Giləzidə mərmi partlayıb, ölü və yaralılar ictimaiyyətdən gizlədilir

“Kənd sakinləri hərbi hissədə komandirə rüşvət verib dəmir, latun yığmaq üçün icazə alırlar”

Source: Meydan TV


“Kənd sakinləri hərbi hissədə komandirə rüşvət verib dəmir, latun yığmaq üçün icazə alırlar”

Martın 13-də Xızı rayonunun Giləzi kəndi ərazısində partlayan mərminin insan itkisinə səbəb olduğu bildirilir. İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə yaralanıb. Baş vermiş hadisə barədə ölkə ictimaiyyətinə hər hansı məlumat verilməyib.

Deyilənləri araşdırmaq üçün Giləzi kəndinə yollanan jurnalistlər faktı təsdiqləyəcək məlumatlar əldə ediblər. Məlum olub ki, hadisə nəticəsində həyatını itirənlərdən biri 1994-cü il təvəllüdlü Abdulla Əsəd oğlu Abdullayevdir.

Onun yaşadığı evin həyətində yas mağarı qurulub.

“Ağzımın şirin tikəsi balam,”- deyib haray çəkən ana oğlu haqqında danışa bilməyib.

Mərhumun yaxınları isə bu barədə çəkiliş aparılmasına və məqalə hazırlanmasına icazə verməyiblər. Ancaq onlar adlarının açıqlanmaması şərtilə hadisə haqqında danışıblar. Bildiriblər ki, olayla bağlı ictimaiyyətə məlumat vermələri qadağan olunub.

Məlum olub ki, 2017-ci ilin avqustunda Giləzi kəndindəki silah anbarında baş verən

partlayışdan

sonra ətrafa xeyli silah-sursat, dəmir parçaları səpələnib. Bundan sonra həmin ərazidə yaşayan gənclər dolanışıq yolu kimi həmin parçaları yığıb satmaqla məşğul olublar. Elə həmin yığım zamanı da silahlardan biri partlayıb.

Ərazi Sitalçaydakı N saylı hərbi hissəyə məxsusdur. Elə mərhumun yaxınlarını narahat edən də bu məsələdir.

“Necə hərbi hissədir ki, uşaqları ora buraxıblar? Pula görə buraxıblar”, – mərhumun yaxınları deyib.

Abdulla Abdullayevin yaxınları bildiriblər ki, kənd sakinləri dolanışıqları üçün hərbi hissədə komandirə rüşvət verib dəmir, latun yığmaq üçün icazə alırlar.

“Cavandır də, heç bir iş yeri yoxdur. Hamısı 5-10 manat pul qazanmaq üçün dəmir yığmağa gedib. İş yeri olsaydı, getməzdilər ora. Bakının kəndlərindən, Dəvəçidən gələnlər var. Qazıb dəmir çıxarmaq istəyərkən partlayıb uşaq. Demə altında bomba varmış. Bu uşaqları buraxmayın də ora. Elə onda gülləylə ayağının altına vur ki, gəlmə də yığmağa. Deyir, gətir mənə pul ver, gir, yığ. Əsgərin cibində iki-üç min pul olar? Sən aldın 2-3 mini qoydun cibinə, ana da aparıb balasını qoydu məzara”, – adının açıqlanmasını istəməyən qohum deyib.

İki il öncə sursat anbarında baş verən partlayışdan sonra Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə təmizlənmə əməliyyatları keçirilib. Ancaq mətbuatda gedən məlumatlara görə, hadisədən sonra da ərazidə partlamamış 1000-dən çox hərbi sursat, mərmi qalıqları aşkarlanıb.

Kənd sakinlərinin dediyinə görə, mina mütəxəsisləri mərmi qalıqlarını, böyük gilizləri hərbi hissənin ərazisinə toplayıblar. Ərazi əsgərlər tərəfindən mühafizə olunur. “Sakinlər isə gecə saatlarında hərbi hissə komandirinə və polisə pul verib dəmir məmulatları toplayırlar,”- kənd cavanlarından biri Meydan TV-yə deyib.

“Uşağın bədəni parça-parçadır. Qardaşlarına zəng vurublar ki, gəlib aparın. Sonra içəri buraxmayıblar ki, gedib gətirsinlər. Təcili Yardım da bir-iki saata gəlib çıxıb. O vaxta bunun orada qanı gedib. Dərhal aparıb xəstəxanaya çatdırsaydılar, bəlkə də ölməzdi,” – yaxın qohumlarından biri söyləyib.

“Xalan qurban, kaş əlil olaydın, sənə baxaydıq, amma ölməyəydin,” – məclisdə ağı deyən qadınlardan biri söyləyib.

25 yaşlı Abdulla musiqiçi olub. Qohumlarının sözlərinə görə, toylarda nağara çalırmış. Cəmi iki gün imiş ki, pul qazanmaq üçün dəmir toplamağa gedirmiş.

“Ürəksiz, qorxa-qorxa gedirdi,”- ailə üzvlərindən biri bildirib.

Yas mərasiminə toplaşan kənd sakinləri hadisə nəticəsində bir neçə adamın yaralandığını desələr də, ad çəkmək istəməyiblər. Yalnız onu deyiblər ki, bu barədə məlumat gizlədilir, açıqlamağa icazə verilmir.

“Hər hansı məlumat getsə, bizdən inciməyin,” – mərhumun yaxınlarından biri jurnalistləri hədələyib: “Öz günahıdır, getməyəydi, ölməyəydi”.

Meydan TV məsələ ilə bağlı Müdafiə Nazirliyindən cavab ala bilməyib.

ANAMA-dan verilən məlumata görəsə, onlar ancaq yerüstü təmizləmə əməliyyatı keçiriblər:

“Biz yeraltı əməliyyat aparmamışıq. Hökumətin tapşırığı əsasında işləyirik. Nə tapşırıq veriblərsə, onu da yerinə yetirmişik. Hərbi hissənin də bizə heç bir aidiyyatı yoxdur”, – qurumun ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Səbinə Sərkərova deyir. Onun sözlərinə görə, agentliyin əməliyyat keçirdiyi vaxtda zərərçəkən olmayıb.

Ana səhifəXəbərlərGiləzidə mərmi partlayıb, ölü və yaralılar ictimaiyyətdən gizlədilir