”Azərbaycan da Gürcüstandan asılıdır”

Altay Göyüşov
Altay Göyüşov



Gürcüstan-Azərbaycan münasibətləri nə yerdədir – Altay Göyüşov danışır


Əvvəlcə “Lanset” klinikasının sahibi Fərman Ceyranov həbs olundu, ardınca AXCP sədrinin müavini Gözəl Bayramlı saxlanıldı, mayın 29-da isə jurnalist Əfqan Muxtarlı həbs edilərək Bakıya gətirildi. Bunlar hamısı qonşu Gürcüstanda baş verdi.


Tarixçi-alim Altay Göyüşov iyunun 4-də Tbilisidən qayıdıb. ReAL İdarə Heyətinin üzvü müşahidələrini Meydan TV ilə bölüşüb.


– Altay müəllim, son 10 gündə siyasi gündəmin Azərbaycanla bağlı olduğu Gürcüstandan qayıtmısınız. Azərbaycanla bağlı həbslər Gürcüstanın siyasi həyatına təsir edibmi?

– Çox təmasım olmasa da, Əfqan Muxtarlının xanımı da daxil olmaqla bir sıra fəallarla görüşdüm. İctimai-siyasi atmosferə gəldikdə, təlaş var, hamı problemin həll olunmasını istəyir. Güman ona qalıb ki, Gürcüstanda vətəndaş cəmiyyəti hökumətə basqı etməklə cavab ala biləcək. Rəsmi Tbilisi isə məsələni sakitliklə həll etmək istəyir. Bu istiqamətdə müəyyən addımlar da atır. Məsələn, Əfqan Muxtarlının həyat yoldaşı Leyla xanıma vətəndaşlıq təklif etdilər. Hazırda durum qeyri-müəyyən olsa da, Gürcüstan hökumətinə təzyiqlər artır. Ümumiyyətlə, bu hadisə Gürcüstan hökumətinə çox böyük zərbə oldu. Mən iddia edə bilmərəm ki, hüquq-mühafizə orqanlarının bu məsələdə iştirakı olub, yaxud xəbərsiz idilər. Gürcüstan ictimaiyyətinin əksəriyyəti iddialıdır ki, müvafiq orqanların xəbərləri olub, əks təqdirdə, belə bir əməliyyatı həyata keçirmək mümkün olmazdı. Amma rəsmi Tbilisinin müəyyən cavabları olacaq, vəziyyətin belə qalacağını hesab etmirəm. Çünki olay çox böyüyüb. Təəccüblüdür, jurnalistə qarşı bu münasibətin bu dərəcədə böyüyəcəyini düşünməmək olardımı?! Amma hələ qeyri-müəyyən vəziyyətdir.


– Qeyri-müəyyənliyi yaradan nədir? Azərbaycan hökumətinin reaksiyaları, yoxsa Gürcüstanın rəsmi şəxslərinin bir-birindən fərqli açıqlamaları?

– Qeyri-müəyyənlik o mənada deyirəm ki, basqı altında olan Gürcüstan vəziyyətdən necə çıxacağını bilmir. Sözsüz ki, nə rəsmi Bakı ilə münasibətlərini korlamaq, nə də jurnalistin oğurlanmasının ictimai rəydə özünə qarşı istifadə olunmasını istəyir. Biz tərəzininin hansı tərəfinin ağır olacağını bilmirik. Qeyri-müəyyənliyin aradan qaldırılması rəsmi Tbilisiyə olacaq daxili və xarici basqılardan asılıdır. Xarici təzyiq öz yerində, Gürcüstan Avropa və Amerikadan ciddi şəkildə asılıdır. Amma daxili, ictimai rəy də əsas məsələlərdən biridir. Əgər ictimaiyyət bu məsələdə səfərbər olacaqsa, xarici təşkilatlar ona uyğun addımlar atacaq. Əgər daxildə məsələ unudulacaqsa, qərb təşkilatları da yaddan çıxaracaq. Amma indiki vəziyyətdə hadisə çox ciddi müzakirə predmetidir.


– Yəqin ki, ötən bir həftə Azərbaycan hökumətinin təbliğatçılarının açıqlamalarını oxudunuz. Əsas tezis budur ki, Gürcüstan Azərbaycandan enerji və digər məsələlərdə asılıdır.

..

– Deyilənləri oxumamışam. Amma Gürcüstanın Azərbaycandan asılı olmağı birmənalıdır. Elementar bir məsələni xatırlayaq, yola saldığımız qış aylarında Azərbaycan hökuməti qazla bağlı öhdəliklərini tam gerçəkləşdirdi. Bunun müqabilində azərbaycanlılar qaz almaqda problemlər yaşadı. İqtisadçılar bunu Azərbaycanın valyuta ehtiyacıyla əlaqələndirdilər. Amma hesab edirəm ki, problemin yaranmasına səbəb Azərbaycanın Gürcüstan qarşısında götürdüyü öhdəlikləri zamanında yerinə yetirməsidir. Bəli, Gürcüstan Azərbaycandan asılıdır. Sadəcə, bu birtərəfli asılılıq deyil. Azərbaycan hökuməti də Gürcüstandan asılıdır. O mənada ki, Azərbaycanın neft borusu qonşu respublikadan keçib Avropaya çıxır. Daha sonra Bakı-Tiflis-Qars qatarı açılacaq və bunlar birtərəfli yox, regional asılılıqdır. Ona görə bu münasibətləri bir tərəf korlasa, iki respublika üçün də pis olacaq. Məsələ ondadır ki, Gürcüstan hökumətinin nüfuzuna ciddi zərbə dəyib. Amma daha böyük geosiyasi məsələlər yoxdursa, bəlkə rəsmi Tbilisi Bakıdan izahat istəyir. Görünür, Bakı da istintaqın nəticələrini gözləməyi tövsiyyə edir. Ola bilər, istintaqı uzatmaqla sakitlik yaratmaq istəyirlər. Məncə, məsələnin sakitcə unudulması mümkün olmayacaq.


– Ümumiyyətlə, jurnalistin oğurlanması Gürcüstan və Azərbaycanda hansı siyasi şəraitin olduğunu göstərdi?

– Biz demokratiyanın, insan haqlarının nümunəsi kimi Gürcüstana baxırdıq. Yenə də region ölkələriylə müqayisədə orada durum daha yaxşıdır. Amma müşahidələrim son dövrlər geriləmənin olduğunu deyir, nəinki irəliləmənin. Bir tərəfdə Avropaya doğru addımladıqları haqda təbliğat var, bununla bərabər geriləmə də var. Sabiq prezident Saakaşvili tərəfindən aparılan ciddi islahatların dayandırılması mümkün olmasa, geriləmələr nəzərə çarpır.

Ana səhifəVideo”Azərbaycan da Gürcüstandan asılıdır”