Getsin? Getməsin?

Əgər hakimiyyətə rəqibsinizsə, nə üçün parlamentdə bir nəfər müxalifətə daim rəğbət oyadacaq işıqlı bir millət vəkilinin olmasını istəmirsiniz?

Foto: Meydan.tv


“Mandatdan imtina etsin” tələbini irəli sürənlərdən soruşmaq istəyirəm

Bəşər tarixində Albert Eynşteyn qədər ağıllı sayılan ən çoxu on nəfər tapıla bilər. Sözümün canı odur ki, Eynşteynin hər sözünün hikməti var. Həmin bu Eynşteyn bir dəfə deyib ki, “eyni hərəkəti daim təkrarlayıb fərqli nəticə gözləyənlər Məcnundurlar”.

Bu kəlamın bizim ölkədəki siyasi şəraitə uyğun tərcüməsinə fikir verin: Eyni hərəkəti daim təkrarlayıb (məsələn, 2 min, 10 min, 50 min heç bir qurucu-yaradıcı proqramı olmayan zavallı insanın mitinqə toplaşıb “rədd olsun! İstefa! Bağırmasını) bundan fərqli nəticə (məsələn, Azərbaycanda demokratik hakimiyyətin peyda olmasını) gözləyənlər məcnundular.

Azərbaycanda hakimiyyətdə iki partiya arasında şıdırğı, fəqət yorğanaltı mübarizə gedir. Bu partiyalardan birini şərti olaraq mühafizəkar zoofillər, ikincisini qlamur modernistlər adlandıqmaq düzgün olar.

Birinci partiyanın liderləri deyir ki, hakimiyyəti götürmüşük, dövlətin bütün mərtəbələrini öz adamlarımızla ağzınacan doldurmuşuq, qalan əhalini əzib-əzib bihal etmişik, müxalifətin mütləq əksəriyyətini döyüb-döyüb konstruktivləşdirmişik, dəxi bundan artıq heç nə etmək lazım deyil, sadəcə neft-qaz və rüşvət gəlirlərini nuş eləyib Mehdi Sahibu-z-Zamanın gəlməsini gözləmək lazımdır.

İkinci partiyanın liderləri isə deyir ki, neft-qaz və rüşvət gəlirlərinin nuş edilməsi ilə biz də razıyıq, lakin bu zaman biz gərək çağdaş Qərbin bəzi zahiri qlamur əxlaq şərtlərinə (məsələn, “ye, ancaq insafla ye”, “danışanda ingiliscə qırıldat”, “xalq malının mühüm hissəsi Qərbin halal malıdır” və s.) əməl edək.

Hakimiyyətdə bu iki partiya öz arasında amansız mücadilə aparmaqda olsun, keçək bizim müxalifətə. Burada da iki əsas partiya (partiya blokları) cövlan edir.

Birincisi deyir ki, siyasi mübarizənin dünyada yeganə üsulu mitinqdir, buna ən parlaq sübut AXC-nin 1992-ci ildə hakimiyyətə gəlməsidir. Odur ki, seçki-zad bekara şeydir, əvvəl mitinqlə hakimiyyəti götürmək, sonra isə bir dənə gözəl seçki tamaşası təşkil edib çevrilişi legitimləşdirmək lazımdır.

İkincisi isə deyir ki, kal kütlə ilə demokratik dövlət qurmaq mümkün deyil, demokratik vətəndaş demokratik siyasi proses qazanında bişir, odur ki, seçkilərə qatılıb vətəndaşları oyatmaq, onları siyasi proseslərə qatmaq və yalnız legitim seçki ilə hakimiyyətə gəlmək düzgün yoldur.

Bu iki partiya arasında siyasi mübahisə getməyində olsun, keçək mətləbə.

Mətləb ondan ibarətdir ki, hakimiyyətdə olan bu iki partiya arasında münasibətlər o qədər gərginləşdi ki, ikinci partiya erkən seçkiyə gedib “kim kimi” məsələsinə aydınlıq gətirmək istədi. Boz kardinalın milli alimlərə rəis göndərilməsindən sonra belə təəssürat yaranmışdı ki, mühafizəkar zoofillər partiyası qlamur modernistlər partiyasına uduzur, lakin seçkilərin gerçək nəticəsi sübut etdi ki, mühafizəkar zoofillər partiyasının arxası çox güclüdür və onlar hələ də üstündürlər. Bu seçkidə qlamur modernistlər bir neçə məhdud miqyaslı uğur qazansa da, onların ümumi məğlubiyyəti total səciyyə daşıyır. Mühafizəkar zoofillərin zəfərinə söz yoxdur.

