Giorgi Nakaşidze:””Oscar”ı almasaq da, sevinəcəyik”


“Ümumiyyətlə, “Mən siyasətə qarışmıram” deyən adamlara Qədim Yunanıstanda idiotus deyirdilər”

Giorgi Nakaşidze 1992-ci ildə Ş.Rustaveli adına Tiflis Teatr İnstitutunu bitirib. Həmin ildən kinoaktyor Mixail Tumanaşvili adına teatrda aktyor fəaliyyətinə başlayıb. Müxtəlif film və tamaşalarda rol alıb. 2014-cü ildə baş rollarından birinə çəkildiyi  “Mandarinlər” filmi bir neçə yerli və beynəlxalq film festivallarında yer qazanıb. Bu ilin yanvar ayında  “Mandarinlər” filmi “ ən yaxşı xarici film” nominasiyasında “Qızıl Qlobus” mükafatına təqdim olunub. Bu gün isə (fevralın 22-də) “Mandarinlər” filmi eyni nominasiya üzrə “Oscar” mükafatı uğrunda mübarizə aparacaq.

 “Mandarinlər” filmində Əhməd rolunun ifaçısı, aktyor Giorgi Nakaşidzenin bir neçə gün öncə Meydan Tv-yə verdiyi müsahibəni təqdim edirik.


-İlk öncə, “Oscar”dan başlamaq istərdim. Bəzən deyirlər ki, bu kimi müsabiqələrdə yaradıcılıqdan daha çox siyasi amillər nəzərə alınır. Siz necə düşünürsünüz?

-Bilirsiniz,  bu məsələdə peşəkar olmadığım üçün heç vaxt dərinə getməmişəm.  Amma bəzən deyirlər ki, siyasət də böyük rol oynayır. Yəni siyasi situasiya, mövzunun aktuallığı.  Düşünürəm ki, bizim filmdə situasiya  çox aktualdır. Çünkü orada öz aralarında müharibə edən başqa milllətlərin insanları sonra bir-birilərində  dindən daha üstün olan sevgi, insanlıq və bu kimi duyğular  müşahidə edirlər. O duyğular ki, onlar bütün dünyanın insanlarında pozitiv və oxşardır.  Düşünürəm ki, bu film, insanları  bir-birinə yaxınlaşdıran, xaraktercə oxşar xüsusiyyətləri tapmağa səsləyən pasifist  filmdir. Burada müharibə də mövcuddur. Filmdə bu mövzu da var, din mövzusu da var, insanların bir-birilərinin dininə hörmət etməsinin vacibliyi də vurğulanır. Hesab edirəm ki, bu, indi bütün dünyada aktual mövzudur. Ola bilər ki, bu mövzu akademiklər üçün də aktual olacaq  və biz buna sevinəcəyik. Amma belə olmasa da, biz yenə sevinəcəyik. Çünkü biz dünyanın ən güclü festivallarından birində beşliyə düşmüşük. Bu, bir çox obyektiv səbəblərdən  böyük tənəzzül yaşamış və bu gün maraqlı filmlər yaradan, beynəlxalq müsabiqələrdə iştirak edən gürcü kinosunun uğurudur. “Mandarinlər” filmi 22 mükafat alıb, “Qızıl Qlobus”a da təqdim olunub. İndi isə “Oscar”.  Bəli, bu, gürcü filmi üçün böyük uğurudur.


– “Qızıl Qlobus”dan söz düşmüşkən, o müsabiqədə sizin filmin təqdim olunduğu nominasiyada “Leviafan” qalib oldu. Bu filmə baxmaq imkanınız olubmu?

-Bilirsiniz, bu filmə baxmamışam. Bilmirəm niyə. Çünki “Oscar”a təqdim olunan digər bütün filmlərə baxmışam. Hər dəfə “Leviafan”a baxmağa hazırlaşıram, alınmır. Bəlkə də bu, bir az gülməlidir, ya da kimsə deyəcək ki, qeyri-peşəkarlıqdır. Mənə  onun çox ağır film olduğunu deyiblər. Mən isə indi ağır filmə baxmaq ovqatında deyiləm. Mən ovqat adamıyam. Yəqin ki, “Oscar” üçün Los-Ancelesə gedənə kimi baxacağam bu filmə.


– Filmin sonuncu səhnələrindən birində  İvo Əhməddən (Giorgi Nakaşidzedən-red.) soruşur: “Əhməd, bunun bir əhəmiyyəti varmı?” Maraqlıdır, siz özünüz orada nə cavab verərdiniz? Sizin özünüz üçün müharibə nə deməkdir?

