar qətliamına insan hüquq və azadlıqlarının pozulması prizmasından qiymət vermək və yerli ictimaiyyətin, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətini bu məsələyə yönəltməkdən ibarətdir.

Ana səhifəXəbərlərGirov götürülmüş azərbaycanlılarla bağlı Avropa Məhkəməsinə müraciət olundu