Bundan hansı nəticə çıxır? Qlamur modernistlər öz mütləq hakimiyyətləri naminə icra başçılarını, məktəb direktorlarını, xəstəxanaların baş həkimlərini addım-addım dəyişib bəndərgahları möhkəmlədəcəklər və şərait yeni və uğurlu döyüş üçün yetişəndə bu miskin və dişsiz Milli Məclisi dübarə buraxıb daha bir erkən seçki keçirəcəklər.

Yəni bu MM azı iki il fəaliyyət göstərəcək. 9 fevral 2020-ci il seçki şəbədəsinə etiraz üçün mitinq silahına əl atanlar isə amansızlıqla əziləcəklər.

Bu şəksiz aksioma müxalifətin hər iki cinahı qarşısında iki üsul arasında seçim qoyur: ya mitinqlərə gedib xub döyülmək və əzilib daha çox bihal olmaq, ya da təkamül yolu ilə irəliləyərək bivec iki hakim partiyanın öz bivec siyasəti ilə müxalifətə verdiyi imkanlardan istifadə edib gələn seçkiləri daha hazırlıqlı, daha mütəşəkkil və tədbirli qarşılamaq.

Məncə, parlament seçkilərindən sonra Azərbaycanda siyasi vəziyyətin mahiyyəti budur. Məhz bu mahiyyət indi cəmiyyətdə hallanan bir sualın cavabını labüd edir: seçkiləri halal udmuş Erkin bəy Qədirli Milli Məclis üzvünün mandatını götürüb digər 124 millət vəkili ilə bir zalda əyləşsin, ya da “kişi kimi” mandatdan imtina edib digər məğlubların sırasına qatılsın?

32 illik ictimai-siyasi həyatım boyu cəmiyyətimizin bu sadə sualın qarşısında Buridan eşşəyi kimi durub, ona cavabı mənasız dəlillərlə əsaslandırmaq cəhdlərinin saysız dəfə şahidi olmuşam. Hər dəfə də, təəssüflər olsun ki, cəmiyyətin əksəriyyətinin üstünlük verdiyi cavabın onun zəkasının 3-dən 5-ə kimi milli “ş” əmsalına uyğun gəldiyini görmüşəm.

“Mandatdan imtina etsin” tələbini irəli sürən zatlardan soruşmaq istəyirəm:


  1. Siz seçkidən hansı nəticə gözləyirdiniz? Əgər gözləyirdinizsə ki, hakimiyyət bu seçkidə saxtakarlıq və zorakılıq etməyəcək, bunun üçün hansı ağlabatan əsaslarınız var idi? Yox, əgər belə əsaslarınız yox idisə və buna rəğmən siz şəffaf və ədalətli seçkilərə ümid edirdinizsə, sizin psixiatrın adı və soyadı necədir?

  2. Siz hakimiyyətə rəqibsiniz, yoxsa Azərbaycan dövlətinə?

Əgər hakimiyyətə rəqibsinizsə, nə üçün parlamentdə bir nəfər müxalifətə daim rəğbət oyadacaq işıqlı bir millət vəkilinin olmasını istəmirsiniz?

Yox, əgər siz Azərbaycan dövlətinə rəqibsinizsə, onda həqiqətən bizim parlamentin yalnız və yalnız fəzailağamalılardan, fəttahheydərovlardan, hacımadərlərdən və asimmollazadələrdən ibarət və rüsvayi-cahan olması naminə Erkin bəy Qədirli öz halal mandatından imtina etməlidir.

Dilemma budur və başqa cür ola bilməz.

Yüz dəfə yazmışam ki, müxalifət maliyyə, inzibatı, informasiya və təşkilati baxımdan hakimiyyətdən qat-qat zəifdir. Güclü bir cəhəti var, o da zəka potensialıdır. Nə üçün müxalifəti özünün bu yeganə üstünlüyünü daim nümayiş etdirmək imkanından məhrum etmək istəyirsiniz? Siz kimə işləyirsiniz, hakimiyyətə, ya Azərbaycana?

Müxtəsər, mən qəti deyirəm: Azərbaycanın demokratik gələcəyi naminə, müxalifət düşərgəsində zəkanın dəyərini anlayan yeganə siyasi partiyanın nadir uğur fürsətini fotə verməmək üçün Erkin bəy Qədirli öz halal millət vəkili mandatını götürüb Milli Məclisə alnı açıq-üzü ağ getməlidir və oradakı fəaliyyəti ilə həm ona səs vermiş seçicilərinə, həm də seçkiyə qatılmayıb- gəlməyib seçki saxtakarlığı üçün hakimiyyətə gözəl fürsət vermiş nadanlara da göstərməlidir ki, dinc və müdrik siyasi mübarizə nə deməkdir.

Ana səhifəXəbərlərGetsin? Getməsin?