-Əlbəttə, müharibə mənim üçün çox pis bir hadisədir. Mən də eyni ilə o cavabı verərdim. Çünki dediyim kimi, insan başqalarında dini fərqdən daha yüksəkdə duran cəhətlər, hisslər müşahidə edə bilər. Beləcə katarsis baş verir. Filmdə də Əhməd əvvəl müharibədə iştirak etmək üçün gəlir, lakin sonradan müharibənin nə qədər mənasız olduğunu anlayır. Ümumiyyətlə, demək istəyirəm ki, Allah qarşısında biz hamımız eyniyik.


-Filminizi Azərbaycanda izləyən tamaşaçılar da maraqla qarşıladılar. Ümumiyyətlə, sizin Azərbaycan haqqında təsəvvürləriniz necədir?

-Çox təəssüf ki, mən Azərbaycanda olmamışam. Bakının çox-çox gözəl, tarixi şəhər olduğu barədə eşitmişəm. Orada çox istiqanlı, qonaqpərvər, gürcüləri çox sevən-mən bunu bilirəm- insanlar yaşayır. Yeri gəlmişkən, mən uşaqlıqda sizin əfsanəvi musiqiçiniz Vaqif Mustafazadəni dinləməyi çox sevirdim. O, mənim, belə deyək, yaşlı dostum, kontrabasçı Tamaz Kuraşvili ilə dostluq edirdi. Onlar birlikdə çox ifa ediblər. Düşünürəm ki, Vaqif Mustafazadə dahi cazmen idi. Onu qızı Əzizə Mustafazadəni də çox dinləmişəm. Mən bilirəm ki, sizin çox geniş, dərin, maraqlı mədəniyyətiniz var. Amma çox təəssüf ki, Bakıda olmamışam. Mütləq bir gün gələcəm. Bakı çox uzaqda deyil və ora gəlmək də çətin deyil. Lap işlə bağlı olmasa belə, bir gün turist kimi gələcəm ora.


-Sizi Bakıda görməyə şad olarıq. Müsahibələrinizin birində deyirsiniz ki, insan sadəcə öz işi ilə məşğul olmalıdır. Çünkü yalnız öz işlərini görən adamlar öz ölkələrini xilas edə biləcəklər. Maraqlıdır, sizin ölkənizdə insanların öz işlərini rahat görməsinə imkan varmı?

-Yox təəssüf ki, bu imkan yoxdur. Məncə, indi bu problem bütün dünyada var. İnsanlar istədikləri işlə məşğul ola bilmirlər. Çünkü dünyadakı insanlar onların görmək istədikləri işlərdən daha çoxdur və əksəriyyəti həyatını yaşaya bilmək üçün sevmədiyi işlə məşğul olmağa məcbur olur. Gürcüstan da postsovet ölkəsidir. Bütün postsovet ölkələrinin problemləri  bizdə də  var. Məsələn, mən aktyor kimi öz işimlə daha da ciddi məşğul olmaq istərdim. Çox yaxşı olardı ki, məsələn, bir film yox, 3-4 film çəkilsin. Seriallar da həmçinin. Çünkü burada  bütün aktyorlara və insanlara iş çatmır. Bura hələ ki, inkişaf etmiş ölkə deyil. Yəqin ki, hələ uzun zamandan sonra bura bizim istədiyimiz, məsələn, Avropada öyrəşdiyimiz kimi inkişaf edəcək.


-Bir neçə il əvvəl bizim ölkədə bir teatr aktyoru hakimiyyəti tənqid etdiyi üçün işdən çıxarıldı. Bunun ardından həmin teatrın baş rejissoru öz  müsahibəsində bunları dedi: “Aktyor nədir ki, onun siyasi baxışları olsun?” Maraqlıdır, Gürcüstan teatrlarında da belə  baş rejissorlar varmı? Ümumiyyətlə,  sizin aktyorlar  öz siyasi düşüncələrini açıq  ifadə edə bilirlərmi?


-Bilirsiniz, burada da hər şey siyasiləşdirilib və bu da bizim hamımız üçün problem yaradır. Hökümət  xüsusi fəaliyyət göstərməli olan qurumun işinə qarışmamalıdır.  Çünkü bu, azadlığa və  yaradıcılığa mane olur. Əgər biz konkret teatrdan danışsaq, bu, belə olacaq.  O ki, qaldı aktyorun siyasi fikrinə. Anlamadım. Siz əminsiniz ki, fikrinizi düzgün ifadə edirsiniz? Həmin rejissor aktyora kim yox, nə demişdi?


-Bəli, əminəm.

