Gürcüstan Gömrük Xidməti ilə Azərbaycan Gömrük Komitəsinin məlumatlar üst-üstə düşmür
İlkin hesablamalara görə, gips ixrac edənlər müqavilə qiymətini az göstərməklə hər il vergidən 10 mln manat gizləyirlər. Turan İA Cənubi Qafqaz ölkələrinin gömrük və statistik məlumatları əsasında müəyyən edib ki, ixracatçılar gömrük strukturlarının köməyi ilə gipsin ixrac qiymətini 10 dəfə azaldır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2013-cü ildə 128 626,8 ton gips ixrac edilib. Bu, 2012-ci ildəkindən 0,9% çoxdur. Gömrük sənədlərinə əsasən, ixracatçılar bu əməliyyatlardan 2013-cü ildə $1 mln 867,4 min qazanıb. Demək, malın tonu gömrükdə 14$-a sənədləşib. 2012-ci ildə bu rəqəm 15,21$ olub.
Dövlət Statistika Komitəsi (DSK) DGK-ya istinadən bildirir ki, 2012-2013-ci illərdə və bu il bütün ixrac Gürcüstanın payına düşüb. Gürcüstanın Statsitika xidməti öz saytında (www.geostat.ge) idxal-ixracın fiziki həcmini açıqlamır. 2009-cu il üçün belə məlumatlar var. 2009-cu ildə Gürcüstana 62,8 min ton gips daxil olub. Gürcüstanın Statsitika xidmətinə görə, 1 ton gips $78,1-a sənədləşib. Həmin ildə Azərbaycan gömrüyündə Gürcüstana 34 248,2 ton gips ixrac edildiyi bildirilir. Malın ümumi qiyməti $661 min və ya tonu 19,3$ göstərilir. Bu isə Gürcüstan sərhədindəkindən 4 dəfə azdır. Gürcüstan 2012-2013-cü illərdə $20,6 mln və $23,9 mln qiymətində gips idxal edib. Ermənistan Statsitika xidmətinin 2013-cü ildə ticarət dövriyyəsi barədə hesabatı da maraqlıdır.
Ötən il bu ölkəyə 21 min ton gips idxal edilib. Bir ton gips Ermənistan gömrüyündə 187,8 dollara sənədləşib. Müqayisə üçün deyək ki, bir ton qablaşdırılmış gips Azərbaycanda $200-dır. Azərbaycan DSK-ya görə, bu ilin yanvar-sentyabr aylarında ölkədə 143,1 min ton gips istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 30,9% azdır. Məhsulun cəmi 58,4%-i (83,6 min ton) satış üçün nəzərdə tutulub. Bu ilin I yarısında gips ixracı həcmi 62,4 min ton olub. İxracatçılar satışdan $1 mln 83,7 min mədaxil olduğunu bildirir. Gürcüstan Statsitika xidməti 9 ayda $18,9 mln məbləğində gips idxalı barədə məlumat verir. Azərbaycanda əsas gips istehsalçıları “Garant Holding” və “Gilan Holding”dir. Hər iki holdinqin müəssisələri Goranboyda yerləşir. “Garant Holding”ə məxsus “Goranboy Gips”in gücü məlum deyil. Gilan Goranboy Gipsin istehsal gücü ildə 300 min tondur. “Gilan Holding”in gips-karton istehsalı müəssisəsi var.