“Gərək oturanın ağzını “skoç”layaq ki, danışmasın”

Sükan arxasında söhbət etsəniz cərimələnəcəksiniz – nə az, nə çox – 40 manat. Yol hərəkəti qaydalarına göre, bu təzə xeber deyil. Amma son bir neçə gündə yenidən gündəmə gəlib.

Bu cərimə obyektinin müvafiq qanunda olmasından neçə sürücünün xəbəri var görən?

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, danışanları yol polisi vizual baxışla müəyyən edəcək. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yerli mediaya açıqlamasında bildirib ki, söhbət sürücünün sükan arxasında danışmasından getmir. Birmənalı olaraq sürücü üçün söhbət etməyin qadağası yoxdur. Burada məsələ diqqətin yayınmasına səbəb olan söhbətdə iştirakdan ibarətdir.

“Sual yaranır ki, o necə müəyyən olacaq ki, bu söhbət diqqəti yayındırır ya yox?”

Hüquqşünas Fərhad Mehdiyev bildirir ki, iş məhkəməyə daşınarsa, polis sürücünün diqqət yayındıran söhbət edib-etmədiyini sübut edə bilməz.

“Qanunda belə bir norma vardı. Dövlət yol plis işçisinin biri qərara gəlib ki, bunu tətbiq etsin.Ola bilsin vətəndaşı başqa səbəbdən saxlayıb, adam da etiraz edib. Polis işçisi deyib ki, sən qanunu pozursan, üstəlik sükan arxasında danışırsan da. Bu sırf qarşı arqument kimi bir arqumentdir. Əslində çox yersiz bir arqumentdir. İnsanın həqiqətən etdiyi söhbətin diqqət yayındıran söhbət olub-olmadığını kənardan görmək olduqca çətindir.Ən azından onun məzmununu kənardan eşitmək olmur.”

Cərimələrlə bağlı gündəmə gələn digər məsələ isə təmirə gedən avtomobillərin hansı hallarda arayış təqdim etmələridir. Usta Rövşən Əliyev deyir ki, arayış ancaq malyar, dəmirçi, rəngləmə işlərində istənilir. O da hər zaman yox.

Ekspert bildirir ki, bu qanun yol nəqliyyat hadisəsi törətmiş sürücünün qeydiyyatdan yayınmasının qarşısını almaq məqsədi daşıyır.

“Arayışın verilməsi çətin şərtlərə bağlanmamalıdır. Polis də işə vicdanlı yanaşmalıdır. Əgər şübhə yaradan hal yoxdursa, ləngitmədən arayışı verməlidir.

Fərhad Mehdiyev deyir ki, qanunda bu normalar olsa da, tətbiq olunmurdu. Bundan sonra da olunacağına inamı azdır.

Ana səhifəVideo“Gərək oturanın ağzını “skoç”layaq ki, danışmasın”