Rauf Mirqədirov: ”Hazırda Rusiya Amerikanın Qafqaz siyasətinin nədən ibarət olacağını bilmir”
Minsk Qrupu həmsədrlərinin bəyanatının ardınca amerikalı həmsədr Riçard Hoqland da 24-25 fevral tarixlərində atəşkəsin pozulmasından danışıb.
Diplomat bildirib ki, təmas xəttində baş verən son insident regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün tərəflərin tez bir zamanda danışıqları bərpa etməsinin vacibliyini göstərir.
Məlumatı
“armenpress.am”
saytı yayıb.
Riçard Hoqland həmsədrlərin 25 fevral bəyanatını xatırladaraq güc tətbiq edilməməsinə sadiqlik göstərilməsini deyib.
Həmsədrlərin bəyanatını və Riçard Hoqlandın açıqlamasını Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov bildirib ki, 2016-cı ilin aprelinə qədər cəbhə bölgəsində atəşkəs pozularkən həmsədr dövlətlər bəyanatla çıxış edirdilər və sakitlik yaranırdı:
“Baxın, gülünc görünür də, BMT Təhlükəsizlik Şurasının 3 üzvü – Amerika, Rusiya, Fransa birbaşa çağırışlar edir, amma nəzərə alınmır. Deməli, tərəflərdən biri bunu nəzərə almamaq göstərişi alıb”.
Siyasi icmalçı xarici işlər naziri Elmar Məmmədyarovun “regionda gərginlik dərəcəsi, ilk növbədə, Rusiyadan asılıdır” açıqlamasını xatırladaraq bildirib ki, hətta nazir Ermənistana yalnız Rusiyanın təsir edə biləcəyini, onun ardınca nikbin olmadığını, danışıqlara ümidsiz yanaşdığını da demişdi:
” Nazirin bəyanatı o deməkdir ki, əgər Kreml istəsəydi, işğal olunmuş ərazilər azad edilər, münaqişə də çoxdan həll olunardı. Deməli, gərginlik artırsa, bu, Rusiya ilə bağlıdır. Hazırda Rusiya Amerikanın Qafqaz siyasətinin nədən ibarət olacağını bilmir, ona görə də bölgədə mümkün qədər mövqelərini gücləndirməyə çalışır. Bu gücləndirmə isə münaqişə tərəflərinə təzyiq və təsir vasitələrilə mümkündür. Hər halda nazir Məmmədyarov rəsmi Bakının mövqeyini ifadə edir”.
R.Mirqədirov hesab edir ki, prezident Putin hazırda özünün və Rusiyanın maraqları çərçivəsində hərəkət edir. O, Trampın İrana qarşı siyasətinin kifayət qədər kəskin olacağını və Moskvanın seçim qarşısında qalacağını düşünür:
“Bu seçim Trampın timsalında Vaşinqtonun Tehrana qarşı aktiv siyasətini dəstəkləmək, yaxud ona qarşı çıxış etməkdən ibarətdir. İkinci variant Rusiya-Amerika münasibətlərinin istiləşməsini sıfıra endirəcək. Söhbət yalnız İrandan getmir, burda İsrail-Fələstin, ərəb münasibətləri də var. İranın isə bu siyasətinin yaxın vaxtlarda dəyişəcəyi ümidi görünmür. Bu çərçivədə Rusiya regionda mövqelərinin zəiflədilməsinin qarşısını ala bilməsə də, ən azı Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyir. Əsas səbəb vudur!