-Necə yəni? Rejissorun siyasi fikri ola bilər, aktyorun yox? Aktyor məgər anadan elə aktyor doğulub? Aktyor hər şeydən öncə yaşayan insan və vətəndaşdır. Siyasət isə birinci növbədə insana və şəxsiyyətə, daha sonra isə aktyora aidiyyatı olan gündəlik həyatdır. Ümumiyyətlə, teatr ölkənin gündəlik problemlərinə, aktual sosial mövzularına reaksiya verməlidir.  Klassik pyeslərdə bu var. Şeksprin yaradıcılığının yarısı siyasətlə bağlıdır. O rejissora çatdırın ki, əgər o öz sənəti və aktyor haqda belə düşünürsə, onun bu işdən anlayışı yoxdur. Ümumiyyətlə, siyasətlə maraqlanmayan və “mən siyasətə qarışmıram” deyən adamlara Qədim Yunanıstanda  yunan sözü ilə idiotos deyirdilər. Mən sizin suala beləcə də cavab verərdim. Çünkü aktyor hər şeylə məşğul olmalıdır, hər şeydən məlumatlı olmalıdır. Bunsuz olmur. Yaradıcı adam gündəlik həyatın nəbzini tutmalıdır, buna reaksiya verməlidir və sonra tamaşa qoymalıdır, ya da insanlar üçün aktual olan bədii əsələr yazmalıdır. O ki qaldı siyasi baxışlarına görə kimi isə işdən çıxarmağa.. Məncə, indi burada belə şey yoxdur. Bu, çox radikal tədbirdir. Amma hansısa siyasi ayrı-seçkilik burada da olur. Çünki hər bir aktyor fərqli siyasi baxışa sahibdir. Hansısa aktyorun öz siyasi baxışına və ya məntiqinə əks olduğunu görən rejissor onu sadəcə aktyor kimi əngəlləyə bilər. Məsələn, tamaşada rol verməz. Amma işdən çıxarmaq çox radikal addımdır.


-Siz hər şeydən öncə teatr aktyorusunuz. Kino, yoxsa  teatr sizə daha yaxındır?

Mən hər ikisini sevirəm. Amma bəzi fərqlər var. Filmdə bəzi şeylər sənə mane olur.  Filmdə sən nəyi isə daha böyük dozada gözləyirsən. Məsələn, film çəkilişində hansısa bir meydançanı hazırlayırlar, çəkirlər, sonra başqa bir səhnəni hazırlayırlar. Və bütün bunları gözləmək lazımdır. Amma teatr,  tamaşada oynamaq isə bir prosedurdur. Məşqlər daha məhrəm prosesdir. Düşünürəm ki, kinoda çox işləyəndən sonra teatra qayıtmaq istəyirsən. Açığı, teatrda işləmək adamı sakitləşdirir. Mən həm kinonu, həm teatrı sevirəm. Bəzən televizya və kinoda işləyirəm, teatr üçün darıxıram. Çünkü teatr yalnız əsl aktyorun anladığı başqa bir sehr, başqa bir sevgidir. Teatr təcrübəsi olmayan aktyor mənim nə dediyimi anlaya bilməz. Yalnız teatrı sevən aktyor məni başa düşər.


– Bildiyimə görə, hazırda həm gürcü kanallarında yayımlanan seriallarda çəkilirsiniz, həm də teatrda oynayırsınız. Bəs bədii film varmı?

Bu yaxınlara qədər televiziyada məşhur bir serialda oynayırdım. Hazırda mənim oradakı rolum yekunlaşıb. Film təklifi almışdım. Lakin bir gürcü rejissorla teatrda yeni əsər üzərində işləməyə başladığım üçün imtina etməli oldum. “Oscar”ın təqdimatından qayıdıb, teatrda işləməyə başlayacam.


-Yerli və beynəlxalq insan haqları təşkilatları bildirir ki, Azərbaycanda bu gün yüzə yaxın siyasi məhbus var. Onların arasında  hüquq müdafiəçisi, jurnalist , siyasətçi və fəallar var. Sonda bilmək istərdim: Gürcüstanda insan haqları ilə vəziyyət nə yerdədir?


 –

Düşünürəm ki, bizim ölkədə belə həbslər yoxdur. Burada hökümət əleyhinə olan çoxlu qəzetlər və televiziya kanalları var. Hər halda bizdə  bütün dünyada olduğu kimi maksimum demokratiya olmasa da, bu mənada demokratiya var.


-Müsahibəyə razılaşdığınız üçün təşəkkür edirəm.

-Mən sizə təşəkkür edirəm təklifiniz üçün.

Ana səhifəVideoGiorgi Nakaşidze:””Oscar”ı almasaq da, sevinəcəyik”