“Biz hələ də Dövlət Departamentinin yekun qərarını gözləyirik”
“Azərbaycandan olan tələbələr üçün təqaüd proqramının dayandırılması barədə məktub almamışıq”.
Bunu Meydan TV-yə Gürcüstanın İctimai İşlər İnstitutunun (GIPA) Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin dekanı Nino İvanaşvili deyib.
İvanaşvili Ermənistanla bağlı təqaüd proqramının dayandırılması barədə məktub aldıqlarını qeyd edib.
Azərbaycanla bağlı təqaüd proqramı barədə isə hazırda ABŞ Dövlət Departamentinin yekun qərarını gözlədiklərini bildirib:
“ Azərbaycan üçün təqaüd proqramı nəzərdən keçirilir. Biz hələ də Dövlət Departamentinin yekun qərarını gözləyirik, ümid edirik ki, onun fəaliyyəti dayandırılmayacaq.
Baxmayaraq ki, bəzi digər layihəyə xitam məktubları ilə yanaşı, erməni təqaüd proqramının dayandırılması ilə bağlı rəsmi elektron məktub almışıq”.
Ötən gün sosial şəbəkələrdə və mediada Amerika Dövlət Departamentinin Gürcüstanın İctimai İşlər İnstitutunda (GIPA) jurnalistika və media əlaqələri üzrə magistr proqramına maliyyəni dayandırması barədə məlumatlar yayılıb.
Yayılan məlumatlarda deyilirdi ki, proqram artıq təqaüdlə tələbə qəbulu həyata keçirməyəcək. Hazırkı tələbələr öz hesablarına təhsil almalı olacaqlar.
GİPA-da dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılırdı.
Bu proqram ABŞ-nin Dövlət Departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilirdi.
Proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsi idi.
GIPA-da regional təqaüd proqramına qəbul 2002-ci ildən həyata keçirilirdi. Hər il Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak etmək üçün seçilirdi. Azərbaycanda GIPA jurnalistika üzrə magistr proqramına son tələbə qəbulu ötən ilin aprelində elan edilib.